Oktyabrın son günü Bakıda maraqlı bir konsert olmalıydı. Rusiyanın Xalq artisti Andrey Makareviçin konserti. Amma çoxdan elan olunan səfər baş tutmadı. Bunun hər kəsə məlum olan səbəbini iki gün öncə sənətçi özü öz dilindən açıqlayıb. Konsert Moskvadan gələn zəng əsasında təxirə salınıb. Bundan çox məyus olduğunu bəyan edən musiqiçi yaxın zamanlarda proqramlarının Belarusda, Riqada, Moldovada heç bir əngəllə qarşılaşmadan baş tutduğunu deyib. Makareviç Bakı rəsmilərinin bunu guya konsertə biletlərin satılmaması ilə izah etmək cəhdlərinə də üzüldüyünü söyləyib. Qeyd edib ki, bu addımı sadəcə orada bilet alıb konsertin vaxtını gözləyən insanlara qarşı hörmətsizlik sayır.
“Maşina vremeni” qrupunun aparıcı solistlərindən sayılan Makareviç öz ölkəsində çoxdan məşhur olan biri sayılsa da, onun adı Rusiyanın Krımı işğalından sonra populyarlaşıb. Putinin Ukrayna siyasətini kəskin tənqid edən sənətçiyə qarşı qasırğa hücumu da bundan sonra başlanıb. Bir sıra hökumətyönümlü məşhurlar onu təhqirdən, hədələməkdən belə çəkinməyiblər. Bunlardan ən aqressivi və yaddaqalanı “Oskar” mükafatlı rejissor Nikita Mixalkovun çıxışı olub. O, rok musiqiçisinə alman faşistləri qarşısında çıxış etmiş sənətçilərin taleyini xatırladaraq, onu açıq-açığına ölümlə hədələyib. Qəzəbi soymayan kinorejissor onu faşistlərin yanında yer alan satqın adlandırıb. Amma musiqiçi də bu hücumlar qarşısında müdafiəsiz qalmayıb. Bir sıra məşhurlar, hətta rus estradasının sönməyən ulduzu Alla Puqaçova onun müdafiəsinə qalxaraq, Putinə məktub ünvanlayıb.
Indi gələk musiqiçinin Bakı proqramının ləğv edilməsinə. Makareviç keçmiş sovetlər məkanında ömür sürüb, buraların ab-havasını yaxşı bilən biridir. Baş verən hadisədən niyə pərt olur, anlamıram ki. Əslində, o konsert baş tutsaydı, daha təəccüblü olmazdımı? “Putinin Bakıdakı can dostları hansı cəsarətlə Kremlin qara siyahısında olan bir sənətçini paytaxta buraxdılar?”- deməzdilərmi sağda-solda. Hələ baxın, o azadlığı və ədaləti tərənnüm edən üsyankar mahnıların burada səslənməsini arzulayırdımı məlum “icazə kağızı”na imza səlahiyyəti olan adamlar? Xeyr! Sadəcə, bu durumda biz tərəfdən fərqli münasibət gözləmək ya musiqiçinin sadəlövhlüyündən irəli gəlir, ya da hədsiz saflığından.
Makareviç, şübhəsiz, onu ölümlə hədələyən Mixalkovun azərbaycanlı dostu, görkəmli kinossenarist Rüstəm Ibrahimbəyovu da yaxşı tanıyır.
Məlumdur ki, bakılı kinossenaristin məşhur rus rejissoru ilə beynəlxalq mükafat qazanmış neçə yaradıcılıq işi var. Amma elə bir zaman gəldi ki, həyat onların düşüncə fərqlərini çılpaqlığı ilə ortaya çıxardı. Ibrahimbəyov doğulub-böyüdüyü ölkədəki ədalətsizliklərə qarşı çıxdı, fəal şəkildə proseslərə qoşulub, dəyişiklik, yenilik və insan haqları ilə bağlı çağırışlar etdi. Nəticədə, o da Makareviçin özü kimi hökumət üçün arzuolunmaz adama çevrildi, hətta doğulduğu şəhərə belə həsrət qaldı. Rus rejissor isə tam əksinə, hakimiyyətin yanında yer aldı, müasirləşməyə, dəyişikliyə qarşı çıxıb, zorakılığı dəstəklədi. Indi bu məsələləri təkrar xatırladıram ki, görkəmli musiqiçi məsələyə reallıq prizmasından baxıb, ortada xəyal qırıqlığına əsas verəcək bir durum olmadığına razılaşsın. Makareviç uzun illərdir çalışdığı “Zaman maşını” musiqi qrupunda insanlığa və həqiqətə çağıran mahnılar səsləndirir. Və bu yolda uzun məsafə qət etmiş biri kimi, ona daha aydın olmalıdır ki, zaman maşını hər kəsi onun çağırdığı ünvana aparıb çıxara bilmir. Bir çoxları, bizim yaşadığımız məkanda olduğu kimi, primitiv, dayaz düşüncələri ilə tarixin bataqlıqlarında çapalayıb qalır…