Ümid edək ki, bizə növbə çatanda o banklar “Vahidbank”ın gününə düşməsın…
Illər əvvəl televiziyada Sabir Rüstəmxanlı AXC Heyətinin üzvü kimi(!) etdiyi çıxışda maraqlı bir tezis irəli sürmüşdü. O iddia edirdi ki, əgər Azərbaycanın sərvətləri ölkədə qalsaydı, həmin məbləğə alınan qızıl Azərbaycanın bütün sahəsini 7 santimetr qalınlığında örtməyə yetərdi. Təxminən 22-23 il bundan əvvəl deyilmiş bu fikir insanların meydanlara axışmasına hesablansa da, heç də populist şüar deyildi, sadəcə 1-2 santimetrlik (!) yanlışlıq ola bilərdi. Hazırda biz bunun şahidi olmaqdayıq və Azərbaycan prezidentinin sərvətləri artıqca, ölkənin var-dövləti haqda rəqəmlər də dəyişilir. Artıq bu mütənasiblik elə bir sürət alıb ki, çatdırmırıq(!), xaricdən bizə “yardım edirlər” və bu məlumatlar hər həftə yenilənir…
Elə bir neçə gün əvvəl hakim ailənin 19 il ərzində ölkədən qeyri-leqal, yəni gizli yolla çıxardığı sərvətin bir hissəsini Britaniyanın “Ədalətli Vergi Sistemi” adlı təşkilatı açıqladı. Məbləğ isə nə az, nə çox, düz 48 milyard dollardır. Bu pulun hər bir azərbaycanlının həyatını nə qədər dəyişə biləcəyi haqda bəlağətli fikirlər söyləməyəcəm, çünki əminəm ki, əksər vətəndaşlarımız əlinə kalkulyator alıb, Əliyevlər ailəsinin gələcək rifahı üçün nəzərdə tutulmuş bu məbləğin xalqımızın hansı dərdlərinə çarə ola biləcəyini qəpiyinədək hesablayacaqlar.
Sual olunur, Qərb indiyə qədər bu pulların varlığı haqda susurdu, niyə açıqlamırdı və ən əsası, niyə məhz indi açıqlayır? Və bunu nədən məhz Britaniyadakı təşkilat açıqlayır? Axı hər kəsə məlumdur ki, məhz azərbaycanlı oliqarxların təkcə Londonda olan mülklərinin dəyəri yüz milyonlarla ölçülür. Diqqəti çəkən daha bir məsələ ondan ibarətdir ki, onlar bunu Ilham Əliyevin Londonda olduğu vaxt etdilər, marqlıdır, deyilmi?
Müxtəlif versiyalar irəli sürülsə də, cavab eynidir – Qərb Azərbaycanı demokratik dünyanın bir parçası kimi görməkdə israrlıdır və bunların heç biri təsadüfi deyil.
Əvvəlcə məşhur bir Qərb maliyyəçisinin bu cür pullarla bağlı dediyi – “Qərb istənilən ölkədən gələn milyardları məmnuniyyətlə banka qoyur, sonradan o pulun hansı yollarla əldə olunduğunu da araşdırır”- fikrini nəzərinizə çatdırım.
Və budur, Qərb Azərbaycan xalqına işarə edir ki, heç narahat olmayın, pullar, mülklər nəzarətdədir və siz bu pulların əsl sahibisiniz. Mən bunu gəlişigözəl sözlər kimi demirəm, oxşar vaqielər artıq “dəvələri olmüş” ərəb diktatorların, demək olar, hamısının başına gəlib.
…Liviyanın keçmiş diktatoru Müəmmər Qəzzafinin oğlunun təxminən iki il əvvəl Isveçrədə istirahət edərkən xidmətçi qadını necə amansızcasına döyməsini yəqin ki, xatırlayırsınız. Balaca Qəzzafini Isveçrənin hüquq-mühafizə orqanları həbs etdi. Ata Qəzzafinin atdığı addım isə çox maraqlı idi, o, Isveçrə banklarındakı ona və ailəsinə məxsus milyardlarını geri götürmək qərarına gəldi. Pulun miqdarı o qədər çox idi ki, isveçrəli rəsmilər ölkə iqtisadiyyatının bundan etkilənəcəyini gizlətmədilər. Və qarşı tərəfə hücuma keçdilər – bu pulların xalqa aid olduğunu ona xatırlatdılar. Münaqişə yoluna qoyuldu, bala Qəzzafi yuvasına döndü, milyardlar və xidmətçi qadın Isveçrədə qaldı. Fikrimcə, Qərb elə o vaxtdan despotik rejimlərin necə böyük təhlükə olduğuna bir daha əmin oldu.
Qəzzafi rejimi çoxdan devrilib, pulların böyük bir qismindən xəbərlər gəlməkdədir, Italiya, Almaniya, Kanada ABŞ və digər dövlətlər xalqa məxsus sərvəti qaytarmağa söz veriblər. ABŞ və Almaniya səhv etmirəmsə, artıq bu prosesə başlayıb. Mütəxəssislər müxtəlif səbəblərdən ölkədən çıxarılanların 75%-nin qayıdacağına ümid edirlər.
Demokratiyaya qədəm qoyan digər ərəb dövlətləri də eyni aqibətlə üzləşdilər.
Avtoritar rejimlərdən yenicə qurtulan ərəb ölkələri Qərb banklarında yatıb qalmış milyardlardan imtina etməsələr də, onların qaytarılması üçün xüsusi canfəşanlıq da göstərmirlər, çünki onlar demokratiyanın “keyfini çıxarırlar”.
Dua edək ki, bizə növbə çatanda Qərb bankları başımıza “Vahidbank” oyununu gətirməsinlər…
Əlbəttə, bu bir zarafatdır, amma razılaşın ki, demokratiya və azadlıq naminə onsuz da “bizim olmayan” milyardlardan keçməyə dəyər.