Rövşən Cavadovla birgə dəfn edilən dəyərlər
Biz həmişə polis orqanları ilə bağlı hər hansı mövzuda yazanda istər-istəməz Vətən uğrunda canlarını qurban vermiş polisləri gözümüz önünə gətiririk. Və çalışırıq elə yazaq ki, o möhtəşəm oğullarımızın ruhu bizdən inciməsin. Axı biz 20 il əvvəlki polisimizlə sözün əsl mənasında qürur duymuşuq.
Bu gün Azərbaycanda elə bir kənd, yaşayış məntəqəsi yoxdur ki, şəhid polisi olmasın, elə bir rayon yoxdur ki, polis Milli Qəhrəmanı olmasın.
…O vaxtdan 20 il keçib, ancaq yenə bu mövzuya ehtiyatla yanaşırıq, onların müqəddəs ruhları qarşısında günah etməmək üçün. Lakin bu gün həyatımızda elə hadisələr cərəyan edir ki, bu mövzu haqda ürək ağrısı ilə danışmaq zorundayıq. Əksər dəyərlər kimi, bu sahədə də oxşar proseslər getdi.
Şan-şöhrət, var-dövlətlə əvəz olundu və…
Bu gün Azərbaycanda polisin insanlara qarşı iki ittiham növü daha geniş yayılıb – narkotik və qanunsuz silah saxlama. Əsasən müxalif düşüncəli vətəndaşlarımız ya “narkoman” çıxır, ya da “silahlı bandit”.
Yüzlərlə cinayət işi yalnız bu cümlələrlə başlayır, “Şübhəli qismində saxlanılanın mənzilinə baxış zamanı oradan silah-sursat aşkar edilmişdi”, yaxud “baxış keçirilərkən üstündən bükülmüş şəkildə narkotik vasitə aşkar edildi”, vəssalam.
Yüzlərlə məsum insanımız bu qondarma ittihamla bu gün həbsxanalarda çürüyür. Halbuki, bu ölkədə narkoman da, silah gəzdirən də azadlıqda gəzir, önsuz da gərgin olan kriminogen durumu daha da ağırlaşdırırlar.
Dəhşətli olan odur ki, bu iki ittiham üzrə təqsirli bilinənlərin hamısı ailəsini zorla dolandıran insanlardır.
Iki gün əvvəl isə, həyatı boyu narkotik nə olduğunu bilməyən, tanınmış ziyalı Hilal Məmmədovun cibindən və evindən “nəşə çıxdı”. Həbs gözlənilən idi, Rusiyada qanadlı frazaya çevrilən “davay dosvidaniya” meyxanasını “youtub”a qoyması, hakimiyyəti narahat etdi və o, cəzalandı.
Narkotik, eləcə də silahın kimdə olduğunu bilmək istəyirsinizsə, buyurun, həqiqəti eşidin…
Əli Həsənovdan analoqsuz açıqlama
“Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik almağa vəsaiti yoxdur. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam”.
Bu açıqlama baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova məxsusdur. Açıq şəkildə etiraf edir ki, kasıb hara, narkotik hara, məmur balalarından başqa kimin pulu var ki, bu ölkədə.
Faciə ondadır ki, söhbət yalnız bu komissiyaya dəxli olan məmur övladlarından gedir. Yəni narkomaniya yuxarı təbəqədə o qədər yayılıb ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının tədbirlərinə belə övladları sağlam həyat sürən ata məmurlar(!) tapılmır.
Məhz bu səbəbdən Əli Həsənov yalnız növbəti tədbirə qatılmağa borcu olan məmurları hədələdi – tədbirə gəlin və övladlarınızın kayfını (ifadəmə görə üzr istəyirəm – X.Ə.) pozmayın, onları “lomka” etməyin.
Yəqin ki, “bala sevgisi” onları növbəti tədbirə qatılmağa vadar edəcək, Əli Həsənov da kişi kimi sözünün üstündə durub onların adını açıqlamayacaq, bundan “kədərlənən” polis müxalifətin üzərinə gedəcək.
Azərbaycan yavaş-yavaş Papaninə çevrilir, fərqindəsinizmi?