YAP 48 milyarddan sonra dəyişib…
Suriyadan yenicə dönən, “anası namaz üstə ikən doğulan” səfirimiz Mahir Əliyev çox qısa, bir az əsəbi, lakin maraqlı açıqlama verib. Rejim həmrəyliyinin potensial qurbanı olmaqdan son anda qurtulan səfirin qısa müsahibəsi ürəyimdən oldu. Mən də olsam elə edərdim. Hələ bir az da irəli gedib deyərdim ki, heç narahat olmayın, hər şey Bəşər Əsədin kontrolu altındadır, televiziyalardakı kadrlar Liviyadan çəkilmiş süjetlərdir. Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovu isə, qırağa çəkib qulağına pıçıldayardım ki, “şef Bəşərin sənə xüsusi salamı var və o, hələ də o görüşün təsiri altındadır”.
Zarafat bir yana, az qala səfirimizi itirəcəkdik. Dəməşqin nə vəziyyətdə olduğuna işarə edən səfir çox sakit şəkildə deyir ki, oradan son çıxan diplomat mən oldum. Bundan sonra Suriyadakı son durum haqda sual, razılaşın ki, yersizdi, lakin müxbir israr edincə, ən kritik anda belə əsəblərini cilovlaya bilən mahir diplomat suala bənzər cavab verir: “Mən peyğəmbər deyiləm ki?”.
Bu, Azərbaycanda bütün kəsimləri qane edəcək bir yanaşmadır, hətta mən deyərdim ki, ilk baxışda iqtidarı belə sakitləşdirə biləcək bir cavabdır, yəni vəziyyət qeyri-müəyyəndir, Əsədin şansları heç də tükənməyib, dualarınızı da nəzərə alsaq, o qalib gələ bilər.
Əsədin getməsini istəyənlər, yəni demokratik qüvvələr üçün də bu cavab qənaətbəxşdir – Əsəddən allah da üz döndərib, hətta peyğəmbər də cəsarət edib, cənabi-alinin yanında bu məsələyə qayıtmağa cürət etmir…
Əlbəttə, hamıya gün kimi aydındır ki, 17 min insanın ölümünə səbəb olan Əsəd, dahi bəstəkarımız Ələkbər Tağıyevin məşhur mahnısının sədaları altında son günlərini yaşayır, hətta bu gün belə onun ya öldürülməsi, ələ keçirilməsi, ya da qaçması haqda xəbəri eşidə bilərik.
Səfir Mahir Əliyev real vəziyyəti danışa bilməz, sizi inandırıram ki, müxbir, xalq hərəkatının marşına çevrilmiş Ələkbər Tağıyevin “qal sənə qurban”ı haqda ona sual versəydi belə, cavab təxminən belə olacaqdı – “bunu ilk dəfə sizdən eşidirəm”. Çünki o bir avtoritar və Əsəd Suriyası ilə hələ də qardaş olan rejimin diplomatıdır. Mən bu yazını yazmamışdan əvvəl onun 2010-cu ilin fevral ayında APA-ya verdiyi müsahibəni oxudum. Türkiyə üzərindən Suriyaya ildə 1 milyard kubmetr qaz nəqli, Azərbaycan-Suriya qardaşlığı, biznes əlaqələri.., ədalət hissindən uzaq olmayaq – Nəsiminin məqbərəsi müsahibənin əsas tezisləri idi. Onda hələ Tunisdə meyvə satmağa məcbur olan kompüter mühəndisi özünü yandırmamışdı, hər şey avtoritar rejimlərin istədiyi kimi gedirdi və onların dostluq və qardaşlıq tablosunu Bəşər Əsəd-Novruz Məmmədov “familyarlığı” uğurla tamamlayırdı.
Hiss olunacaq dərəcədə əyilən Əsəd və həmin istiqamətə doğru gərilən Novruz Məmmədovun sonrakı hərəkətlərinin adı öpüş, rejimlərin izdivacı idi.
Kim bilir, bəlkə də bu öpüş səbrləri daşırdı, çünki demokratik dünya artıq belə öpüşlərə dözümsüzlük göstərir…
YAP-ın jestini qiymətləndirmək lazımdır…
Mən həmişə bu mövzudan bəhs edəndə məşhur rus təmsilçisi Krılovsuz ötüşə bilmirdim. Güman edirəm ki, bu dəfə Krılov məni bağışlayar. Beləliklə…
Bu yaxınlarda Qərb təxminən bir ay əvvəl öz banklarına Azərbaycan oliqarxlarının “qara gün” üçün xalqdan oğurladıqları(!) 48 milyardla “pənah gətirdiyini” açıqladı. Ardından Londonda keçirilən Olimpiadada yaşanan başqa biabırçılıqlara şahid olduq. Müxalifət olaraq, YAP hücumundan müdafiəyə(!) hazırlaşsaq da, qarşı tərəfin “artilleriyasından” səs gəlmədi.
Cib müxalifətinin Iranla və adını bir gün mütləq çəkəcəyim qəzetin(?) Qarabağla gündəm dəyişdirmə cəhdlərinə baxmayaraq, YAP və ona yaxın mətbuat susdu, dəstək vermədi və mənə elə gəldi ki, bu, Ictimai Palata-YAP həmrəyliyidir. Istəyirəm yanılmayım, çünki…
Əsas məsələ, diktatorların mindiyi sükansız qatarları, platformadan uzaqlaşmamış tərk edib önların əsirliyindən azad olmaqdır.