Ermənilərlə işbirliyi – böhtan və reallıq
Kiçik bir ölkə olduğumuzdan hakimiyyətdəkilərin, eləcə də siyasi səhnədə olanların milli mənsubiyyətini təyin etmək o qədər çətin deyil. Istər qarışıq ailə olsun, istər milli azlıq və yaxud da başqa millətin nümayəndələri, fərq etməz, cidanı çuvalda gizlətmək olmaz. Heç kimə sirr deyil ki, buraxın Azərbaycanı, təkcə Bakıda erməni qarışığı olan 30 min ailə yaşayır. Pis də yaşamırlar, olsun… Bu gün anası, yaxud nənəsi erməni olan vətəndaşın, fikrimcə, heç bir günahı yoxdur. Bu, taledir, biz bu həssas məqamlara vətəndaş mövqeyindən yanaşmalıyıq və düşmənlərimizin əlinə heç bir əsas verməməliyik. Yeri gəlmişkən xatırladım ki, YAP-dan fərqli olaraq, müxalifət partiyalarında bu kəsimdən olan insanlar mövcud deyil…
Olsaydı belə, bunu normal qəbul etmək olardı, baxmayaraq ki, iqtidar məmnuniyyətlə bundan ucuz şou düzəldərdı…
Lakin bu gün Azərbaycanın dövlət qurumlarında onları saymaqla bitməz. Mühüm postlar tutanların adları hər kəsə bəllidir. Hətta erməni dayıları ilə hər ay Tbilisi, Moskva, Londonda və s. şəhərlərdə görüşənlər də var. Onlar daha yüksək postlarda çalışan, imkanlılardır və belələri az deyil. Bu igid oğlanların dayıları da Bakını su yolu ediblər.
Bəli, Azərbaycan Xalq Cəbhəsi hələ 1990-cı ilin 13 yanvarında günahsız erməni ailələrinin Bakıdan köçürülməsində bilavasitə iştirak etmişdi və bu prosesin kifayət qədər xatasız ötüşməsində önəmli rolu danılmazdır. Mən şəxsən bunun canlı şahidiyəm. Sonrakı və son təmas cəbhə bölgəsinə təsadüf edir…
Hakimiyyət nümayəndələri isə, Azərbaycan müxalifətinə qarşı son “ideoloji silahı” olan – “ermənipərəst qüvvələrlə işbirliyi” ifadəsindən əl çəkmirlər. Bu, acizliyin əlamətidir. Əvvəlki ittihamların köhnəldiyini artıq özləri də etiraf edirlər.
Hakimiyyətlərinin ilk illərində irəli sürdükləri ittihamlar hazırda o qədər gülünc görünür ki, insafən bu barədə artıq danışmırlar. Gələn kimi 6 rayonu ermənilərə peşkəş etdilər, neft müqavilələrini böyük güzəştlə imzaladılar, ölkəni korrupsiya və rüşvətxorluq yuvasına döndərdilər.
Yadınızdadırsa, ilk illərdə belə ittihamlar səsləndirirdilər – rüşvətə qurşanmışdılar, güllə səsindən çölə çıxa bilmirdik, əxlaqsızlıq baş alıb gedirdi və s.
Cəbhədəki məğlubiyyətlər, rüşvətin görünməmiş miqyası, əxlaqsızlığın hər sahəyə sirayət etməsi onları susmağa vadar etdi. Çünki bu üç termin ətarfındakı istənilən polemika, özünüifşa xarakteri daşıyacaqdı ki, fikirləşdilər, sussaq yaxşıdır. Tbilisi prospekti boyunca məlum rəzalət, ABU-nun Dubay filiali (qızlar üçün), intim xidmətlər göstərən saysız-hesabsız obyektlər YAP hakimiyyətinin əsas “nailiyyətlərindən” və qazanc mənbələrindən idi…
Iqtidarın müxalifətə qarşı irəli sürdüyü “ermənipərəst qüvvələrlə işbirliyi” ittihamı əxlaqa, etik normalara daban-dabana ziddir. Heç şübhəsiz, bu ittihamları səsləndirənlər bir gün cavab verəcəklər.
Vətən uğrunda canını qurban vermiş minlərlə AXC üzvünün ruhuna hörmətsizlik edən iqtidar rəsmiləri hələ də düşünür ki, bu böhtan effekt verir. Bu, şizofreniyadan başqa bir şey deyildir. Tarix başqa şey deyir…
AXC hakimiyyəti zamanı Yerevanın baş meydanında elə gün olmurdu ki, Elçibəyin müqəvvası yandırılmasın. AXC hakimiyyəti ermənilərlə vuruşurdu və təxminən 300 milyonluq büdcə ilə müharibə aparmaq hər kişinin işi deyildi. Bu, saxtalaşdırılması mümkün olmayan tarixdir, əksini söyləmək sadəcə vicdansızlıqdı.
Hazırda erməni rəsmiləri açıq şəkildə etiraf edir ki, Azərbaycandakı korrupsiya və rüşvətxorluq, Qarabağ sarıdan bizi arxayın etdi. Yəni rejim heç vaxt zülm etdiyi əhalini silahlandırıb üstümüzə göndərməz. Bu risk YAP iqtidarı üçün hakimiyyətdən getməkdən də betərdir. Daxilə hesablanmış süni vətənpərvərliyin eybəcər təqdimatı əslində buna xidmət edir. Telekanalların bayağı vətənpərvərlik təbliğatı əsasən itirilmiş torpaqlara biganəliyə hesablanıb. Məhz onun nəticəsidir ki, dünyanın heç bir ölkəsində əsgər atası orduda yaralanmış oğlunu bankdan götürdüyü kreditlə müalicə etmir, Azərbaycandan başqa…
Sizcə bu ermənilərlə işbirliyi deyilmi?