2010-cu ildə 120 nəfər vahid namizədimiz var idi
I yazı
Misir xalqı Hüsnü Mübarəki tarixin arxivinə göndərəndən sonra keçirdiyi ilk prezident seçkisi ilə dünyanı bir daha heyrətləndirməyi bacardı. Azad, demokratik seçkiyə rejimin yıxılmasında xidmətləri olan bütün siyasi qüvvələrin namizədləri qatıldı, əvvəlcədən bəyan edildi ki, seçkilərin nəticələri qəbul ediləcək. Və Qərb standartlarına uyğun seçkilər keçirildi. Ölkəyə təxminən bir il ərzində rəhbərlik etmiş keçid hökumətinin başçısı Əhməd Şəfiq təxminən 3 faizlik fərqlə, Məhəmməd Mursiyə məğlub oldu və rəqibini, yəni Misirin indiki prezidentini təbrik etdi. Beləliklə, Yaxın Şərqdə ən böyük diktaturanın xarabalıqları üzərində “ikinci Türkiyə” yarandı.
Keçmiş diktator Hüsnü Mübarəkə də misirlilər belə şans tanımışdılar – yəni Mübarəkin… Məhəmməd Mursini təbrik edib, ona uğurlar arzulayıb, siyasətdən getdiyini elan edərək, Qahirə ətrafindakı iqamətgahına köçməsi hardasa mümkün idi…
Yaxud Suriyanın əli qanlı diktatoru Bəşər Əsəd niyə belə bir imkandan yararlanmadı, könüllü olaraq Qəzzafinin taleyini yaşamaq israrını hər addımda sübut edir.
Siyahı uzundur, amma ssenari eynidir – tarixdə diktatorlar heç zaman müxalifəti qələbə münasibəti ilə təbrik etməyib, yəni “ölüm” fərmanını heç vaxt özü imzalamayıb və bunun üçün müxalifətə ən kiçik şans belə verməyib.
Ömürlük həbsə məhkum olunmuş Mübarək və oxşar aqibəti yaşaya biləcək oğulları (onlardan biri hətta varis də elan edilmişdi) hakimiyyətləri zamanı qətlə yetirilmiş 20 minə yaxın vətəndaşa görə nə xalqdan üzr istədi, nə də Mursini təbrik etdi. Onlar hələ də düz yolda olduqlarını(!) zənn edirlər.
Mətləbə keçməmişdən öncə…
Bu günlərdə yaxın qohumumla şəhərdə gəzərkən ağsaçlı, təxminən 70-75 yaşlarında kişini mənə göstərərək – “məni partiyaya bu adam keçirib” dedi və ona yaxınlaşdı. Məlum oldu ki, bu qoca ölkənin ən tanınmış raykom katiblərindən biri olub, hazırda təqaüddədir. Keçmişi xatırladılar, təxminən saat yarım söhbət etdilər. Qocanın gözlərinin yaşarmasına səbəb olan epizodu oxucularla bölüşmək istəyirəm.
…Mərhum Heydər Əliyevin sevimli kadrı olan bu keçmiş raykom katibinin də, sən demə, özünün də yetişdirdiyi bir kadrı varmış. Bu “perspektivli” kadrın bir rayona rəhbər təyin olunacağı vaxt… respublika rəhbərliyi dəyişir və onların hər ikisi tutduqları postları təhvil verməli olurlar. Nisbətən cavan kadr az sonra mütəllibovçuların “saqqızını” oğurlayır və bir rayona rəhbər gedir. Buna sevinən “müəllimi” eyni zamanda, yetirməsininin onu ziyarətə gəlməsini səbirsizliklə gözləməyə başlayır. Heç bir həftə keçmir ki, ziyarət gerçəkləşir. Hal-əhvaldan sonra ustadından getmək üçün izn istəyən yeni icra başçısı, stolun üstünə ağ dəsmala bükülmüş bir bağlama qoyur – “bu sizə çatacaq, ilk işimdir”, deyir. Bağlamanı açan ağsaqqal, orada 12 min dollar görür…
Təxminən 22 il əvvəl olmuş bu əhvalat onun gözlərini yenidən yaşartdı və o, təxminən bir neçə dəqiqə danışa bilmədi.
1993-cü ildə qocaman kommunist yenidən “dirçəlir” və kifayət qədər ciddi posta təyin olunur, lakin yeni nəsillə ayaqlaşa bilmədiyindən 5-6 il oncə həmişəlik təqaüdə çıxır…
Hazırkı reîjim həmin illərin altyapısından qidalanmış, daha aqressiv və nə zamansa təqaüdə çıxmağı ağlına belə gətirməyən… komandadan (yeni nəsildən) ibarətdir.
Əsası 1969-cu ildə qoyulmuş bu avtoritar sistemdə, hazırda rüşvətin miqdarı rəqəmlərin sonuna artırılmış qorxunc sıfırlarla ölçülür.
Devrilmiş və devrilməkdə olan rejimlərin heç birinin bu qədər aqressiv xüsusiyyətləri və özünü qoruma instiktləri yoxdur.
Ölkədə 2013-cü ildə əfv ediləcək (!) siyasi dustaqlar “toplanır”
Rejimin fövqəladə dərəcədə həssas yanaşdığı sahələrin başında seçki gəlir. 1993-cü ildən bu yana seçkilərin hamısı, hətta kiçik bir fraqmenti belə, saxtalaşdırılmadan kənarda qalmayıb.
Hazırda 2013-cü ilin prezident seçkilərinə hazırlığa bir nömrəli məsələ kimi baxılır. Hakimiyyət budəfəki seçkinin asan keçməyəcəyini artıq anlayıb və qeyri-adi texnologiya ilə seçki marafonuna start verib.
ardı var