Bu gün hakimiyyət Qubada sözün əsl mənasında əzələlərinin nümayişinə qalxıb – həbslərin, təqibetmələrin, qondarma məhkəmələrin ardı-arası kəsilmir. Qəribə bir vəziyyət yaranıb, altı ay əvvəl xalqın “səsinə səs verərək” Rauf Həbibovu vəzifəsindən kənarlaşdıran Ilham Əliyev hazırda onun reablitasiyası ilə məşğuldur.
Bəri başdan deyim ki, bu bir orta əsr diktatorlarına xas olan və çoxdan unudulmuş metoddur – əvvəlcə qəzəblənmiş xalq kütlələrinin şərtləri “qəbul edilir”, oxşar funksiyaları yerinə yetirən, vassal, yaxud vergi məmuru geri çağırılır, ara sakitləşən kimi əhaliyə divan tutulmağa başlanılırdı…
XXI əsrdə yaşadığımızdan, rejimin Qubaya tətbiq etdiyi metodlarda dəyişikliklər olsa da, etiraf etməliyik ki, ittiham və onun yaratdığı effekt eynən otra əsrlərdə olduğu kimidir.
…Fikir verirsinizsə, ölkə telekanalları mərhum Heydər Əliyevlə bağlı əlamətdar günlərdə “Böyük dayaq” filmini dönə-dönə nümayiş etdirir. Dahi aktyorların rol aldığı bu sarsaq sovet romanının ekran təcəssümü, sırf təbliğat xarakteri daşıyır. Yəni rəhbər ittiham edilə bilməz, insanlar dözməlidirlər və inanmalıdırlar ki, o dahi gec-tez səhvini düzəldəcək. Mövzumuz başqa olduğundan, filmin üzərində ətraflı dayanmaq istəmirəm, yalnız onu deyə bilərəm ki, Rüstəm kişinin Yastı Salman, lal Hüseyn və Kələntərlə əlbir olmadığını iddia etmək, elə Qubanın keçmiş icra başçısı Rauf Həbibova haqq qazandırmaq kimi bir şeydir. Nə qədər adsurd olsa da, rejim buna qərarlıdır…
Rauf Həbibovun qubalıları, eləcə də bütün xalqımızı qəzəbləndirən təhqiramiz bəzi fikirlərini yenidən oxucuların nəzərinə çatdırmaq istəyirəm. Buyurun, rejimin qubalılardan üstün tutduğu sevimli məmurunun dedikləri: “Quba çox biabır bir iş eləyib. Qubanı qubalılar 30-40 manat bazarlığa satıblar… Necə ki, bu gün də onların evinə gəlir həmin bazarlıq. Baxın, qubalılar həm öz torpağını satıb, həm öz dövlətini satıb, həm öz ailəsini satıb”…
Bəli, əziz oxucu, özbaşınalığın və tərbiyəsizliyin coğrafiyasında bundan sonrakı kənd varsa, siz söyləyin…
30-40 manatlıq bazarlıqla kimlərin evinə və nə üçün gedərlər? Bu ifadə mentalitet baxımından ən təhqiramiz bir ifadədir, qubalılar neyləməli idilər, susmalı idilərmi? Bəli, rejim sübut etməyə çalışır ki, onlar dözməli idilər, çünki o, prezidentin təyin etdiyi səlahiyyətlisi idi…
Məni heyrətləndirən isə, əslən qubalı olan deputat Vahid Əhmədovun hadisələrə münasibəti oldu. Görün qubalı olmağı ilə fəxr edən(!) deputat hadisələrlə bağlı nə deyir: “Mən təxminən yanvar ayının ortalarında bildim ki, Rauf Həbibov belə bir çıxış edib və insanlar narazıdır. Başqa məsələlər də olmuşdu. Insanlar qrup-qrup mənim yanıma şikayətə gəlmişdilər. Sonra isə ayrı-ayrı adamlar gəlib şikayət etdilər. Bundan sonra mən Qubadakı vəziyyətlə bağlı lazımi yerlərə məlumat verdim, rayonda vəziyyətin gərgin olduğunu nəzərə çatdırdım. Dedim ki, problemin böyüməməsi, vəziyyətin daha da gərginləşməməsi üçün məsələ həll olunmalıdır, icra başçısını başqa yerə köçürün, digər adamlarınıza da deyin ki, sakit otursunlar…”.
Sonuncu cümləni oxuyanda istər-istəməz, məşhur Siciliya əsilli amerikan yazar Mario Puzonun 1969-cu ildə… (xeyr, səhv etmirəm, tarix dəqiqdir – X.Ə.) çap olunmuş “Xaç atası” romanı yada düşür. Eyni fraza, eyni ifadə tərzi, ən əsası “problemin qoyuluşu” və onun “həlli yolu” ilə bağlı mülahizələrin oxşarlığı heyrət doğurur.
Bəli, qubalılar emosiyalarını cilovlya bilməyib, Rauf Həbibovun lüks villasını yandırıblar, amma onun evindən çıxan haram milyonlara və bir yük maşını şərab kolleksiyasına toxunmayıblar. Hüquq-mühafizə orqanları isə, məhz icra başçısının mentalitetə zidd çıxışındakı təhqirləri və onun hansı yolla bu cür sərvətə sahib olmasını araşdırmaq əvəzinə “günah keçisi” axtarmaqla məşğuldurlar, məlum çıxışı sosial şəbəkələrdə yayınlayanları, Bakını informasiya ilə təchiz edənləri, videogörüntülərə tuş gələnləri həbs etməklə məşğuldular…
Yanan mülkünü seyr edərək əlində meqafon əhaliyə yalvaran Rauf Həbibov obrazı ondan geri qalmayan başqa həmkarları üçün daima qorxu içində yaşamaq deməkdir.
Rejim bilməlidir ki, Qubanın yarısını həbs etsə də, o xof məmurun canından çıxmayacaq, çünki mal-mülk cəhənnəm, hamı gördü ki, o, təsadüf nəticəsində tapdalanmaqdan canını qurtardı…
Qisas yox, dərs almaq lazımdır, cənablar!