Şahvələd Çobanoğlu
Sentyabrın 19-da Avropa Parlamenti Azərbaycanda insan haqlarının durumunu müzakirə etdi və olduqca sərt qətnamə qəbul etdi. Bəziləri deyir ki, bu növbətçi bir sənəddir, amma ilk dəfə olaraq Azərbaycan hakimiyyətinin repressiyalarda iştirak edən təmsilçilərinə qarşı sanksiyalara çağırış belə bu sənəddə yer alıb. Azərbaycan Rusiyaya, neft və qaza, xalqın indiki əzgin və qorxudulmuş halına arxayın olaraq, avtoritar idarəçilik yolu tutub bu sənədə əhəmiyyət verməyə bilər, amma qətnamə mahiyyətinə görə çox əhəmiyyətlidir, ölkəmizin gələcəyi və inkişafı üçün vacib bir yolu – demokratiyanı, pozulan haqlarımızı müdafiə edir. Onun ciddi və sərt olmasındandır ki, hakimiyyətin təbliğat arsenalı sənəddən dərhal sonra Avropaya qarşı çıxışlara başlayıblar.
Hakimiyyəti qorumaq və müdafiə etmək üçün Azərbaycanda azadlıqların və haqların boğulmasını pərdələməyə hazır olan, bunun üçün hər yalanı danışan bu adamların dəlilləri yoxdur deyə, daim uydurmalara əl atırlar. Aciz qalanda insanların həssas hislərinə də toxunmağa çalışırlar. Məsələn, deyirlər ki, Avropa Qarabağ məsələsini niyə qaldırmır? Niyə Azərbaycanın mövqeyini müdafiə etmir? Hətta belə deyirlər: Avropa Qarabağ məsələsində niyə ermənilərin tərəfini tutur? Maraqlıdır ki, bu cür qınaqlar başqa vaxtlar yada düşmür, onlar bir qayda olaraq Qərbdən demokratiya ilə bağlı tənqidlər gəldikdə səslənir.
Bəs Avropa doğrudanmı Qarabağ məsələsində Ermənistanın mövqeyini müdafiə edir? Bu sualın əsası varmı?
2012-ci ilin aprelində Avropa Parlamentinin Şərq Tərəfdaşlığı Assosiasiya Sazişi barədə bir qətnamə qəbul etdi. Qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın nəzarətinə qaytarılması aydın şəkildə vurğulanır. Avropa Parlamenti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi, həm də fiziki kontingenti çıxarmasını Assosiasiya Sazişi üçün şərt olaraq ortaya qoyur.ÿ
Ermənistanla bağlı qətnamədə deyilir: Üçüncü ölkənin ərazisinin işğalı beynəlxalq hüququn pozulmasıdır və Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və bununla da bütün Şərq Tərəfdaşlığı layihəsini təhlükə altına qoyur.
Avropa Parlamentinin həmin qətnaməsində Ermənistanla bağlı deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qanunsuz fəaliyyəti sarıdan ciddi narahatlıq var. Bu fəaliyyətə xüsusilə müntəzəm hərbi manevrlər, hərbi avadanlığın və heyətin dəyişdirilməsi aiddir.
Sənəddə Ermənistana çağırış edilir ki, Dağlıq Qarabağda xidmət keçmək üçün əsgər göndərməyi dayandırsın. Sənəddə həmçinin belə bir zərurət vurğulanır ki, Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşmasını artırmaq üçün Ermənistan hakimiyyətinin siyasətinə dair xəbərlər araşdırılmalıdır.
Deməli, həmin qətnamə qəbul edildikdə Azərbaycan hakimiyyəti susdu bu barədə. Onun nəzarətində olan TV və qəzetlər, internet mediası bu barədə yazmadılar. Hələ də susurlar və hətta yalan danışırlar ki, guya Avropa Qarabağ məsələsində Ermənistanın tərəfini tutur. Amma 2012-ci ilin aprel qətnaməsi isə tarixi sənəddir.
Susmağa gəldikdə, bu da səbəbsiz deyil. Çünki həmin sənəddə həm də Azərbaycan hakimiyyəti ölkədə olan korrupsiyaya, insan haqlarının pozulmasına, mülkiyyət hüquqlarının gözlənilməməsinə, ədalətsiz məhkəmələrə, seçkilərin demokratik standartlara cavab verməməsinə görə tənqid edilir. Əslində, bu sənəd bütünlüklə Azərbaycan xalqının müdafiəsinə yönəlib. Həm sahib olduğu haqlar, həm sahib olduğu torpaqlar müdafiə edilir.
Bundan sonra necə yalan danışmaq olar ki, Avropa Qarabağ məsələsində Ermənistanın tərəfini tutur?!