Şahvələd Çobanoğlu
Sovet dövrü mətbuatyayımı şəbəkəsinin Bakıdakı varisi kimi 25 ildir fəaliyyət göstərən “Qasid” bəyan edib ki, qəzet yayımını dayandırır. Səbəb də onun göstərir ki, guya firmanın maliyyə vəziyyəti ağırdır, ona görə yayımı dayandırırlar, yalnız abunə seqmenti üzrə işləyəcəklər.
Sual olunur ki, qurumun maliyyə vəziyyəti ağırdırsa, abunəni niyə saxlayırsınız? Abunə satışdan qat-qat azdır. Köşk yayımında gəlir də abunədən çoxdur. Əgər köşklərə qəzet daşımaq çətindirsə, qəzeti evbəev daşımaqdan da çətin deyil ki?! Onsuz da köşklərə siqaret, dəftər, açar bəndi, kola, dovşan şəkli və hər cür xırdavat daşıyır, satırsınız, o maşınlar, o işçilər həm də qəzet daşıyıb satanda əlavə xərc yaranmır ki?!
Bunlar hamısı hiylədir…
Qəzet yayımını dayandırmaq yuxarıdan gələn əmrdir, başqa yerlərdən qəzet yayımı necə yığışdırdılarsa, indi də paytaxtın əsas köşk şəbəkəsindən onu yığışdırırlar. Biz illərdir deyirik ki, 19-cu əsrdə “Əkinçi”nin getdiyi kəndlərə qəzet getmir, hakimiyyət daha uzağa getdi. Dağ kəndlərindən endi qəsəbə və əyalət şəhərlərinə, rayon mərkəzlərinə, daha sonra yeraltına keçdi – yayım metrolardan yığışdırıldı. Indi isə ada kimi qalan kiçik paytaxt şəbəkəsini sıradan çıxarırlar.
Bəhanəni də hazırlayıblar, “Azadlıq” qəzetinin pulunu iki ildir vermirlər ki, firmanın maliyyə çətinliyi var. Həm pulu vermirlər, həm də yayımı dayandırmaq üçün bəhanəni formallaşdırırlar. Bu, sadəcə, çap mətbuatının kökünü kəsmək üçün planlı siyasi qəsddir. Repressiyadır. Cinayətdir.
Abunəni niyə saxlayıblar? Çünki hakimiyyət qəzetləri 99 faiz satılmır, amma məcburi abunə ilə tirajları var, bunu çatdıracaqlar…
Gələk maliyyə çətinliyinə…
“Qasid” dövlətə bağlı qurumdur. Niyə çökür? Varlı, neftli, qazlı dövlət niyə şirkətinin çökməsinə imkan verir? Niyə Rusiyada, Ermənistanda, Gürcüstanda çökmədi bənzər qurumlar, niyə azad mətbuatın izi olmadığı Türkmənistanda, Özbəkistanda dayanmadı, Azərbaycanda çökdü? Çünki dövlətin idarəçiləri belə istəyir.
Baxın, “Qasid” rəhbərliyi deyir ki, onların köşklərinin sayı azaldıldı, yığışdırıldı, söküldü, yenilərini qoymağa isə imkan verilmədi. Bunu kim etdi? Qəzet redaksiyaları, QHT-lər, siyasi partiyalar, xarici səfirliklər, ATƏT, Avropa Birliyinin parlamenti, yaxud BMT eləmədi ki! YAP hakimiyyət elədi…
Indi başqa bir sual var. “Qasid”in borcu varsa, nə böyük işdir bunu bağlamaq, daim hansısa rayona milyonlar ayıran Ilham Əliyev 1 milyon yox, onun yarısını versə, “Qasid”in hələ kassada azı 100 min pulu qalar, doğrudan da borc problemi varsa.
Yaxud da KIV-ə Dövlət Dəstəyi Fondunu götürək. Bəs bunu niyə yaradıbsız? Mətbuat üçün bundan ağrılı problem olar? Bundan vacib dəstəyə ehtiyac olar? Əgər doğrudan mətbuatın dərdini çəkməkdirsə bu işin məqsədi, niyə ölkə paytaxtında qəzet yayımı dayanır? Niyə dəstək verib aradan qaldırılmır bu problem?
Hökumətin işi jurnalistlərə mənzil paylayıb, təşəkkür və yaltaqlıq monoloqları yaratmaq deyil, bütün dünyada olduğu kimi, dövlət yalnız infrastruktur məsələlərində KIV-ə dəstək dura bilər, bunlardan biri də məhz yayımdır. Həm də çox vacibi. Niyə buna yaxın gələn yoxdur? Cavab aydındır, problem yoxdur əslində, özləri yaradıblar problemi! Məqsəd xalqın həqiqətləri oxumasına əngəl olmaqdır, olurlar!
KIV yayımı sosial əhəmiyyətli məhsulun satışıdır və bu sahədə dövlət əngəlləri aradan qaldırmağa borcludur. Köşklərin sayı və yerləşmə sıxlığı o qədər olmalıdır ki, vətəndaşlar əl altında, yol üstündə qəzeti alan bilməlidir. Belə çıxır ki, bizdə qəzet almaq üçün redaksiyaya gəlmək lazımdır…
Çox yaxşı dəstək verdiniz amma!