Yəqin çoxu fikir verib, şəhər və qəsəbələrdəki qəzet köşklərini, kitab mağazalarını uçurdub, yerində apteklər tikirlər. Hətta çoxu küçəyə baxan pəncərəsini, qapısını söküb otaqlarından birini və ya bütün evini “Aptek” edib. Hiss olunur ki, apteklərdə şıdırğı alver gedir. Indi bir məhəllədə 4-5 aptekə rast gəlmək olar, amma böyük bir qəsəbədə, kənddə bir qəzet köşkü, kitab mağazası tapmaq mümkün deyil. Kitab mağazalarının, qəzet köşklərinin yerində apteklərin peyda olması hökumətin, xalqın başının deyil, bədəninin qayğısına qalmağı ilə bağlıdır. Telekanallarda ən çox bədənlə bağlı verilişlərin, filmlərin, reklamların verilməsi də bunu sübut edir. Apteklərin bolluğundan hiss olunur ki, ölkədə dərmana, tənzifə, pambığa… böyük tələbat var. Necə də olmasın?! Axı ölkəmizdə qəzaya düşənlərin, intihar edənlərin, bir-birini bıçaqlayanların sayı gündən-günə çoxalır. Dünyadakı ən peşəkar cərrahlar “bıçaqlananlara yardım” sahəsində cəsur həkimlərimizin əlinə əməliyyat zamanı əlcək keçirməyə də layiq deyillər. Ölkəmizdə ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olanların hamısını həkimlərimiz xilas ediblər. Bir müddət öncə 7 bıçaq zərbəsi alan müğənni Faiq Ağayevi 4-5 günün içində sağaldıb səhnəyə çıxartdılar. Müğənni indi əvvəlkindən də qəşəng tullanıb-düşür. Noyabrın 19-u evinə getdiyi yerdə 7 bıçaq zərbəsi alan Rafiq Tağını da həkimlərimiz 3 günün içində sağaltmışdılar, amma təəssüf ki, yazıçını qorumaqda səhlənkarlığa yol verildi.
Məmləkətdə “bıçaqlanma xəbərləri” hava məlumatı kimi gündə 4-5 dəfə teleradionun bütün kanallarından deyilir. Artıq ölkə əhli üçün “ər arvadının başını kəsdi” xəbəri “ilıq külək əsdi” hava proqnozu ilə eynidir. Xoşbəxt ölkələrdə insanlar sevdiklərinin vücudundakı həssas nöqtələri sevgi bəxş etməyə görə öyrənməyə cəhd edir, bizim bədbəxt ölkəmizdə isə adamlar balta-bıçaq zərbəsi üçün vücudda “nöqtələr” axtarır. Bəla ondadır ki, belə qorxulu ölkədə dəst halında satılan bıçaqların, baltaların çeşidi gündən-günə artır. Bu dəqiqə ölkədə səfərbərlik elan olunsa, 7-dən 77-yə kimi hamı “silahını” çiyninə atıb döyüşə yollanar və Qarabağı düşmən tapdağından bir gecənin içində azad edərlər. Maşallah, göz dəyməsin, bizim camaatın cüzdanında pulu olmasa da cibində 3-4 bıçağı həmişə var. Soyuducusunda ət olmasa da, evinin hər küncündə bir baltası var. Elə ona görə də Ali Baş Komandan hər çıxışında deyir ki, bizim güclü ordumuz var və hər an döyüşə hazırdır. Zarafat deyil, analar, müxtəlif çeşiddə baltalara, bıçaqlara qırmızı lent bağlayıb, ailə, məhəllə münaqişələrində fəal iştirak etmək üçün övladlarına cehiz verirlər. Balta-bıçaq ölkəmizin rəmzi, evimizin dirəyidir. Top, raket, avtomat, tapança kimi silahlar bizim camaatın cibində gəzdirdiyi küt bıçağın, mətbəx rəfində saxladıqları sapsız baltanın yanında uşaq oyuncağıdır. Silahın böyük, güclü olması vacib deyil, əsas odur ki, silahdan həvəslə istifadə edə biləsən, gördüyün işdən həzz alasan. Yeri gəlmişkən, kənd aptekində işləyən bir tanışım kənddə ən çox həzz artıran, həvəs gətirən preparatların satıldığını deyir. Hər dəfə rastlaşanda, o, kənddəki alıcılardan ilginc əhvalatlar danışır. Deyir ki, çox vaxt çobanlar dağlardan eşşəklə, atla gəlib tez-tələsik aptekdən “bazarlıq” edib yatağa qayıdırlar. Aptekdə işləyən xanımın dediyinə görə, elə çoban olur ki, heç atdan düşmür, eləcə aptekin qabağında atını qamçılayıb kişnədir, o da lazım olan “vacib” dərmanı büküb ona verir. Əgər at kişnəyəndən sonra satıcı 1-2 dəqiqə geciksə, çoban atı daha möhkəm qamçılayır, zavallı at da hirslə ayaqlarını yerə döyür və başını qapıdan içəri salıb daha hündürdən kişnəyir. Eşşəklə gələnlər isə eşşəklərini anqırdıb “siqnal” verirlər. Indi görün, uca dağların başında, səs-küydən, əsəb və gərginlikdən uzaq olan bir yerdə qalan çobanlar “həvəs dərmanı” hesabına yaşayırlarsa, şəhər hay-küyü, problemləri, tıxacları, ev-məhəllə söküntüləri içində itib batanlar nə gündədir. Görünür, çobanlar dağlardakı canavarların qorxusundan həzz, həvəs dərmanı içib şirə, aslana dönürlər. Əcəba, bütün məmləkətə daraşan acgöz CANAVARLARlardan qurtulmaq üçün nə etmək lazımdır?!.
P.S. Əgər vətəndaş ona həzz verən ölkədə yaşamırsa, istəyir vaqon-vaqon həvəs artıran dərman içsin, heç bir xeyri yoxdur, özünü tənha və bədbəxt hiss edəcək…