Rauf Həbibovdan başlayıb yanğınla davam edən “ilahi müdaxilə” davam edir…
Təxminən on gün əvvəl, daha dəqiq desək, iyulun 15-də Azərbaycanda gedən bəzi proseslərin qeyri-adiliyi, daha çox mistikaya bənzəməsi haqda köşə yazısı yazmışdım.
Ondan bir az əvvəl isə Ismayıl Ömərov-Fəzail Ağamalı qarşıdurmasından bəhs edən “Ismayıl Ömərovdan Maradonasayağı açıqlama” adlı yazımda birincinin əsrarəngiz açıqlamasını futbolun canlı əfsanəsi Maradonanın, DÇ-86 zamanı əli ilə vurduğu qola verdiyi o məşhur şərhi ilə müqayisə etmişdim.
Bəli, “rejimin qaydaları” pozulmuşdu, onlar bir-birlərinin şəxsində aid olduqları qurumların daşını daş üstə qoymamışdılar. Hakimiyyətin Milli Məclis və Ictimai Televiziya kimi mühüm atributlarına layiq olduqları qiyməti, sanki… Əli Kərimli yazmışdı, onlarsa sadəcə oxuyurdular.
Maradonanın əliylə vurduğu qol Argentinaya qələbə gətirmişdisə, deputat və televiziya rəhbəri hakimiyyətə mühüm ideoloji zərbə vurdu. Oxşar hadisələrin tez-tez təkrarlanmasına heyrət etməmək mümkün deyildi…
“Növbə” insan haqları üzrə ombudsman Elmira Süleymanovaya çatdı. O, Ziya Məmmədovun zavodunda dörd barmağını itirmiş sadə vətəndaşın tapdanmış haqlarının Heydər Əliyev fondunun rəhbərliyi tərəfindən bərpasına münasibət bildirərkən, onu “çox uğursuz bir yuxu” kimi qiymətləndirdi.
Bu ərəfədə (!) Milli Məclisin iqtisadiyyat komissiyasının sədri Ziyad Səmədzadə “Kommersiya sirri haqqında” qanuna “antiXədicə” dəyişikliklərin qəbulu zamanı son məsləhətləri birbaşa Prezident Adminstrasiyasından aldığını tribunadan söyləməklə ali qanunverici orqan haqda həqiqəti söylədi və keçmiş deputat, Arzu Səmədbəylinin tarixi çıxışını “kölgədə qoydu”.
Bir ay əvvəl isə (?!), baş nazirin müavini Əli Həsənov iri məmurları onların narkoman övladları ilə hədələmişdi.
Və sonda bu mistik qarşıdurmaların “el-klassiko”su, yəni unudulmaz “Barselona”-“Real” matçları qədər nəfəsləri kəsən Məleykə Abbbaszadə-Misir Mərdanov dueli “ilahi müdaxilə”yə ən bariz nümunə idi. “Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir” qıfılbəndi ilə müşayiət olunan bu “deyişmələrdə”, rejimin təhsil genosidinin ən xırda detalları açıqlandı.
Hakimiyyətin qətiyyən yaxına buraxmadığı, az qala dövlət sirri kimi saxladığı məsələləri bu sahələrə cavabdeh şəxslərdən (?) eşitməyə başladıq. Sanki onlar Tanrının dərgahında idilər və yalan danışmağın bədəlini, əbədi tonqalda yanmaqla ödəyənləri gözləri ilə görürdülər. Yeri gəlmişkən, yanğın barədə…
H.Əliyev mərkəzindəki yanğın bu “müdaxilə”nin keyfiyyətcə yeni mərhələsidirmi?
H.Əliyev mərkəzinin lenti mayın 10-da kəsilsə də, məlum oldu ki, tikinti hələ başa çatmayıb. Bəlkə də maydakı “lent və qayçı” mərasimi olmasaydı bu yanğına yanaşma bir az başqa cür olacaqdı. Bu yanğının kədər və sevinc səbəbləri ilə bağlı yazım olacaq, hələliksə, bugünkü mövzumuzla bağlı iki yanğın detalını nəzərinizə çatdırmağı özümə borc bilirəm, buyurun…
Fikir verdinizsə, Heydər Əliyev mərkəzində baş verənlərlə əlaqədar həmin gün oraya təşrif buyuran nazirlər və digər rəsmilər susdular. Təkcə Hacıbala Abutalıbovdan başqa. O da danışmadı, hönkür-hönkür ağladı…
Lakin bir neçə saat sonra… gənc və təcrübəsiz deputat Fuad Muradov APA-ya müsahibəsində merin göz yaşları haqda, danışdı və… ardınca bəhs etdiyimiz “mistik mexanizm” işə düşdü, onun sonrakı ifadəsinə diqqət edin: “…insanların bu hadisəyə sevinməsini anlaya bilmirəm”. Bəli, gənc deputat insanların sevinməsini etiraf etdi, çünki “danışan” o deyildi, Hacıbalanın ağlamaqla canının qurtardığı “ilahi qüvvə” idi. Mən bir il əvvəl “Hacıbalanın sirri”adlı köşə yazımda onun qeyri-adi qabiliyyəti haqda yazmışdım. Və indi də sözümün üstündə dururam, “hazırkı rejimin devrilməsinə o elə bir tərzdə sevinəcək ki, demokratlar onu dərhal postundan kənarlaşdırmağa ürək etməyəcəklər, deyəcəklər ki, ”xalq başqa cür başa düşər, bir az gözləyək”…
Çox yaxında isə Fuad Muradovun isə neçə yaşında(?) və necə deputat seçilməsi, parlament haqda həqiqətləri ya onlar özləri “açacaq”, ya da bunu M.Pənahov edəcək. Çünki hiss olunur ki, hər şeyə qadir Tanrının növbəti hədəfi Milli Məclisdir.