Sovetlər zamanı ən coşqulu hərb mahnılarının söz yazarı olan Yevgeni Yevtuşenkonun “Ruslar müharibə istəyirmi?” adlı populyar bir şeiri vardı. Azərbaycanlı rejissor Ziya Şıxlinski hərbi orkestrin ifasında böyük pafosla ifa olunan həmin mahnı əsasında maraqlı bir sənədli film də çəkib. Film Ikinci Dünya Müharibəsindən sonra Rusiyanın müdaxiləsi nəticəsində müxtəlif ölkələrdə törədilən qanlı hadisələrdən bəhs edir. Illər keçir və görürük ki, o işğalçılıq siyasəti heç dəyişmir. Həmin hədəf ölkələrin siyahısı da arta-arta gedir…
Hələ sovet imperiyasının asıb-kəsən vaxtında “şiddət və yalana” əsir edilən Rusiyanın uçuruma sürükləndiyini yazan Aleksandr Soljenitsin vətənini heç də imperiya ağalarından az sevmirdi. “Doğru söz deyəni doqquz kənddən qovarlar”, məlum. Və zaman da dissident yazıçını tamamilə haqlı çıxardı. Amma bu gün Rusiyada baş verənlər Soljenitsın dövrünün dəhşətlərindən daha qorxuncdur. Uzun illərdir hakimiyyət sükanını əldən verməyən Putin hökuməti sələflərinin yolunu daha qaba, eybəcər və şovinist şəkildə həyata keçirir. Onların keçmiş imperiyanı diriltmək iddiaları açıq-açığına ortadadır. Bu məqsədə yetişmək üçün ən təhlükəli vasitələri də mümkün sayırlar – hətta qonşu ölkələrin ərazisinə müdaxilələri də. Bir az əvvəl Krımı və ətraf şəhərləri işğal edən rus qoşunları hazırda Ukraynanın başqa ərazilərinə doğru irəliləməkdədir.
Hələ bu böyüklükdə özbaşınalıqdan sonra Putin şovinizminin işğalçılıq siyasətini tənqid edənləri “rus xalqına nifrət edənlər” kimi damğalayırlar da. Dünən belə nüfuzlu şəxslərdən biri olan Vəfa Quluzadənin mətbuatda gözəl yazısı dərc olunmuşdu. Bəli, rus ədəbiyyatını az qala, əzbər bilən politoloq deyir ki, bu, rus xalqına deyil, şovinizmə nifrətdir və bəziləri sadəcə, özlərini haqlı çıxarmaq üçün həmin fikirləri fərqli şəkildə təhrif edirlər.
Əsrlər boyu mənəmlik iddiaları ilə sağa-sola çapan bu ölkənin despot rejimlərini və işğalçılıq siyasətini öz məşhur ziyalıları da lənətləyib axı. Rus poeziyasının ən unudulmaz qadın yazarlarından biri olan Anna Axmatovanın faciəsini xatırlayın. Şeirlərində 30-cu illər repressiyalarına qarşı çıxan şairə böyük bir dram yaşamışdı həyatı boyunca. Hətta oğlunu həbsə atıb işgəncəyə məruz qoymaqla sovet rejimini tərif edən yazılar yazmağa məcbur etmişdilər şairəni… Amma bütün zamanların Annaları olub və insanlıq yaşadıqca olacaq da. Biz bunu Putin rejiminin barışmaz tənqidçilərindən olan Anna Politkovskayanın simasında bir daha gördük. Ölkəsində yaratdığı amansız rejimə görə Putinə nifrət etdiyini yazan məşhur jurnalist bütün hədələrə baxmayaraq, ona təslim olmadı və sonda qətlə yetirilərək susduruldu…
Bu gün yenə həmin Annalarin vətənində şovinizm sərhəd tanımır. Və yenə ölkənin daha bir qadın yazıçısı Lyudmila Ulitskayanın Kremlin siyasətini qamçılayan səsi eşidilir. “Xalqıma görə xəcalət çəkirəm” deyən Ulitskaya ölkəsinin millətçilik və imperializm bəlasına düçar olduğunu yazır. Onun bu çıxışlarını topa-tüfəngə tutan yazarların sayı çox olsa da, tərəfini saxlayan məşhurlar da var. Lakin bu sözləri qorxmadan uca səslə deyən xanım yazıçı tək olsa belə, həqiqət onun tərəfindədir. O haqlıdır, bütün zamanlarda azlıqda qalan Soljenitsin və Annalar kimi. Bu gün “ruslar müharibə istəyirmi?” sualına birmənalı cavabın olmadığı da Ulitskaya kimi ziyalıların etiraz səsindən aydındır. Ən azı, o aydınlar gözəl anlayır ki, heç bir ədalətsiz müharibədə uduş yoxdur və ola bilməz…