Gedəndə idmanınızı da özünüzlə aparmağı unutmayın!
Mən Azərbaycanın idman rəsmilərinin Londonda bilet alveri, idmançılarının isə uğursuz çıxış etmələrində təəccüblü bir şey görmürəm. Bu qurumu “formalaşdıranlar”ın çoxu tələbə yoldaşlarım olduğundan, ən əsası, idmandakı rəzalətə biganə qala bilmədiyimə görə bəzi məqamları oxucularla bölüşməyi özümə borc bilirəm.
Səhv etmirəmsə, nazirlik yaradılandan bir il sonra ora yolum düşmüşdü. Gözlərimə inanmadım, sanki tarix fakültəsinə gəlmişdim, məndən aşağı kurslarda oxuyan, yaxından və üzdən tanıdığım onlarla tanışım təəccüblə (!) mənə baxırdılar. Təəccüblənməyə isə haqqı olan mən idim…
…Məlum oldu ki, hər şey Bakı Dövlət Universitetinin tarix fakültəsinin o zamankı dekan müavini, hazırda Turizm Akademiyasının rektoru Cəfər Cəfərovun yeni yaradılan nazirliyə Baş Idarə rəisi gəlməsi ilə başlanıbmış.
Cəfər müəllim “əliboş” gəlməyib, özü ilə məntiqə görə tarixçi olmalı çoxlu tələbəsini burada işə düzəldib. Onları yaxından tanımağım və hansı sahədə “qabiliyyət” sahibi olmalarını bildiyimə görə heyrət içində idim…
Oxuduğum beş il müddətində BDU-nun və fakültəmizin idman həyatında fəal iştirak etmişəm və bu beş ildə buradakı tanıdığım “tarixçi-idmançıların” heç birisinin əynində nə idman forması görmüşəm, nə də onlara universitetin hər hansı bir idman kompleksində rastlamışam. Mən məsələn, tanınmış hüquqşünas Erkin Qədirlini burada görsəydim, qətiyyən təəccüblənməzdim, indi də o fikirdə qalıram ki, o, futbolla professional məşğul olsaydı, hətta Avropada da oynaya bilərdi. Buradakı tanıdıqlarımın hər biri idmanla heç uzaqdan əlaqəsi olmayan insanlar idi.
…Orada olarkən daha bir dəhşətli fakt qarşısında qaldım – məlum oldu ki, bunların hər biri nazirliyin müxtəlif sahələrinə bilavasitə rəhbərlik (?) edirlər və onların içində ən vəzifəlisi… hazırda nazir müavini, məndən 2 kurs aşağı oxuyan digər tarixçi… Intiqam Babayevdir. Universitetə daim əlində “diplomat”, gözündə eynəklə gələn bu şəxs, xatirimdə pencəyi və qalstuku yayın istisində belə çıxarmamaqla (!) qala bilmişdi. Normal, mədəni təsir bağışlayan bu şəxsi idmanımıza cavabdeh etmək, sadəcə cinayətdir, mən buna başqa ad verə bilmirəm, bu adamı işə götürəndə, eynəkdən istifadə etməklə, topu 11 metrlik nöqtədən boş qapıya(!) göndərə bilmək qabiliyyəti(?) yoxlanılmalıydı, yaxud heç olmasa idmanın bir neçə növünün adını çəkməsi tələb edilməliydi.
…Nazirliyin daha bir ağır “topu” olan digər tələbə yoldaşım illər öncə London səfəri haqda danışanda, onun məhşur “Uembli”də olub-olmadığını soruşdum. Cavab son dərəcə “lakonik” oldu – “yox, başqa şəhərdə olmadıq”(?).
Təsəvvür edirsinizmi, son 10 ildə idmanın inkişafına… 1 milyard manat pul ayrılıb, amma bu “inkişaf” nədənsə məmurların sifətlərində və məişətlərində hiss olunur. Qoy bu pulun yarısı yeyilsin, amma qalan yarısına nələr etmək olardı…
Hazırki iqtidarın topa tutduğu 92-ci ildə Barselona Olimpiadasına 5 nəfərlə qatılan idmançılarımız, iki qızıl medal qazandı, çünki idmanımızın başında peşəkarlar dayanırdı. 1993-cü ildə Brazilyada qadınlar arasında voleybol üzrə dünya çempionatına qatılan komandamız uğurla çıxış etdi.
Bu qədər böyük resursla planetin ən sürətli atletlərindən biri olan gənc həmyerlimiz Ramil Quliyev ölkədən didərgin salındı, çünki idmana cavabdeh məmurlar ona xərclənəcək pulda “perspektiv” görmədilər.
Milli idman növümüz olan güləşdə və digər növlərdə bu qədər əcnəbi olması idmanımızın ən şübhəli məqamlarından biridir.
Milyonlarla pul xərcləyib, əcnəbi voleybolçu qızları Bakıya gətirib, onlara bizim demək idman mazoxizminə ən parlaq nümunədir.
Idmanımıza cavabdeh olan YAD-lar israrla sübut etmək istəyirlər ki, bizdə idman yoxdur, ümid əcnəbilərədir.
Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya belə, Londonda iki günə 3 qızıl almağı bacardı, çünki iş işi bilənlərə tapşırılıb.
Bizdə isə, idmanı məmurlar öz səviyyələrinə endirib…
Ardı mütləq olacaq…