Eyni hədəfə qarşı mübarizə hədsiz uzun çəkdi deyə, müxalifətlə bağlı iddiaları da çox tez-tez eşidirik. Zamanında bu iddiaların bir çoxunu təhlil etmişik. Bu günlərdə tez-tez eşidildiyi üçün onlardan birinin üzərində dayanaq. Həmin iddialardan biri də budur ki, “müxalifət metodlarını dəyişməlidir”.
Yəni iddia budur ki, müxalifət mübarizə metodlarını dəyişməlidir. Prinsipcə, bu sözü deyən adam mövcud hakimiyyətin dəyişməsini istəyən adam olmalıdır. Amma əksər hallarda bu sözün altından da “təki müxalifətə qarşı bir söz olsun” deyə çalışanlar peyda olur, amma bu sözü səmimi deyənlər də var.
Bəs müxalifət hansı metodlardan imtina etməli, hansılara üstünlük verməlidir? Şəxsən mən hər dəfə bunu sormaq istəyirəm. Bu metodlardan birini nə üçün söyləyən yoxdur?!
Təbii ki, bizim müxalif qurumların obyektiv və subyektiv olan zəifliklərini təhlil etmək olar, təhlil edilir də, edilməlidir də. Tənqidlər də həmçinin. Daha çox çalışılmalıdır, daha konkret və daha ardıcıl addımlar izlənilməlidir və s. Təbii ki, müxalifətin ritorikası da, vitrini də, sıra sayı və əhatəsi də, imkanları da zənginləşməlidir. Çox şeyə ehtiyac var. Birlik məsələlərindən tutmuş, adi davranışlara qədər müxalif cinaha xeyli arzular və iradlar söyləmək olar.
Bəs bu yeni metodlar nə olmalıdır? Ən çətin şərtlər altında, ən məhdud imkanlarla müxalifət nələrə əl atmır axı. Bəlkə biz doğrudan da bilmirik. Səmimi olaraq bu qayğını bölüşənlər söyləməlidir bunu. Söhbət adamlardan, liderlərdən getmir, kimi bəyənirsiniz, kimi bəyənmirsiniz, bu da öz yerində. Mübarizənin hansı yeni metodları seçilməlidir? Varmı belə üsullar?
Bir vaxtlar müxalifəti radikal metodları seçməkdə günahlandırırdılar, guya kimsə əlinə silah alıb kiməsə atəş açır. Amma yumşaq üzünə dönənlərin təcrübəsi göstərdi ki, bu üsulla heç cib müxalifəti də düzəltmək olmur.
Hakimiyyətin boz təbliğatçıları və dönüklük yolu tutan müxaliflər uzun müddət mitinqləri tənqidə tuturdular, elə indi də belə edənlər var. Lakin mitinqləri qaragüruhçuluq sayanlar da bilir ki, kütləvi aksiyalarsız ölkədə dəyişikliyə nail olmaq mümkün deyil. Bizim çağımızda bütün xalqlar haqlarını meydanlarda alıblar. Sonuncu prezident seçkilərini götürək: müxalifət vahid namizədlə çıxış edirdi və onun çıxışları qədərincə parlaq oldu. Qələbəsi də real idi. Amma MSK səsləri növbəti dəfə saxtalaşdıranda meydanda bu durumu dəyişdirəcək qədər narazı səs toplaşmadı.
Uzun müddət deyilir ki, yeni liderlər, yeni qurumlar yaranmalıdır. Onlar da yarandı və yenə də yarana bilər. Amma yollar ki eynidir. Bu tarixi əhvalatı, tamam başqa bir mövzuda olsa da, bir dəfə də yazmışam…
…Hökmdar Ptolemeyin vaxtında iki cür yol olurmuş. Biri hamı üçün. Digəri çar və onun yaxınları üçün – qısa, kəsə və rahat. Bir gün hökmdar həndəsə öyrənmək istəyir və Evklidi yanına çağırır. Soruşur ki, həndəsini öyrənməyin kəsə və rahat yolu varmı?
Evklid də deyir:
– Xeyr, həndəsədə rahat hökmdar yolu yoxdur.
Bizim dərə-təpəli siyasət üçün də belədir. Üstəlik, şərtlər kimi, yollar və metodlar da eyni deyilmi? Hətta tutaq ki, gedilən yollar doğrudan da yanlışdır. Bəs nə etmək olar? Kiminsə təklifi, fikri varmı?
Müxalifət həmişə seçkiləri udur, deməli, hər şey pis deyil. Amma səsləri qorumağa meydana qədərincə insan çıxmır. Bu da onu göstərir ki, repressiyalar və təzyiqlər nəticəsində xalqın meydana çıxmaqdan çəkinməsinə başqa adlar qoymaq heç nə vermir bizə. Təbii ki, kiminsə mübarizədən kənarda qalmasına başqa amillər də təsir edə bilər. Hesab edək ki, kimsə elə mənim yazılarımdan narazı qalıb və müxalifətə yaxın gəlmir. Amma əsas amil bu deyil axı. Əsas amil amansız repressiyaların yaratdığı xofun aşıla bilməməsidir. Yoxsa niyə meydana gəlməyən insanlar seçkidə müxalifətə səs verir?
Amma yenə də könül istər ki, yeni metodlar deyilsin, səsləndirilsin…