London Olimpiadası oyunları qısa müddətə gündəmi zəbt etsə də, ölkə ictimaiyyətinin yenidən əsas məsələyə – ölkədən qanunsuz çıxarılan 48 milyarda qayıtması, iqtidarı hövsələdən çıxardı. Indiyə qədər belə məsələlərə “əhəmiyyət” verməyən ölkə rəhbərliyi daha əvvəlki “təmkini” göstərə bilmir. Daha əvvəl xarici siyasətdə özünütəsdiqə hesablanmış spekulyasion bəyanatlara heç bir reaksiya gəlmədi, ABŞ, Rusiya, Iran, hətta Türkiyə zaman-zaman bostanlarına atılan “daşlara” “səssiz” qaldı. Əslində bu səssiz qalma elə cavab idi – yəni “dünyada gedən qlobal proseslərin ssenarisinə, Azərbaycan kimi kiçik bir ölkənin korrupsioner hakimiyyətinin istəyi ilə dəyişikliklər edilməsi, qəbuledilməzdiêr”. Bu səssizliyi iqtidar, daxilə qələbə kimi(!) sırımağa hazırlaşırdı ki, nüfuzlu beynəlxalq təşkilat “48 milyard dollar”ın yerini göstərdi.
Və elə o vaxtdan tayfa hakimiyyəti “ağır” beynəlxalq mövzulardan çəkilərək Azərbaycana “döndü” və ölkədaxili intriqalara start verdi. Məqsəd bu intriqalar sayəsində diqqəti əsas mövzulardan yayındırmaq və mümkün qədər ölkənin qalan sərvətlərini də çapıb talamaq idi.
AXCP sədri Əli Kərimliyə qarşı absurd bir ittihama, xalqın və ictimaiyyətin verdiyi reaksiyanın miqyası o qədər böyük oldu ki, hakim zümrə 2013-cü ildə vəziyyətin çıxılmaz olacağının dərk etdi. Hafiz Hacıyev və Fəzail Ağamalı tandeminin ümidinə qalan iqtidar artıq başa düşür ki, getmək zamanıdır. F.Ağamalı haqda hakimiyyətin digər təmsilçisi, ITV-nin direktoru Ismayıl Ömərovun dedikləri aktuallığını heç zaman itirməyəcək: “Fəzail Ağamalı bizi tərifləsəydi, onda cəmiyyətin, insanların gözündən düşərdik. Şükür, belə olmadı”. Zənnimcə, şərhə ehtiyac yoxdur. Bu haqda kifayət qədər yazıldığından, diqqəti başqa məsələlərə yönəltmək istəyirəm…
Etiraf etmək lazımdır ki, hazırda iqtidar siyasi hakimiyyət uğrunda mübarizədən çox, ölkənin qalan sərvətlərini də ələ keçirmək haqda düşünür. Oxşar rejimlərin tarixə gömülməsindən sonra onların qarşısında duran əsas məsələ ölkə ictimaiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaq və fürsətdən istifadə edərək, var-dövləti artırmaqdır…
Bu hakimiyyətin çapıb-talamaq bacarığı bizə onu deməyə əsas verir ki, ölkədən xaricə böyük məbləğdə sərvət çıxarmaq üçün bundan gözəl şərait ola bilməzdi. Əminəm ki, Panamada, Kanar və Havay adalarında hakim ailə üzvlərinin adına neçə-neçə yeni offşor şirkətləri yaradıldı.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Ilham Əliyev ölkədəki yeganə dayağının korrupsioner məmurlar olduğunun fərqinə vardı. Son vaxtlara qədər onların inhisara aldıqları sahələrə, himayə etdikləri məmurlara, nəhayət, banklarına edilən hücumlara hiss olunacaq şəkildə ara verilib. Artıq onların arasında da çəkişmələrdə də durğunluq nəzərə çarpır.
Məmurlar isə daxilən gərgin olsalar da, zahirən bunu büruzə verməməyə çalışırlar. Əslində, onların dəbdəbəli həyatlarına davam etməsi, əhaliyə qarşı bir psixoloji hücumdur. Lakin burada da yanlışlığa yol verirlər. Məsələn, ölkə daxilində daşınmaz əmlaka investisiyadan çəkinirlər. Xaricdə mülklərə və istehsal sahələrinə edilən yatırımlar, özəl uçaqların alınması, məmurların təşvişindən xəbər verir. Onlar demokratik dəyişikliklərin qaçılmaz olduğunu artıq qəbul edir.
Belə bir şəraitdə, hakim zümrənin “inkassator” (pul dağarcığı) nazirlərindən biri, nəqliyyat naziri Ziya Məmmədovun özünə şəxsi “Gulf stream” təyyarəsi alması isə, yuxarıdakı fikrimizdə yanılmadığımıza əyani sübutdur.
Bu, Azərbaycandan xaricə axıdılan pulun fantastik miqdarından xəbər verir. Ziya Məmmədov çapında məmur özünə qiyməti 50-100 milyon civarında dəyişən təyyarə alırsa, hakim ailəyə bu mövsümdə (!) çatacaq pulun miqdarını təsəvvür etmək o qədər də çətin deyil…