Nə Hüsnü Mübarək, nə Qəzzafi, nə də artıq sayılı günlərini yaşayan Bəşər Əsəd vəziyyətləri nə qədər ağır olsa belə, geri addım atmadılar.
Və hazırda növbəsini gözləyən başqa oxşar rejimlər, başda Azərbaycan olmaqla eyni dirəniş göstərirlər, zərrə qədər də olsun islahatlara getməyəcəklərini açıq-aşkar bəyan edirlər və əsrarəngiz bir sükutla hadisələrin gedişini izləməklə məşğuldurlar.
Əminəm, sona qədər belə olacaq. Sadəcə bir misal çəkim, illərdir Bakıda marşrut avtobuslarının yalnız dayanacaqlarda dayanacağı və avtobusların vaxtlı-vaxtında gələcəyi haqda boğazdan yuxarı danışılır, vədlər verilir və ən əsası, böyük pullar yeyilir. Hətta dayanacaqlara guya yüz milyonlara başa gələn gözdağı monitorlar da quraşdırılıb. Amma 19 ildir ki, vəziyyət dəyişməyib və Əliyevlərin hakimiyyətdə qalacağı təqdirdə bu, 19 il sonra da belə olacaq. Səbəb sadədir – avtobusların yalnız dayanacaqlarda dayanması və dəqiq qrafiklə işləməsi bu rejimin süqutunun başlanğıcı ola bilər, çünki insanlar adət etmədiyi duruma düşəcəklər, qanuna ən primitiv səviyyədə əməl olunması, beyinlərdə çoxlu sualların əmələ gəlməsinə səbəb olacaq…
Və bunun baş verəcəyi təqdirdə, avtobusdan düşüb, Mənzil-Istismar Sahəsinə arayış almağa gedən vətəndaş burada da qanuna əməl olunmasını tələb edəcək, rüşvət verməmək üçün dirəniş göstərəcək. Sonra məktəbdə ondan rüşvət tələb edən müəllimə rədd cavabı verəcək və öz müdiri ilə qanunun dili ilə danışmağa başlayacaq.
Korrupsiyalaşmış rejimin mühərriki çox həssasdır – kiçik bir vintin boşalması belə, ümumilikdə bu sistemi çökdürməyə qadirdir.
Hazırda AzTV başda olmaqla ölkənin bütün kanalları yorulmadan Avropanın inkişaf etmiş ölkələrində əmək haqlarını artırılması, təhsil haqqının aşağı salınması tələbi ilə çıxış edən və konkret sahəyə aid insanların piketlərini bu inkişaf etmiş ölkələrin faciəsi kimi qələmə verməyə çalışır.
Ayda 4 min avro alan mədən işçisi daha min avro artıq maaş üçün küçəyə çıxdığı bir vaxtda, təxminən 300 avro alan Azərbaycan vətəndaşının xoş güzəranından danışmaq, razılaşın ki, rejimin eybəcərliyindən başqa bir şey deyil.
Hakim zümrənin ideoloqları hazırda çəkinmədən son nəzəriyyələri ilə cəmiyyətə çağırış etməklə məşğuldurlar. Bu təlimin adı qorxudur – onlar hazırda demokratik dəyişikliklərin arzusunda olan cəmiyyətin cəzalandırılacağı və vətəndaş qarşıdurmasının yaranacağı xofunu yorulmadan təbliğ etməklə məşğuldurlar. Misal da çəkilir, qanlı qarşıdurmalarla zəngin ərəb inqilabları. Xatirinizdədirsə, bu ölkələrdə demokratik dəyişikliklərə start verilən zaman “Azərbaycan Tunis deyil”, “Azərbaycan Misir deyil”, ora deyil, bura deyil… tezisləri baş alıb gedirdi. Hazırda isə oxşarlığı etiraf etməkdən başqa çarə olmadığını anlayıblar.
Əslində elə həmin inqilablardan qorxuya düşən iqtidar, ötən il rüşvətə və korrupsiyaya qarşı(!) kampaniyaya başlamışdı. Təxminən on gün dözə bildilər, 11-ci gün rejim səhvinin başa düşdü və təcili olaraq yenidən rüşvəti bərpa etdi. Bəli, “yanlış addım” idi – orta səviyyəli məmurlara(!) şamil edilən bu kampaniya ölkədə vətəndaş həmrəyliyinin katalizatoru rolunu oynamağa başlamışdı. Bir neçə həftə kifayət edirdi ki, insanlar meydanlara çıxsın və rejimi silib-süpürsün, lakin iqtidar vaxtında ayıldı və rüşvət üçün daha yüksək tariflər müəyyən etdi…
Hazırda rejim ideoloqları 19 illik avtoritarizmdən qurtulmağın asan olmayacağı ilə xalqı hədələməyə başlayıblar. Bununla hardasa razılaşmaq olar, rejim dirəniş göstərəcək və qarşıdurma yaratmağa cəhd edəcək. Başqa tərəfdən, rejimin “professor”-ideoloqları on-on beş oliqarxın hər birinin öz qoçu dəstəsi ilə xalqın önünə çıxıb, bəşəri bir prosesi önləyə biləcəkləri haqda dayanmadan xütbələr oxuyurlar.
Razılaşın ki, rejimin kapitalı sürətlə ölkədən çıxarması fonunda, bu nəzəriyyələr “donqili” və boyat təsiri bağışlayır…