Bu günlərdə məşhur rus dissident yazıçısı Aleksandr Soljenitsının “Yalanla yaşama!” (“Yalansız yaşamaq”) əsərinə yenidən göz gəzdirdim. Bəzi parçaların vurğusunu günümüzün gerçəklərinə necə sərrast vurmasına heyrətlənməyə bilmirsən. Bir zamanlar “vətən xaini” damğasıyla Rusiyadan sürgün olunan yazıçı bu gün yalanların qurbanına çevrilən ölkəsinin necə hala gətirildiyini gözləriylə görsəydi…
“Insanın hüzurlu həyatına şiddət girdiyi zaman, insanın üzü özünə əminliklə gərilir, bayraq kimi sallanır və bağırır: ”Mən Şiddətəm! Dağıdaram, qıraram – əzərəm!”. Amma şiddət sürətlə yaşlanır, bir neçə il sonra artıq özünə inanmaz olur və özünü toplamaq, doğru-dürüst görünmək üçün dərhal yanına müttəfiqi Yalanı çağırır. Çünki şiddət yalan xaricində heç bir şeylə bürünə bilməz, yalansa sadəcə şiddətlə ayaqda durur. Və şiddət hər gün hər çiyinə qoymaz ağır pəncəsini: bizdən sadəcə yalana boyun əyməyimizi, hər gün yalanı həzm etməyimizi istər. Sədaqət bax budur”.
Bu parçanın ilk cümləsində sanki eynilə Putinin siması cızılıb. Heç şübhəsiz, bu ölkənin və məkanın böyük ziyalıları illərdir boşuna yalansız yaşamaq davası etmirdilər. Onlar əks-təbliğat maşınının nifrətlə damğaladığı kimi heç də Rusiyanın düşməni deyildilər. Onlar sadəcə, öz vətənlərinə azadlıq, çiçəklənmə, insanlara hüzurlu həyat istəyən uzaqgörən söz adamlarıydılar; bir gün öz ölkələrinin belə lənətli hala gəlməsini arzulamayan adamlar.
Amma yalan lənəti deyəsən artıq onu şiddətə müttəfiq edən adamın özünə qayıtmağa başlayır. Dünən yayılan xəbəri oxumusunuz, hər halda. Ukrayna səmasında “Boeing-777″ sərnişin təyyarəsinin rus terrorçuları tərəfindən vurulmasından sonra Hollandiyada Rusiyaya qarşı qəti addımlar atılması çağırışları səslənir. Sanksiyalar öz yerində. Amma bu dəfə 190 Hollandiya vətəndaşının həlak olmasını əsas gətirən Hilversum şəhərinin meri Piter Broertes Rusiya prezidenti Vladimir Putinin qızını Hollandiyadan qovmağa çağırıb. Xəbərə görə, deportasiyası tələb edilən Mariya Putina hazırda öz sevgilisi ilə Vorsxoten şəhərində yaşayır.
Bəli, yalan və şiddətin əbədi hökmranlığına bel bağlamağın acı bir sonu var. Səni dönə-dönə o yanlış yoldan çəkinməyə çağıran insanları həbsxanalara atsan, əzsən, aradan götürsən belə, bu həqiqət dəyişməz. Putinin ən sərt tənqidçilərindən olan Anna Politovskayanı niyə güllələdilər? Həm də, açıq-aşkar Moskvanın mərkəzindəki evinin liftində, Putinin doğum günündə. Çünki o, ölkəsini öz böyüklük hikkəsinin qurbanına çevirən bu siyasətçini rahat buraxmırdı, onu ən kəskin yazılarıyla dünyada rüsvay edirdi. Anna Ingiltərədə nəşr olunan “Putin Rusiyası” və “Putinsiz Rusiya” kitablarında ona nifrətini belə gizlətmirdi.
Indi Putinin Rusiyanı nə hala gətirdiyi göz önündə. Soljinıtsınlərin və Annaların bütövlükdə insanlığa təhlükə olan yalan hakimiyyətlərini önləmək davası bununla bağlı idi. Onların illər əvvəl söylədikləri bu gün birəbir özünü doğruldur. Keçmiş sovet maşınının sınıq-salxaq vintləri ilə idarə edilən bir məkanın insanları olaraq, bu yalanlardan hər gün bizim də qulaqlarımız yanır. Təkcə qulaqlarımız deyil, canımız yanır, əslində. O “yalansa sadəcə şiddətlə ayaqda durur” hələ ki. Amma neçə ki, yalana sədaqət göstərib boyun əyməyən, onu həzm etməyən insanlar var yer üzündə, onun mütləq çöküşünə inam da ölməz. Artıq o çöküşün əsas simptomları görünməkdə deyilmi, sizcə?