“Qəzəlxan” filmində belə bir epizod var – Əliağa Vahidin də tərkibində olduğu təbliğ teatrının kəndə qastrol səfəri zamanı gənc aktrisa onları qarşılamağa gələn kolxoz sədrinə elə ilk təmasda “pas” verir, yəni isti münasibətlərə açıq olduğunu “bəlli” edir. Kolxoz sədrindən də əvvəl bunu sezmək məharətinə sahib olan Vahid bir gün sonra onları “bir yerdə” tutur və aktrisaya qeyrət-namus barəsində nəsə söyləməyə cəhd edir. Aktrisa Vahidin gözləmədiyi bir şəkildə hər şeyi etiraf edir, deyir: “Sənin başına soyuq dəyib, ortada sevgi- filan yoxdur, sadəcə mən acından ölmək istəmirəm. Və səfərimiz zamanı mənim kolxoz sədrləri, yaxud kavaler (oynaş – X.Ə.) qismində peyda olacaq digər vəzifəlilərlə münasibətlərimə qarışma, get meyxananı de”.
Vahid çıxılmaz vəziyyətə düşür, çünki ortada səmimi etiraf var idi, QADININ BIR SIFƏTI VAR IDI və əsla özünü təmizə çıxarmağa çalışmırdı. Hətta belə bir fikir söyləməyə də cəsarət edirəm ki, insidentlə(?) bağlı dahi qəzəlxanın kadrarxası bir ibrətamiz beyti də artıq idi.
…Başlıq kimlərisə tənqid atəşinə tutmaq anlamına gəlməsin, məsələyə bir az fərqli şəkildə yanaşmaq və avtoritar rejimin insanları necə zombiləşdirməsi haqda danışmaq istəyirəm.
Hazırda bütün varlığı ilə iqtidara yarınan qələm sahibləri, ideoloqlar, hətta millət vəkillərinin bir çoxu ilə eyni vaxtda Bakı Dövlət Universitetində oxumuşam, sonra da mətbuatda çalışdığım zaman bu insanlarla tanışlığım olub. Etiraf edim ki, onların çoxu o zaman müstəqil fikirləri olan, ədalət hissindən qətiyyən məhrum olmayan dostlar idi. Bu insanların çoxu ilə sonda birlikdə, “qaraya qara, ağa ağ” deməyi bacarırdıq. 1993-cü ilin iyununda, Milli Məclisə yenicə sədr seçilmiş mərhum Heydər Əliyevin ilk mətbuat konfransında Mirşahin ona Yeltsinin məlum kitabı ilə bağlı sual verəndə də zalda idim. Heydər Əliyevi heç vaxt bu qədər sinirli, əsəbi görməmişdim, o, hətta Mirşahinə “düzəliş” eləməyə də imkan vermədi, çox biabırçı şəkildə onu zaldan qovdu (Məşhur rejissor G.Daneliyanın “Pasport” filminin baş qəhrəmanı Merab Papiaşvilinin Israildə gürcü toyundan qovulması süjetinə baxanlar bu səhnəni asanlıqla təsəvvür edə bilərlər).
Illər sonra mərhum Elçibəy ANS-ə müsahibə verərkən – “fağır prezident düşmüşdü əlinizə, döşəyirdiniz ağına-bozuna baxmadan” deyəndə həmin hadisəyə işarə edirdi.
Ad çəkmirəm, Elçibəyin vaxtında bir jurnalist döyülmüşdü, onu elə “kompensasiya” etdilər ki, bəzi jurnalistlər zarafatla “belə döyülməyə dəyər” deməkdən çəkinmirdilər.
Lap bu yaxınlarda bir tələbə yoldaşımızın övladının kiçik toy məclisində, məndən bir neçə kurs aşağı oxumuş, hazırda mətbuat xidməti rəhbəri olan şəxs oturduğum stola yaxınlaşdı və… Eynulla Fətullayevin özünün belə imtina etdiyi, hansısa saytda yazdığı yazını guya mənim yazdığımı iddia etdi və qınamağa başladı. Sonra foyedə məndən üzr istədi, iki uşağının xroniki xəstə olduğunu, kirayədə qaldığını, quru maaşla dolandığını, şefinə nifrət etdiyini və bu səbəbdən əsəbi olduğunu söylədi…
Illər öncə, “Yeni Azərbaycan”ın baş redaktoru Xeyrəddin Qocanın YAP hakimiyyəti haqda fikirləri məndə onun anormal olması haqda təsəvvür yaratmışdı. Lakin bir neçə il əvvəl yazıçı Xeyrəddin Qoca ilə “Xətai” metrosu yaxınlığında bir özəl nəşriyyatda söhbət etmək imkanı buldum və etiraf edim ki, şok oldum. Fikirlərini gözəl ifadə etməsi, ədalət hissi, dünyagörüşü ilə mənə gözəl ziyalı təsiri bağışladı…
Bu insanları topa tutmağın əleyhinəyəm, məncə, səbəb rejimin mahiyyətindədir, o, tamahkar insanları tora salaraq onları tükənənə qədər istismar edir…
Hazırda əli qanlı, son günlərini yaşayan Bəşər Əsədə rəğbət üçün Nəsiminin Hələbdəki qəbrinin dağıdılma təhlükəsi qabardılır.
Və onu bombalaya biləcək yegənə şəxsin Bəşər Əsədin olacağı isə “unudulur”.
Bu “narahatlıq” rejim üçündür, əks halda Bakıdakı bazar da yada düşərdi…