Sən demə, Azərbaycan demokratiyası göyün yeddinci qatında imiş
Bu yaxınlarda Imişli rayonu sosial təminat şöbəsinin əməkdaşları külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edildi və həbs olundular.
Bəlkə də inanmayacaqsınız, amma bu sahədə çalışan subay bir gənc üçün evlənmək belə problemə çevrilib, çünki heç kəs potensial məhbusa qız vermək istəmir. Belə bir rəddetmənin şəxsən şahidi olmuşam, ölkədə gedən proseslərdən az-çox xəbəri olan ata nə qızının göz yaşlarına baxdı, nə də gənc “sobes” işçisinin valideynlərinin şirin dilinə. Adam haqlıdır, çünki bu sahə doğrudan da çox təhlükəlidir.
Təsəvvür edirsinizmi, Imişlinin keçmiş “sobes” işçiləri saxta kartla pul götürərkən bankomatlara quraşdırılmış kameralara, son bir ayda nə az, nə də çox, cəmi 3000 dəfə yaxalanmışdılar. Qırılmayan bir aptek şüşəsinə və ortada heç bir görüntü olmaya-olmaya gənc AXCP fəalını iki il həbs edən hüquq-mühafizə orqanlarının “sobes” səbrinə qibtə etməmək mümkün deyil. Bu sistemdə 5 ilə yaxındır işləyən və hələ də azadlıqda olan bir köhnə tanışım mənə dedi ki, tamahını cilovlaya bilirsənsə, uzun müddət işləmək mümkündür. Onu da əlavə etdi ki, istənilən “sobes” işçisini həbs etmək çox asandır, mən elələrini tanıyıram ki, kamera onu 4000 dəfə “qeydə ala” bilər, amma bu adamın tamahının “sərhədi” var, tabesində olduqlarına etdiklərinin dəqiq “hesabatını verir”. Bəli əziz oxucu, sərhədin uzunluğu 3000 cinayət faktı ilə məhdudlaşa bilər, yetər ki, yuxarıdakıların bundan “xəbəri” olsun…
Tələbəlik illərindən, orta məktəbdən tanıdığım və hazırda məmur olan çoxlu tanışlarım var və onlarla təsadüfi olsa da hərdən üz-üzə gəlirəm. Rejim bu insanları o qədər dəyişdirib ki, heyrət etməyə bilmirsən, onlar adi insanlarla danışdığı zaman da vəzifənin ab-havasından çıxa bilmirlər. Penitensiar Xidmətin mayoru olan keçmiş tələbə yoldaşımız bir məclisdə özündən asılı olmayaraq, bizimlə dustaq kimi danışır, başqa bir polis zabiti isə, adamı uzun-uzadı sorğu-suala çəkir, ancaq sual verir və konkret cavab tələb edir.
Hazırda YAP-da kifayət qədər ciddi post tutan, bir vaxtların məsum tələbəsi olan “dostumuz” isə, bir yas yerində Neft Şirkətinin sökdüyü evlərə, bu işin başında duran Rövnəq Abdullayevdən də sərt münasibət bildirdi və əlavə etdi ki, sevinsinlər ki, xəbərdarlıq edib sökürlər(!).
Bəli, rejim öz məmurlarını zombiləşdirib və əlinə sanki dəyənək verib, göndərib xalqın üstünə. Özü də təkcə xalqın yox…
…Bu günlərdə “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisi Mikayıl Cabbarovun Türkiyənin “Hürriyyet” qəzetində barəsində yazılanlara verdiyi cavabla tanış oldum. Istanbul-Barselona istiqamətində uçan, 11 min metr yüksəklikdə, füsunkar stüardessaya qarşı kobudluqda ittiham edilən məmur hədəfə düşüb və görünür, bundan çox narahatdır. Müdafiə xarakterli yazı başdan-başa qanadlı frazalar, savadlı cümlələrlə doludur. Mikayıl müəllimin qəribə bir məntiqi var, deyir ki, “mən hökumətimiz və dövlət başçımız kimi, demokratik dəyərləri tam qəbul edirəm” və bu səbəbdən heç bir təhqirdən, söyüşdən söhbət gedə bilməz. Sonrakı cümləyə diqqət edin: “Mən mətbuat azadlığına, insan azadlıqlarına hörmətlə yanaşıram”.
Mikayıl müəllim desəydi ki, “Neftçi” “Barselona”dan güclü komandadır – bu, daha inandırıcı görünərdi, çünki adıçəkilən komandalar hələ qarşılaşmayıblar və yəqin ki, yaxın on ildə bu mümkün deyil.
Stüardessadan və yazardan şikayət verməyi düşünən Mikayıl müəllimin nəzərinə bir-iki faktı çatdırmağı özümə borc bilirəm.
Əvvəla, “Azərbaycan hökuməti, prezidenti, eləcə də Mikayıl müəllim demokratdır, məhz bu səbəbdən “stüardessa Ceyda günahkardır və ”Hürriyyət” qəzeti cərimə olunsun” qərarını yalnız Yasamal Rayon Məhkəməsi verə bilər.
Istanbul Məhkəməsi isə, buraxın stüardessa ilə konfliktinizi, sizi demokratiyanı təhqirə görə cəzalandıra bilər, hörmətli Mikayıl müəllim…