Bu ölkənin hər işində bir qəribəlik var. Milli Mətbuat günü çal-çağırı aləmi başına götürüb, amma o günü var edənlərin layiqli davamçıları problemlərin cəngində can çəkişir. Onların sayı əks çoxluğun xeyli aşağısında qalsa da, reallıq dəyişmir. Günümüzün gerçəklərini acısı, şirini ilə olduğu kimi yazan qələm sahibləridir bu ölkənin əsl dəyəri…
Xeyli zamandır o problemlərin cəngində can çəkişən “Azadlıq” qəzeti öz peşə bayramını “Qasid” firmasının qarşısında keçirdi. Haqqını tələb etdi, firmadan 70 min manatın üzərinə çıxan borcunu istədi. Bu borc məsələsinin qəzetə təzyiq vasitəsi olduğunu anlamaq o qədər də çətin deyil. “Azadlıq”ın hazırda yalnız oxucuların fədakarlığı sayəsində ayaqda qaldığını hər kəs bilir. Qəzet vaxtaşırı oxuculara müraciət edir və hər dəfə ərklə onlardan dəstək istəyir. Bəlkə də, 9 milyonluq bu ölkədə beşcə min daimi abunə ilə onun vəziyyəti xeyli dirçələ bilərdi. Amma vəziyyət məlum, insanlar da daimi abunəçi olmaq durumunda deyillər. Bunu yuxarılarda da bilirlər, o halda satışdan gələn az-çox pulu mənimsəmək onu çökdürməyin son yoludur…
Dahi Üzeyir Hacıbəyovun “Molla Nəsrəddinə cavab” məqaləsində bu yazdıqları eynilə günümüzün mənzərəsini canlandırır: “…Srağagün mənim qonşum Kərbəlayı Avamqulu əlində sənin jurnalını tutub başını bulaya-bulaya yanıma gəlib deyir ki, “əşi, vallah, “Molla Nəsrəddin” demişkən sizin işiniz lap pəstahdır”. Deyirəm: “Necə?”. Deyir : “Əşi, beş min də müştəri olar ki, “İrşad” özünə axtarır?. Dedim: “Neyçün olmaz, beş min deyəndə, çoxdurmu?”. Deyir: “Əşi, qəzeti bağlamaq fikriniz varsa, birdibli bağlayın getsin, ta bir də durub özünüzdən bəhanə axtarmayın, beş min müştəri olarmı? ”
Üzeyir bəy sonra nədən Qafqazdakı 6 milyon müsəlman əhali arasında 5 min müştəri tapılmadığının cavabını Kərbəlayı Avamqulunun dili ilə “əsaslandırır”. “Uşaqlar və arvadlar oxumur”, “oxumaq hambal-humbala yaraşan şey deyil”, “intelligentlər də ruslardan utanıb müsəlman qəzetinə əl vurmağı özünə yaraşdırmır.”
Oxuyunca, insanın üzünə təbəssüm qonur, amma günümüzün gerçəkləri heç də gülümsədəcək qədər ürəkaçan deyil. Nə yazıq ki, hələ də “oxuyan millət”lər sırasına qoşulub, Üzeyir bəyin yazdıqlarından çox uzağa gedə bilməmişik. Uzağa gedə bilmədiyimizdən deyilmi, bunca başımıza gələn bəlalar, yalan maşınının üyütdükləri, “imtiyazlı xidmət mətbuatı”? Bu gün öz vicdanını heç nəyə satmayan qələm sahiblərinin halı bir az da böyük öndər M.Ə.Rəsulzadənin yazdıqlarına bənzəmirmi:
”A kişi, dünyanın lap axırına düşdük. Hə ötən, hər yetən bir qəzetə çıxardıb adını mühərrir qoymuş… İndi uşaq əlində qalmışıq. Əgər durub sən də onlar kimi “loğya”, “moğya”lardan yazasan, onda cibinə mənfəətdir, nədi ki, “qospodinin” xoşuna gəlməz. Pəs nə olsun, nə edək-özümüzü göstərək? Yaxşısı budur, götürüb bir şeyi yazım ki, biz də “loğya”lardan çox bilirik, amma müsəlmanlar 14-cü əsrdə olduqlarından bu sözləri onlara demək yaramaz, qulaqlarının pərdəsi deşilər…”
Sözün qısası, bu gün mətbuatımızın günüdür və bizim günümüz də yuxarıda bəhs olunan kimidir. Gün və hal əsrlər öncə böyük düşünənlərimizin yaşadığı sıxıntılardan çox da fərqlənmir. Amma bir fərq var. Qulaq batıran böyük xorun içində gözəl səsli tək-tək solistlərin yeri tam başqadır. Onların səsi böyük bir xoru üstələməyə yetir…