Bilirsiniz, tarixi eramızdan əvvəl 776-cı ilə gedən olimpiya oyunları ilk dəfə olimp allahı Zevsin şərəfinə keçirilib. Əsrlərdir ənənə olaraq davam edən bu oyunların fəlsəfəsini Zevsin heykəlinə həkk edilmiş bir cümlə tam açıqlığı ilə ortaya qoyur: “Olimpiada qələbəsini pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar”. Antik dövrdə başlandığı tarixdən olimpiya yarışlarına yalnız ölkənin azad və ən layiqli şəxsləri buraxılırdı. Atletləri yarışa çıxaran hakimlər onlara belə xəbərdarlıq edirdi: “Yaxşı məşq etmisənsə və bu böyük yarışlara layiqsənsə, cəsarətlə mübarizəyə başla. Yox, buna layiq deyilsənsə, biabırçılığa düçar olmadan yarışa girmə…” Bu qaydalar bir yandan insanları yarışların mahiyyətini anlamağa, o biri yandan da, qaydalara əməl etməyin önəmli olduğunu bilməyə çağırırdı. Eyni zamanda, şəxsi maraqları və ya varlanmaq naminə yarışlara qatılanlar ifşa olunur, hakimləri ələ almaq istəyənləri isə ən ağır cəza-ölüm gözləyirdi.
O dövrdən bu yana olimpiya oyunları böyük dəyişiklik yolu keçib. Bu zaman məsafəsində onun strukturundan tutmuş məkan dairəsinə qədər hər şey dəyişib. Demək olar ki, dəyişməyən tək şey onun fəlsəfəsidir. Yəni Zevsin heykəlinə yazılanlara istinad edilərək deyə bilərik ki, olimpiada qələbəsini pulla yox, yalnız ədalət prinsipi ilə qazana bilərsən. Bu prinsip məlum tarixdən bəri dəyişməz xətt olaraq saxlandığından, ona əməl etməyin vacibliyi də hər kəs üçün eyni dərəcədə məcburi sayılır, şübhəsiz. Amma uzun yol qət edərək, nəhayət, bizim məkana gəlib çıxan bu yarışların görünməyən tərəfləri də aydınlanır indi. Yüz illərdir bu oyunların təşkili, keçirilməsi, maliyyələşməsi qəti müəyyənləşmiş qaydalar əsasında həyata keçirilir. Bu işdə Olimpiya Komitəsində təmsil olunan bütün ölkə qurumları sözünü deyir. Xülasə, belə beynəlxalq yarışların yükünü çəkmək bir ölkənin gücü daxilində olan məsələ deyil. Hər kəs əlini o ağır daşın altına qoymalıdır. Lakin indi məlum olur ki, söhbət bir az qarışıqdır. Bakıda keçiriləcək Avropa Yay Olimpiya oyunlarının əsas xərcini Azərbaycan tərəfi çəkməyi öhdəsinə götürüb. Bilmirəm, dünya olimpiya tarixində bənzər şey görünübmü, yoxsa belə cəsarətli və varlı-hallı çıxan bizik elə?
Azərbaycan hökuməti ev sahibi olaraq bu qədər xərci, güman ki, torbanın dibində qalan neft pullarına qürrələnərək boynuna götürüb. Ancaq məntiqlə o, ev sahibi olaraq bu ağır öhdəliyi üzərinə çəkəndə, ilk növbədə evin içindəkiləri düşünməliydi. Bu yetim-yesirin, kasıb-kusubun boğazından kəsib nə qədər kənara səpmək olar? Beynəlxalq tədbirlərə qoşulmaq və yeri gələndə ona ev sahibliyi etmək qürurlu bir işdir. Normal halda bu, hər bir ölkə vətəndaşını sevindirən şey olmalıdır. Hər bir ölkə vətəndaşı ona bir bayram ovqatı ilə hazırlaşmalı, onun təbliğində yaxından iştirak etməlidir. Lakin ədalət hissi pozulan, yoxsulluq içində boğulan vətəndaşın haqqı başqasına yedirilən bir yerdə bunu hansı üzlə gözləmək olar? Axı on illərdir gəlib-gedən neft pullarının üzünü görmədən problemlər içində çapalayan insanları necə inandıra bilərsən ki, bu olimpiya bizə mütləq mənada fayda gətirə bilər? Doğrudur, biz durmadan inkişafla bağlı Avropa standartlarına uyğunlaşmaq haqqında danışırıq. Bunu deyərkən də ilk növbədə yaşayış standartlarının o meyarlara qədər yaxşılaşdırılmasını nəzərdə tuturuq. Yoxsa, öz insanına işgəncə vermək bahasına hansısa beynəlxalq loqonu bura gətirmək nə Allaha xoş gedər, nə də Avropaya. Elə deyilmi?