XXI əsr Azərbaycan çəpərləmələri “məmurların… insanları yeməsi ” ilə nəticələndi…
XVI əsr Ingiltərə tarixində kapitalist münasibətlərinin bərqərar olması məmurların iri torpaqlara sahiblənməsi ilə nəticələndi. Ölkəinin kənd təssərüfatı ilə məşğul olan zümrəsi ağır şərtlərə davam gətirməyərək, bir neçə ilin ərzində müflisləşdi və sürətlə “avaralara” çevrilməyə başladı. Tüdorlar sülaləsinin bu amansız islahatını o dövrün salnaməçiləri obrazlı şəkildə bu cür ifadə edirdi: “Qoyunlar insanları yedilər”. Marks isə buna ilkin kapitalın təmərküzləşməsi deyirdi. XVI əsrdə bu ədalətsizliyə qarşı Norfolk əyalətində kəndlilər yerli feodal Robert Kettin başçılığı ilə böyük üsyana qalxdılar, Kral qoşunları üsyanı qan içində boğdu. Ingiltərə bu üsyandan ibrət götürdü və gec də olsa, sonradan islahatlara getdi…
Oxşar, amma daha ədalətsiz çəpərləmələr isə təxminən 500 ildən sonra Azərbaycanda həyata keçirildi. Kolxoz sisteminin dağılmasından sonra onun əsas mülkiyyəti yerli əhali arasında bölüşdürüldü. Ilk baxışda ədalətli bölgü təsiri bağışlayırdı, lakin hadisələrin sonrakı gedişi mahiyyət etibarı ilə XVI əsr Ingiltərəsini xatırlatsa da, daha amansız idi. Dövlət kəndlilər üçün elə maneələr yaratmağa başladı ki, onlar yığılan məhsulun satışı zamanı becərməyə sərf etdiyi pulu çıxara bilmədilər. Od qiymətinə mineral gübrələr, təxminən üçqat qiymətə texnika, üstəlik, hazır məhsulun bazara çıxarılmasına bürokratik və repressiv maneələr kəndlinin torpaqlardan canını qurtarması ilə nəticələndi. Beləliklə, hakim zümrə ölkədəki bütün münbit torpaqları çox ucuz qiymətə ələ keçirdi. Bunun nəticəsində yüz minlərlə kəndli ailəsini dolandırmaq üçün paytaxt Bakıya, elə Rusiya və digər MDB ölkələrinə üz tutmağa başladı. Əyalət, demək olar, boşaldı.
Əyalətdəki əkin-biçin üçün yararlı münbit torpaqlarla yanaşı, Azərbaycanın səfalı torpaqlarını da hakim ailə və başqa aşağı ranqlı məmurlar tamamilə zəbt edib. Əgər əyalətdəki torpaqlar üçün onlar kəndliyə üç-beş quruş ödəyirdilərsə, sonuncu əraziləri havayı olaraq zəbt edib, özlərinin və yaxınlarının adlarına sənədləşdiriblər.
Xəzər dənizinin Bakıdan Salyana, eləcə şimal istiqamətlərindəki sahilləri büsbütün hasarlanıb, Azərbaycanın sadə insanı üçün dənizi seyr etmək artıq problemə çevrilib. Barmaqla sayıla bilən pulsuz çimərliklər mövcuddur ki, onlar da adətən, iri kanalizasiya borularının dənizə töküldüyü yerdə olduğundan sadə insanlar, bəzən çimməkdən çox sahil boyunca gəzərək, pulsuz olan təmiz guşə axtarmaqla məşğul olur. Əgər belə getsə, bir neçə ilə sadə insanlar tamamilə dənizə həsrət qalacaqlar.
Abşeronun səfalı guşələrini isə, iri məmurlar çoxdan tutub. Təkcə Novxanıda rejimin iri və ağsaqqal məmurlarının biri 161 hektar torpaq sahəsini hasarlatdırıb, “qara gün” üçün saxlayır. Bu məmurun kimliyini müəyyən etmək isə, düşünürəm, yazını diqqətlə oxuyanlar üçün o qədər də çətin olmayacaq.
Ölkədəki korrupsiya və rüşvətxorluğa qarşı “mübarizə aparan” digər bir məmur isə, bu yaxınlarda təkcə Novxanıda 14-cü villasını tikdirib başa çatdırdı. Hətta bu villalara aparan yola şlaqbaum da qoydurub. 14 rəqəmi üzərində azca düşünən oxucular, bu məmurun da kimliyini asanlıqla təxmin edə bilərlər.
Bəli, artıq işğal olunmayan ərazilərimizin 80 faizini də məmurlarımız hasarlayıb. Qalan yerlər isə yaşayış məskənləri və yararsız torpaqlardır. Lakin gözləri doymur, buldozerlə sadə insan məskənlərinə hücum çəkirlər. Bir məmurdan 161 hektarın hesabını sormaq əvəzinə, zavallı bir vətəndaşın eni-boyu 10 metr həyətini yerlə-yeksan edirlər.
Maraqlı olan budur ki, Qarabağda ermənilərin, Azərbaycanda isə məmurların işğal etdikləri ərazilərin 90 faizindən heç bir məqsəd üçün istifadə olunmur. Hər ikisi sanki Azərbaycan vətəndaşları üçün gözdağıdır.
Hər ikisi azad edilməlidir, hansından başlamağın isə elə bir fərqi yoxdur.