Hamı neftin ucuzlaşmasından danışır. Nüfuzlu beynəlxalq qurumların bir ay öncə neftin bir barrelinin 100 dollardan aşağı düşməyəcəyi ilə bağlı verdiyi proqnozlar özünü doğrultmadı. Neftlə “qidalanan” bütün ölkələri böyük zərər gözləyir anlaşılan. Sözün əsl mənasında, böyük zərər! Ekspertlərin söylədiklərinə görə, neftin hətta bir dollar ucuzlaşması sanksiyalar ilə üzləşən Rusiya büdcəsi üçün 70 milyard rubl itkiyə başa gəlib.ÿAzərbaycan üçün isə bu ucuzlaşmanın zərəri günlük 700 min dollara bərabər olaraq hesablanır.
Bəli, dünya başımızın bəlası olan “qara qızılın” vahiməsini yaşayır. Bəs bu təşviş və onun verdiyi böhran siqnalları sadə Azərbaycan insanını necə narahat edir? Axı o biçarə insan hardan bilsin ki, indiyə qədər neft nə dərəcədə baha idi, ondan nə qədər gəlir gəlirdi və bu gün onun dəyəri nə qədər aşağı düşüb? Məgər o bu günə kimi yağ-bal içində üzürdü ki, qəfil ucuzlaşmadan şok keçirib, güzəranının pisləşəcəyindən qorxuya düşsün? Azərbaycan nefti istismara başlandığı bu 20 ildə kimin üzünü güldürüb ki? 120 manat alan təqaüdçünün, 150 manat alan müəllimin və ya həkimin, yoxsa 50 manat alan tələbənin? Əslində isə, gələn gəlirlərin miqyası ağılalmaz dərəcədə böyükdür, bilirsiniz. 2013-cü ildə “Azəri Layt” markalı neftin 1 barreli birjalarda 113,07 dollara satılıb. Həmin ilin yekunları üzrə ARDNŞ-nin neft satışından gəlirləri 25,32 milyard manat olub.ÿBu ölkədə yaşayan hansı sadə vətəndaş hiss edib həmin inkişafı həyatında, deyə bilərsinizmi?
Tanrının bəxş etdiyi bu bahalı sərvətdən zillət çəkən başıbəlalı ölkələri “xoşbəxtlər” və “bədbəxtlər” kateqoriyasına ayırıb, birinciyə uyğun gələnlərin seyrək sırasına nəzər salmaq yetər narahatlıq üçün. Bəlkə də, o kateqoriyaya tam cavab verən tək ölkə var – Norveç. Ikinci kateqoriyada yer alanların bir çoxu yaşadığı faciələrlə insanı dəhşətə gətirir.
“Neft lənəti”ndən ən çox nəsibini alan ölkələr sırasında Nigeriyanın olduğunu hər kəs bilir. 2005-ci ildə Amerika kəşfiyyat şurası “Səhraaltı Afrikanın gələcək xəritəsi” adlı bir hesabat hazırlatdırıb. Nigeriyanın 2015-ci ildə “bütünlüklə çökəcəyini” proqnozlaşdıran bir qrup ekspertin hazırladığı hesabatda yoxsulluq, rüşvət və sadə xalqın ümumi xəyal qırıqlıqları kimi problemlərin daha da sərtləşəcəyinə dair məsələlər yer alır.
Nigeriyanın neft və qazı tükənir. Əsl bəla bu deyil, əslində. Faciə indiyədək o sərvətdən gələn gəlirlərdən xalqa heç nə çatmaması və milyardları bir qrupun oğurlamasıdır. Ölkədə əhalinin 70%-i yoxsulluq səviyyəsindən aşağı yaşayır. Amma acınacaqlı həyat şərtləri bununla da bitmir. 1990-cı ildə ölkədə yaranan “Boko Haram” terror təşkilatı da başqa bir təhlükəyə çevrilib. Adı “qərb təhsili haramdır” anlamına gələn təşkilat əvvəlcə hökumətin haqsızlıqlarına qarşı yarandığını bəyan edib. Sonra isə ölkədə yaranan bütün bəlalarda neft-qaz sərvətlərinə göz dikən qərb ölkələrini ittiham edərək, onlara qarşı terror aksiyalarına başlayıb. “Boko Haram”ın son tarixlərdə ən yadda qalan hadisələri məktəbli qızların, xüsusən xristian qızların qaçırılması olub. Onun indiyə qədər həyata keçirdiyi terror hadisələrində həyatını itirən insanların sayı isə minlərlədir. Hərçənd, bir çox mötəbər mənbələr də bu təşkilatın boşdan yaranmadığını, maraqlı güclərin əlində vasitə olduğunu dönə-dönə vurğulayırlar.
Indi neft ucuzlaşaraq gedir, bəli. Biz isə Nigeriyaya bənzər bir yol gedirik. Hələ əsl təhlükə indiki tarix deyil, bəlkə də, 15-20 il sonrakı tarixdir. Sərvətlərin tam olaraq sümürülüb tükəndiyi tarix. Bax, əsl dərd o zaman bu ölkədə həyat şərtlərinin necə olacağıdır. Kim təminat verir ki, indiki gedişlə burada da “Boko Haram” kimi bir qanundankənar təşkilat meydana çıxıb, ölkə üçün qorxunc təhlükəyə çevrilməyəcək?