Bilirsiniz, bu gün Azərbaycan təkcə yaşadığımız coğrafi məkandan ibarət deyil. Dünyaya səpələnmiş başqa bir mühacir Azərbaycan da var. Insan sayının neçə milyonun üzərində dayandığını dəqiq söyləmək zor. Amma rəqəmin az-azacıq olmadığı nə gizlədəcək şeydir, nə də ört-basdır ediləcək?
Məlum, çeşidli səbəblərdən baş alıb gedib o insanlarımız uzaq diyarlara. O üzdən özləri də çox fərqli düşüncələrin daşıyıcılarıdır. Amma kimsəyə sirr deyil ki, onların bir xeyli hissəsi ölkədəki repressiyalarından başını alıb gedənlərdir. Bəziləri 45-50 yaşlarında tərk etmək məcburiyyətində qalıb ev-eşiyini. Çünki başqa çıxış yolu yoxdu…
Yaxın günlərdə təqdimatı keçirilən “Mühacirlər” sənədli filmi həmin insanların izinə düşüb, o ağır suallara cavab axtarıb. Insanlar nədən həyatlarının yarıdan çoxunu yaşadıqları ölkəni buraxıb getmək qərarı verirlər günlərin birində? Müəllif Laçın Məmişov bu ağrılı məsələni günün aktual mövzusuna çevirib. Təkbaşına böyük zəhmət çəkib filmi ərsəyə gətirincə. Yarım saatlıq filmin ilk beş dəqiqəsi belə təsirlənmək üçün bəs edir. Yaşadığımız son 25 illik ağrılı-acılı tarix keçir bir anlığa insanın gözlərinin önündən. Bəli, bu tarix bizim həyatımızın acı qurbanları bahasına yazılır və hələ kim bilir, nə qədər bu axarda yazılmağa davam edəcək…
Azərbaycan tarixən qazandığı müstəqilliyin bəlasını iki mühacirət dalğası ilə yaşayıb. Bu dalğanın birincisi 1920-ci ildə rus işğalından sonra baş verib ki, o zaman ilk demokratik cümhuriyyəti təmsil edən ziyalıların xeyli hissəsi uzaq ölkələrə mühacirət etmək zorunda qalıb. Onların mühacirət taleyi isə əzablı bir dastandır. Həmin dalğanın caynağına alıb qürbət ellərə apardığı istiqlal şairi Almaz Ildırımın “Qara dastan”ında yazdığı kimi:
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış…
Mühacirət bu insanların qurtuluş və səadət yolu deyildi, şübhəsiz. Bir çarəsizlik çıxışı idi. Və qırmızı imperiyanın repressiya qurşunu uzaq qürbətdə yan keçmədi onlardan. Bir çoxları elə üz tutduqları ölkələrdəcə izlərinə düşən terrorun qurbanı oldular…
Indi o dövrün mühacirət tarixi ilə bağlı ən önəmli məqamlar daha çox AXC hökumətinin banisi M.Ə. Rəsulzadənin adı ilə xatırlanır. O zaman film sənayesi indiki qədər inkişaf etmiş olsaydı, bu əfsanəvi vətən fədaisinin çevrəsinə cəmlədiyi həmfikir mühacirlərlə necə çalışmalara imza atdığı daha gözlə görünən olardı. Onun Türkiyə, Almaniya, Polşadakı həyatı haqqında oxuduqca, “keşkə, bircə kadr olsaydı” fikri keçir insanın içindən.
Az qala 100 il keçir. Nə yazıq ki, böyük məşəqqətlər bahasına bu ölkəyə müstəqillik gətirmiş insanların taleyində yenə hüznlü qürbət yolları var. Azərbaycanın bu yeni tarixi dönə-dönə filmləşdirilməli, yayılmalı və saxlanmalıdır necə olursa-olsun. Laçın bəyin “Mühacirlər”i bu boşluğun sükutunu pozan ilk səsdir. Heç nəyi boyamadan, maskalamadan, tam şəkildə faktlara əsaslanaraq işləyib müəllif onu. Öz məhdud büdcəsi və texniki imkanlar hesabına araya-ərsəyə gətirib “Mühacirlər”i.
Tənqidə gəlincə… Ən yüksək imkanlarla çəkilmiş filmlərdə belə tənqid üçün çox səbəb tapmaq mümkündür. Amma önəmlisi, Laçın bəy hədəf qoyduğu məqsədə nail olub. Hələ qarşıda filmin daha 9 hissəsi var. Yeni bölümlərin daha maraqlı və bitkin olacağına inanmamağa bir əsasımız yoxdur. Əsası, gerçəkləri göstərəcək cəsarətli addımı atmaqdır. Bu addım bənzər yeni ideyalara dəstək olmaq üçün mühacirlərimizin özünə də stimul verə bilər elə…