Bir anlığa təsəvvür edin ki, siyasi məhbusların sayı 200 nəfəri keçib. Gözədəyən bütün fəallar, yazarlar, gənclər, müxalif siyasətçilər, müstəqil QHT təmsilçiləri və sözünü deyə bilən ziyalıların hamısı tutulub. Başladıqları prosesi davam etdirirlər. Hafiz Hacıyevin dediyi kimi, hamımızı “qırıb” qurtarırlar. Xədicə Ismayıldan sonra həbslər daha da intensivləşir, ortada yalnız dialoq müxalifəti, Ramiz Mehdiyevin zalında mürgüləyən mətbuat, “dövlətçilik qayğıları” ilə yaşayan ziyalılar qalır. Siyasi dillə və olduğu kimi ifadə etsək, müxalifət yox olur. Müxalifət deyəndə də isə burada fərqli düşünən hər kəs, hər növ ictimai birlik və hərəkat nəzərdə tutulur…
Bəs bununla bitirmi hər şey?
Son vaxtlar bəzi iqtidar tərəfdarlarının bu yöndə narahatlığını sezmək olur. Onlar öz narahatlığını birbaşa söyləmirlər. Dolayısı ilə anladırlar. Məsələn, şərh verirlər ki, bu həbslər Azərbaycanın imicini korlayır. Yaxud sual edirlər ki, bu adamlara görə Qərblə üz-üzə gəlməyə dəyərmi. Nə qədər həvəs və ehtirasla Qərbi, ABŞ-ı ittiham etsələr də, bilirlər ki, bu asanlıq sadəcə Qərbin mütərəqqiliyi ilə bağlıdır. Qərb Putin kimi ağlagəlməz və qorxulu cavablar verən deyil; söy, söy, söylə, onlar isə uzun müddət demokratiyaya dəvət etməklə kifayətlənəcəklər. Amma Qərb də cavabsız qalan deyil, sən mütərəqqiliyin yolunu bitirməklə özünü onun gözündə “bitirilməli qüvvəyə” çevirirsən. Zatən Azərbaycan hakimiyyəti qısa zamanda bu yöndə böyük addımlar atdı.
Yeni çağda – internet dövründə siyasi məhbus sayını yüzlərlə artırmaq hakimiyyətə rahatlıq gətirmir. Gətirmədi də. Hakimiyyət düşünürdü ki, müstəqil QHT-lər onun ağrılı yerlərindən vurur, başağrısı gətirir, hesabatlar yayır, tənqid səsləndirir, seçkilərin saxta olduğunu sübut edir. Amma onların əsas təmsilçilərinin həbsi bunları aradan qaldırsa da, siyasi məhbus məsələsi kimi elə ciddi diskurs yaradır ki, bütün problemlərin hamısından ağır olur. Seçkini müşahidə edən olmasa belə, artıq bu qədər siyasi məhbusla onu demokratik sayan olmayacaq. Insan haqlarının durumu ilə bağlı hesabatlar da ehtiyac qalmır – siyasi məhbus problemi hər cür hesabatı əvəz edir. Sözə, izaha, hesabata gərək qalmır, hər şey bunlarsız da aydın olur. Deməli, hakimiyyət heç də arzuladığı rahat vəziyyəti əldə etmir, başağrısı hesab etdiyi problemlərdən qurtulmur.
Qalır ölkə daxilindəki rahatlıq… Bəs sizcə repressiyalarla bütün tənqidçi qüvvələri susdurmaq bu rahatlığı gətirirmi? Internet dövründə əzilən cəmiyyəti müvəqqəti olaraq susdurmaq nəzəri cəhətdən mümkündür. Lakin müvəqqəti sakitlik yaransa belə, bircə qığılcım hər an cəmiyyəti yenidən fəallaşdıra bilir. Üstəlik, bu rejimin ən güclü müxalifətini heç cür silib atmaq, sıradan çıxarmaq mümkün deyil. Bu müxalifət isə hakimiyyətin özünün əməllərindən ortaya çıxan fəsadlardır.
Hamı hər şeyi görür axı. Hardasa yaranan qəza, müalicə pulu tapmadığı üçün kiminsə fəryad videosu yayması, hansısa məmurun oğlunun davranışı, kiminsə haqsızlığa dözməyib özünü yandırması, tutulan narkotik trafiki… nə qədər belə hallar hər gün davam edir. Hakimiyyət artıq Koroğlu körpüsünə keşikçi qoyub ki, insanlar bu tribunadan istifadə etməsin. Amma nə qədər körpü var, nə qədər hündürlük var, nə qədər üsullar var. Haqsızlıq dözüləsi deyil, zaman da o zaman deyil. Hakimiyyətin öz əməllərinin fəsadlarından güclü müxalifət yoxdur. Mərkəzi Bank yetkililərinin pul çapından “şapka” alması kimi olaylar var hələ. Nələr yoxdur ki?!
Hazırda şanlı iqtidarımız repressiya ilə qurma bir ölkə yaradırsa, azacıq fəsad bu evciyin mexanizmlərini silkələyəcək. Bu gün “biz demokratik ölkəyik, biz azad ölkəyik” deyərək ağını çıxarmağın susmayan sualları var. Heç nə bitən deyil. Çünki bu, heç nə deyil, yeni çağın vazkeçilməz tələbi olan ədalət istəyidir. O ədalət ki, xalqın çörəyidir, suyudur, havasıdır. Hələ ölən rubl var, avtoritarizm və ağalığın ellər boyu çökmək şansının qapıda dayanması var. Başqa sözlə, zaman da bu rejimin müxalifətidir.