Səadət Cahangir
Həbsxanalarımız getdikcə “intellektuallaşır”. Şübhəsiz, xidmət və imkanları ilə deyil, yeni sakinləri ilə. Cəmiyyəti üzləyib gözə gəlimli beyin sahiblərini bir-bir ora göndərirlər. Indi hüquq davalarımızı aparan insanların da fəal bir hissəsi orada. Dünənə qədər qanun adına çıxarılan hoqqabazlıqları mühakimə edən həmin insanlar indi oturub özlərinin mühakimə olunacağı günü gözləyirlər. “Gözləyirlər” deyəndə, nəticənin nə olacağını onlar hər kəsdən yaxşı bilirlər. Qanunsuz həbsin qanunsuz da mühakiməsi olacaq…
Belə “qorxulu” məhbusların məhkəmələri də çox halda qapalı keçirilir. Ölkənin ən nüfuzlu və peşəkar hüquqşünası Intiqam Əliyevin məhkəməsi kimi. Apelyasiya Məhkəməsinə jurnalistləri belə buraxmadılar. Sonrakı məhkəmələr isə xəbərsiz-ətərsiz keçirilir, kimsənin xəbəri olmadan. Öyrəndik ki, Intiqam bəy özü belə istəyib, kimsəyə əziyyət verməsin deyə. Amma bununla, onsuz da, oradakılara kömək üçün əlindən böyük bir iş gəlməyən bizləri necə utandırdığını bilsəydi…
Bu ölkədə Intiqam bəy kimi neçə insan var?! Uzaq məsafədən belə hər kəsə yaxın olmağı bacaran bir qəlb sahibidir o. Insani keyfiyyətləri haqqında sonsuz gözəl sözlər söyləmək olar! Elə bu gün ölkənin qanun sistemindəki bütün boşluqlar da onun kimi vicdanlı peşəkarların kənara sıxışdırılmasından yaranıb. Normal ölkədə yaşasaydı, indi uzaq sərhədlərdə belə əfsanəvi bir hüquq keşikçisi kimi tanınmışdı! Bəlkə elə həyatı boyunca yalnız müdafiəçisi olduğu bircə işi uduzan məşhur vəkil Petrocelli və ya onun uduzmasında haqlı çıxan hakim kimi. Italyan əsilli, Istanbul doğumlu, dünyaca ünlü Antonio Petrocellini bu sahənin adamları tanımamış olmaz. 70-ci illərdən sonra Amerikada yaşayan Petrocelli bir sıra qalmaqallı cinayət işlərini qazanması ilə məşhurlaşıb. Onu dünyada populyarlaşdıran bir teleserial da var – ssenarisini özü yazdığı və vəkil rolunu özü oynadığı “Petrocelli” serialı. Məşhur vəkilin uduzduğu yeganə cinayət işinin də çox maraqlı xronikası var…
Bu işində Petrocelli arvadını öldürməkdə ittiham olunan məşhur bir futbolçunu müdafiə edib. Istintaq qatilin təqsirləndirilən şəxs olduğuna dair xeyli fakt toplasa da, cəsəd ortada yox idi. Peşəkar vəkil isə məhkəmə heyətini inandırmağa çalışırdı: “Müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra sizlər də inanacaqsınız. Baxın, indi 10-a qədər sayacağım və müvəkkilimin öldürüldüyü iddia edilən arvadı bu qapıdan içəri girəcək…” Vəkil 10 sayını tamamlayanda hamı döndü. Qapıda kimsə görünmürdü. Öz işinin dahisi olan Petrocelli istədiyinə nail olmuşdu: “Baxın, siz də qadının öldüyünə inanmırsınız. Hamınız içəri girəcək deyə qapıya baxdınız. Qərarı da buna görə verməyinizi tələb edirəm” – dedi.
Amma o, həyatında ilk dəfə girdiyi işi uduzdu. Hakim heyəti məşhur futbolçunu günahkar elan etdi. Məhkəmə çıxışında Petrocelli hakim qadına yaxınlaşdı: “10-a qədər saydığımda siz də başqa üzvlər kimi qapıya baxırdınız. Nədən belə bir qərara imza atdınız?”
“Doğrudur, mən də daxil olmaqla, hər kəs qapıya baxdı, bircə sizin müvəkkilinizdən başqa, çünki o gəlməyəcəyini bilirdi? – dedi hakim.
Intiqam bəy həbs olunduğu ilk gündən vəkil müdafiəsindən imtina etmişdi. Əlbət ki, onun özünü təkbaşına müdafiə edəcəyinə kimsənin şübhəsi yoxdu. Lakin düşünürəm, onun bu jesti tamam başqa bir anlam daşıyırdı. Bəlkə o, illərdir bu ölkədə baş verən hüquqsuzluqlarla bağlı gördüyü işlərin zərgəri olaraq, vəkilinin də sonda Petrocelli kimi xəyal qırıqlığı yaşamasını istəmirdi. Çünki bizim məhkəmə salonlarında kimin haqlı olması heç bir önəm daşımır. Intiqam bəy də “futbolçu” işindəkindən fərqli olaraq, azərbaycanlı hakimin o məhkəmə salonuna ədaləti təmsil etmək üçün gəlməyəcəyini bilirdi…
P.S. Bəlkə, Intiqam bəy yaşadığı ölkənin acı gerçəkləri üzündən bu gün Petrocelli qədər populyar deyil. Amma o, mübaliğəsiz dünyada hər kəsin ola bilməyəcəyi dərəcədə fədakar bir hüquqşünasdır. Onu bu fədakarlığına görə də, böyük ehtimalla, başqa vicdan məhbusları kimi mühakimə edib həbsdə saxlayacaqlar. Lakin o, sözün əsl mənasında, bu cəmiyyət və gələcək davamçıları üçün bir əfsanə, bir simvol olaraq qalmağa davam edəcək. Və neçə ki, haqlının qazanması üçün həbsxananı çəkinmədən gözə alan Intiqam bəy kimi hüquq davaçıları var, sonda həqiqətin qalib gələcəyinə nə deyib inanmayaq?!