Qaynar ömrün dar qazanı,
nə söyürsən gor qazanı?
bu dünyanın qır qazanı
o dünyanınkından betər.
Hidrometeoroloji Proqnozlar Bürosu bu günlər dəhşətli istilərdən xəbər verir. Yəni söhbət havanın 40 dərəcənin üstünə çıxmasından gedir artıq. Büro öz işini görür. Onun işi informasiya vermək və xəbərdarlıq etməkdir. Gerisi qalır başqa səlahiyyətli qurumların öhdəsinə. Belə fövqəladə durumlarda əlaqədar təşkilat və nazirliklər uyğun bölmələrini hazır vəziyyətə gətirməlidir qanun-qaydaya görə. Dünya praktikasında bu, öz təsdiqini tapmış bir ənənəyə çevrilsə də, bizdə həmişə havalar xoş. Belə xəbərdarlıqlardan kimsənin tükü tərpənməz. Nədən? Çünki belə qora bişirən havalarda bu məsələlərə cavabdeh şəxslər ya ölkədə tapılmazlar, ya da yerləri sərin olduğuna görə çöldən xəbərləri olmaz…
Dünən saytların birində hava xəbərlərinə nəzər salanda, gözüm Bakı “Metropoliteni”nin bir məlumatına sataşdı. Paytaxt sakinlərinin belə isti havalarda ventilyasiyasız metro stansiyalarında necə işgəncə çəkdiyini bilirsiniz. Mən də xəbərin bu sisteminin işə salınacağı haqqında olduğuna ümidlənib sevincək linki vurdum. Öyrəndim ki, bundan sonra Bakı “Metropoliteni”ndə qatarların hərəkəti geriyə sayım prinsipi ilə tənzimlənəcək. Bunun gediş-gəliş zamanı stansiyalarda havasızlıqdan boğulan sərnişinlərə nə böyük faydası toxunacaq, anlamadım. Amma belə başa düşdüm ki, bu, qatar gözləyənlərin vaxt barədə informasiya almaq imkanını asanlaşdıran bir şeydir.
Bir sözlə, daha əmin oldum ki, bu mövsümdə də paytaxt əhalisinin metrolarda ventilyasiya sisteminin quraşdırılması ilə bağlı gözləntiləri havayıdır. Yeni rəis bu məsələnin zərurət olduğuna nə zaman qərar verəcək, bilmirəm. Ancaq indiki gediş hələ ki, ümidverici heç nə vəd etmir. Sadəcə, bu işə məsul adamlar dünyanın başqa bir ölkəsində də havalandırma sistemi olmadan çalışan metro nümunəsi göstərsinlər, biz də təskinlik tapaq. Yoxsa bu havalarda gediş-gəliş üçün yeganə ümid yeri metro olan insanların başına bir iş gələndə, hadisəyə haqq qazandıracaq tutarlı dəlil olmalıdır, ya yox? Bəlkə elə sizin aranızda da gediş-gəlişin gur vaxtlarında ürək sancıları tutan, özündən gedən, qıcolma keçirən insanlara dəfələrlə yardım etmiş olanlar var.
Bu şeyləri neçə illərdir yazırıq və heç nə dəyişmir. Ölkədən milyardlar gəlir-keçir, xərclənir, silinir, buxarlanıb uçur, amma Bakı metrosu qır qazanı kimi qaynamağa davam edir. Və ortaya çıxan tək nəticə budur-bir ölkədə insan dəyərini heçə sayan məqam sahiblərindən insan həyatını yaxşılaşdıracaq bir iş gözləməyə dəyməz. Yerin altından keçən gündəlik yolçuluğunda yay mövsümünü boğula-boğula yola verən, mənzil başına çatana kimi dilinin altına 2-3 dəfə ürək dərmanı qoyanlar həmin təyyarəli, maşınlı adamların vecinədir elə bilirsiniz?
Dünyanın bütün sivil ölkələrində təbii fəlakətlər, o cümlədən anomal havalarla bağlı öncədən nəzərdə tutulan tədbirlər var. O tədbirlərin sırasına 37 dərəcəni keçən istilərdə ağır iş recimlərinə ara verilməsi də daxildir. Yaşadığımız ölkədə hansısa iş sahibinin belə humanist addım atacağına inanmıram. Amma istəkdən asılı olmadan, ölkədə bu şeyləri tənzimləyən məcburi qanunlar olmalıdır, hər kəsin zor-xoş əməl etmək zorunda qaldığı qanunlar. Əslində, insan kimi yaşamaq üçün bu məmləkətdə hələ çox şey olmalıdır…