Eyni adlı kolxozun və universitetin “başabəla” coğrafiyası
Sovet dövründə kolxozların hamısının adı var idi. Onu da deyim ki, bu adlar heç də təsadüfi deyildi. Torpaqları ən münbit və ərazisi geniş olan təsərrüfatlar, adətən, proletariatın dahi rəhbəri Leninin adını daşıyırdı. Onun digər silahdaşları, eləcə də sosializmin rəmzləri və torpaqları münbit olan kolxozlar arasında ədalətlə “bölüşdürülürdü”.
Anadan olduğum kəndin bu sarıdan bəxti gətirməmişdi. Dağlar qoynunda yerləşən kəndimizin ərazisi əsasən dəmyə (suvarılmayan – X.Ə.) torpaqlardan ibarət idi. Yəni məhsulun bol olması Allahın ümidinə qalmışdı. Zamanında yağan yağışlar və iqlim şəraiti əsas ümid mənbəyimiz idi. Kolxozumuzun adı da dağlar qoynunda yerləşən kəndimizə tam uyğun idi – “Qafqaz” adlanırdı.
Kənddə ən ağır iş kolxozda işləmək idi, məhz bu səbəbdən… hamı oxuyurdu. Təsəvvür edirsinizmi, təxminən 25-30 nəfərdən ibarət buraxılış sinfinin elə olurdu ki, hamısı ali məktəblərə qəbul olurdu.
Əsasən dəqiq elmlərə üstünlük verən həmkəndlilərim, bu sahənin daha az rüşvətə bulaşdığından da yararlanaraq çox asanlıqla ali məktəblərə qəbul olurdular. Kolxozda işləyən gəncləri barmaqla saymaq olurdu.
Bu isə kolxoz rəhbərliyini narahat edirdi, kolxozda işləyənlərin əksəriyyəti yaşlı insanlar idi və onlar da getdikcə əmək qabiliyyətini itirirdi. Dramatik bir situasiya yaranmışdı və rayon rəhbərliyi bundan çıxış yolu tapdı. Qonşuluqdakı kiçik dağ kəndlərinin təsərrüfatlarını da bizim kəndə birləşdirərək sovxoz yaratdılar. Və adını sizcə, nə qoysalar yaxşıdır? – Düz tapdınız, Cəfər Cabbarlı adına sovxoz. Yuxarıda qeyd etdiyim kimi, vəziyyət çox dramatik idi axı…
Cəmi beş-altı ildən sonra sovet quruluşu ilə birlikdə sovxoz da dağıldı.
Elə o vaxtdan “Qafqaz” adlı hər şeyə qarşı məndə kompleks yaranmağa başladı. Qafqaz münaqişəsi, Qafqaz birliyi, Qafqaz evi, Qafqazda sülh və s. istilahların taleyi bizim kolxozumuzun taleyini yaşayırdı. Etiraf edim ki, bu yaxınlaradək yalnız Qafqaz universitetinin adı gələndə bir az tərəddüd edirdim. O biri özəl ali məktəblərə baxanda bu universitet haqda xoş sözlər eşidirdim. Ölkənin diplomla bərabər təhsil də verən (?) iki-üç özəl ali məktəbindən biri olmasına heç şübhəm yoxdur. Amma bu günlərdə, bu universitetin, AFFA və ARDNŞ prezidenti Rövnəq Abdullayevi “ilin idman adamı” elan etməsi hamını şoka saldı. Ev sökmək idman növü olmadığından, yəqin ki, türk arkadaşlarımız futbolu nəzərdə tutub. Futboldakı vəziyyət hər kəsə məlum olduğundan və bu haqda dəfələrlə yazdığımızdan artıq danışmaq istəmirəm. Dünya reytinq cədvəlindəki yeganə klubumuz 399-cu yerdədirsə, hansı futboldan söhbət gedə bilər…
Maraqlı və ən ağlabatan versiya isə, Qafqaz Universitetinin Binəqədi rayonu ərazisində, Sulutəpənin yaxınlığında yerləşməsidir. Qonşuluqdakı sadə vətəndaşların evlərinin sökülməsi universitet rəhbərliyini narahat etməyə bilməzdi. Yəqin ki, buldozerlərin nə vaxtsa bu özəl ali məktəbə tərəf istiqamətlənə biləcəyi rəhbərliyi təşvişə salıb. Və vəziyyətdən orijinal çıxış yolu tapıblar. Gəlin razılaşaq ki, “alma-mater”in xilası üçün atılan bu addım alqışa layiqdir və universitet rəhbərliyini qınamaq, bunu faciə kimi qələmə vermək olmaz.
Əsl faciə isə, razılaşın ki, Qafqaz universitetinin rektoru kimi “çoxbilmiş”in bizim Qafqaz kolxozuna sədrlik etməsi olardı. Mən onun, bizi necə Tamaşa qarının nəvələrinə(!) çevirəcəyini təsəvvür edəndə dəhşətə gəlirəm (yazıçı Əbülhəsənin romanında orta məktəbi qızıl medalla bitirən gəncin qalıb kolxozda işləməsinə haqq qazandıran sovet təbliğatını nəzərdə tuturam – X.Ə.). Təsəvvür edirsinizmi, kolxozda qalıb işləyənlərə müxtəlif nominasiyalarda (!) verilən mükafatlar, ev, torpaq şəklindəki həvəsləndirmələr uşaqları necə yoldan çıxara bilərdi. Hələ müəllimlər üçün nəzərdə tutula biləcək profilaktik və şirnikləndirici addımları demirəm…
Qayıdaq Qafqaz Universitetinə… bu özəl ali məktəbi elə bir coğrafiyada yerləşib ki, həmin ərazidən metro xətti də keçə bilər, dairəvi yol planına da düşə bilər, üstəlik, Ceyranbatan su anbarı da o istiqamətdə genişləndirilə bilər. Və biz yeni nominasiyalar üzrə laureatlara adət etməliyik.