Guya adam döymək bu ölkədə qeyri-adi hadisədir. Bunun çoxdan adiləşdiyini hamı gözəl bilir və hamı özünü hər şeydən xəbərsiz göstərməyə çalışır. Illərdir nə qədər bənzər və betər döyülmə, işgəncə, ölüm faktları gəlib keçib gündəmimizdən. Indi nə olub ki, bir rektor qızının döyülmə hadisəsinə bu qədər heyrət edirsiniz? Məgər bundan öncə bənzər özbaşınalığın, həqarətin və dərəbəyliyin qurbanı olanlar böcək-zaddı? O zorakı hadisələrin mərkəzində də insan taleləri dayanırdı axı. Axı həbsxanada işgəncə ilə öldürülən məhbus Elşad Babayevin, təhqir olunan və döyülən məşhur hüquq müdafiəçisi Leyla Yunusun başına gətirilənlər yaxın günlərdə olub elə. Yanvar ayında özbaşına nəqliyyat qoçuları tərəfindən döyülən və haqsızlığa dözməyib özünü yandıran Arzuman Hümbətovun sonrakı taleyi ilə kim maraqlandı? Ya Naxçıvanda döyülüb ölümcül hala salınan Ilqar Nəsibov? Ya əsgər övladının ölümünə etiraz etdiyinə görə yerlə sürüklənən analar? Siyahı uzundur, çox uzun… Amma normal halda hay-küy döyülənin kimliyinə deyil, birbaşa faktın özünə, hüquq pozuntusuna bağlı olmalıdır. Bax, əsas məsələ bizim bu önəmli məqamı diqqətdən qaçırmağımızdır. Ya da heç qaçırmaq deyil, elə bilərəkdən görməzdən gəlməyimizdir…
Azərbaycanın “qızını döyməyən dizini döyər” məsəlini bilirsiniz. Indi bu rüsvayçı hadisədə də insanları xüsusi canfəşanlıqla o səmtə yönəltməyə çalışırlar. Məsələni qarışdırmayın, lütfən! Təbii, buraxdığı səhvlərə görə hər kəsin öz zərərinə ödədiyi bir hesab var. Məgər bu o anlama gəlir ki, həmin insanı bir qrup dələduz və harın təpik topu kimi istədiyi şəkildə yerdən-yerə vura bilər? Lap elə tutaq ki, insan səhvə yol verib. Bu o deməkdir ki, bir ölkənin qanun-kitab tanımayan yekəbaşları xoşuna gəlməyən kim varsa, ayaq altına salıb tapdamalıdır? Onda həmin ölkənin bəyan olunmuş qanun normaları kimə və nəyə lazım, hamını başlı-başına buraxın getsin. Təsəvvür edin ki, bu, sadəcə, döyülən şəxs tanınmış birinin qızı olduğu üçün ortaya çıxan faktdır. Kimsənin xəbəri yox, yaşadığımız bu paytaxt şəhərində hər gün nə qədər belə qəddar, amansız, ört-basdır edilən zorakılıq faktları baş verir.
Bizdə qanunlarla oyun oynandığına görə, bir çox qalmaqallı işlərin üstü də qanunla yox, oyunla açılır. Lamiyə işinin içində bir oyun vardı və o oyun böyük bir ədalətsizliyin gizlinlərini açıb-tökdü. Indiki məsələnin də xüsusi hazırlıqla mətbuata ötürülməsi təsadüfə bənzəmir. Kimlər, nədə maraqlıdır, anlamaq çətin. Amma heç şübhəsiz, bizi məsələnin hüquqi tərəfi daha çox maraqlandırır. Çünki belə hadisələr heç bir halda qanunun gözündən yayınmamalıdır. Heç kəs özünü hüquq üzərində hökmlü görəcək qədər başına buraxılmamalıdır. Heç kəsin əl-ayağı qarşısındakına əl qaldıracaq, zərbə endirəcək, təpik vuracaq qədər uzanmamalıdır. Heç kəs başqasının şəxsi həyatı, davranışı, yanlışları ilə bağlı bəyənməzliyini, hüquq pozuntusu ilə qarışdırıb onu ittiham edə bilməz. Bütün bunların nədən baş verdiyini anlamaq da çətin deyil. Hüquq orqanları öz işini heç bir güzəştə yol vermədən yerinə yetirən zaman, bənzər qalmaqalların sayı da sıfıra enir. Bizim ən böyük problemimiz, bax, budur. Videoda gördüyünüz o təpiklənən qız ölkənin ayaq altına salınmış qanunlarını xatırladır. Bir ölkədə cinayət edib, cəzasız qalacağını düşünənlər varsa, o ölkədən qorxulur. Biz isə çoxdan belə qorxulu duruma gəlmişik…