Məzuniyyətdən qayıdacaq Qərb siyasiləri üçün “sürpriz”…
III yazı
Ölkədə yeni həbslər dalğası başlayıb. Son olaraq, “şanlı” polisimiz, daha bir AXCP fəalı Bəhruz Həsənovu ağlasığmaz dərəcədə primitiv üsulla şərləyərək, sübutsuz-filansız həbs etdi. Çox güman ki, bu da son olmayacaq, iqtidarın siyasi ideoloqlarının “şübhələndiyi” başqa fəalları da həbs etməyə cəhd göstərəcəklər. Müxalifətlə dialoqdan qaçan iqtidar ideoloqlarının əsas vəzifəsinin polislə işbirliyində olduqları bir daha məlum oldu.
Bütün proqnozlar özünü doğrultdu, hakimiyyət heç bir dialoqa getməyəcək. Köhnə qaydada prezident seçkilərini yola verməyə çalışacaq və əvvəllki yazımızda sadaladığımız kimi, diqqəti həbslərə, süni yaradılmış problemlərə yönəltməyə çalışacaq. Lap bu yaxınlarda prezident Ilham Əliyev kommunikasiya xətlərinə yaxın, neft mədənləri yaxınlığında yerləşən evlərin sökülməsini qanuniləşdirən fərman da imzaladı.
…Və Qərbin bu sürprizə sensasion cavabı
Bütün bunlar prezident seçkiləri ərəfəsində həyata keçiriləcək bir çox mətləblərdən xəbər verir – iqtidar xarici aləmdən tam təcrid olunmuş Azərbaycan yaradır və Qərblə bazarlığa hazırlaşır. Bu təsadüfi deyil, hakimiyyət antiQərb siyasətini nə qədər gücləndirsə də, Qərblə hesablaşmaq məcburiyyətindədir. Lakin Qərb iki gün əvvəl iqtidara elə bir sürpriz yapdı ki.. Belə ki, dünyanın ən nüfuzlu qəzetlərindən olan “The Washington Post” (bunu iqtidara ən yaxın qəzetlər də etiraf edirlər – X.Ə.), məhşur “Associated Press” agentliyi ilə birlikdə Azərbaycanın qəbul etdiyi “Eks prezidentlər haqqında” qanunu şərh edib. Çox qısa və net şəkildə qəzet, bu qanunun əslində Ilham Əliyev və onun ailəsi üçün nəzərdə tutulduğunu vurğulayıb. Devrilmiş diktatorların hakimiyyətlərininin son aylarında oxşar bəyanatların səsləndiyini xatırlasaq, düşünürəm, şərhə ehtiyac yoxdur. Qərbdən əlini çoxdan üzən iqtidarın bütün manevr imkanları artıq tükənib. Qalır mümkün qədər çox dirəniş göstərmək…
Vahid namizəd “ideya”sının iflası qələbəmizdir
Gürcüstanda Şevardnadze rejiminin son günləri yəqin ki, yadınızdadır – hazırkı prezident M.Saakaşvili Ali Sovetə daxil olan müxaliflərdən bir neçə addım öndə gedirdi. Həmin ərəfədə ölkədə 3 güclü müxalifət lideri var idi. Saakaşvili onların ən gənci idi. Lakin həlledici məqamlarda qəbul etdiyi ekstremal qərarları, möhtəşəm natiqlik qabiliyyəti ilə özünü xalqa sevdirə bildi və hadisələrin sonrakı gedişi göstərdi ki, heç xalq da yanılmayıb. Şevardnadze ölkədən yox.., postundan getdi, ölkədə azad seçki şəraiti yetişdi və demokratik ənənələrin əsası qoyuldu.
Tarixdə despotik rejimlərin demokratik, azad seçkilərə getmə praktikası(!) mövcud deyil və dəyişikliklər müxalifət və xalqın birgə fəaliyyəti zamanı həyata keçirilir. Ən yaxşı halda keçid və yaxud etimad hökuməti azad seçkiyə qədər bütün məsuliyyəti öz üzərinə götürür. Mən keçən yazımda Fəzail Ağamalının da azad seçki şəraitində prezidentliyə namizəd ola biləcəyini istisna etməmişdim. Tamamilə mümkündür ki, rejim dəyişikliyindən sonra o və yaxud başqa birisi, müəyyən eloktoratı olan artıq keçmiş iqtidar tərəfdarları (gözəl səslənir, deyilmi? – X.Ə.) üçün bir təsəlliyə çevrilsin…
Azad seçki müxalifətin, eləcə də cəmiyyətin hər hansı bir nümayəndəsinə qələbə şansı tanıyır və xalqın eyni qüvvələri təmsil edən bir neçə namizəd arasında seçim etməsinə şərait yaradır. Diktatura rejimlərinə əlvida deyən müsəlman ölkələrinə baxın – necə gözəl demokratik proseslər gedir. Ölkəni idarə etmək məsuliyyətinin nə qədər ağır olduğunu anlayan inqilab liderlərinin bəziləri könüllü surətdə seçki marafonunda iştirakdan imtina ilə nüfuzlarını qoruyub saxladılar.
Hətta demokratiyaya əsrlər öncə mərhaba deyən Qərb ölkələrində də belə olmamışdı, belə ki, onlar diktatorları yola saldıqdan sonra çoxsaylı seçkilərə gedərək, mərhələ ilə məqsədlərinə nail olmuşdular…