Dərdi anlatmaq üçün bizdə tez-tez belə deyirlər: “Özünü onun yerinə qoy!” Ya da söyləyirlər ki, adam özünü onun yerinə qoyanda anlayır bunu…
Azərbaycan əsgərləri öləndə dəfələrlə eşitmişəm bu sözü: “Özünüzü o əsgərin anasının, atasının, qardaşının yerinə qoyun!” Dərman pulu tapmayan bir professor barədə yazını oxuyan adamdan da bu sözü eşitmişəm. Uşaqlarının ac-yalavac qaldığını deyən anaya münasibətdə də eşitmişəm. Həbsdə olan siyasi fəalların durumunu anlamaq üçün də bu sözü deyirlər. Bizdə tez-tez səslənir bu söz.
Həmdərd olmağın bu yolu danıla bilməz, inkar edilə bilməz. Dinlər də buna çağırır; ədəbiyyat – bədii əsərlər əksər hallarda dərdin təsviri ilə qalmır, qiymətli əsərlər yaratmaq üçün həmdərd etmək yolunu tutur. Kino da, teatr da, musiqi və rəsm də bu yolun başındadır həmişə. Bilirəm ki, bu üsul həmişə olacaq və bu sözü həmişə deyəcəklər. Biz də həmişə eşidəcəyik: özünü onların yerinə qoy! Çağımız bu yolu, bu sözü silə bilməyəcək gerçəklikdən.
Amma bizim çağımızda dərdi anlamaq üçün bu həmdərdlik yolu bəs etmir. Özgənin yerinə qoymaqla nə baş verdiyini anlamaq bəs etmir. Çünki bu, sənin başına gələr deyə anlamaqdır dərdi, amma sən başına gəlməsə belə, dərdi bilməlisən, görməlisən, deməlisən.
Bizim dövrümüzdə dərdləri, problemləri, ağrıları anlamaq üçün özünü bunu yaşayan özgələrin yerinə qoymaq doğrudan da bəs etmir, bəzən də özünü onun yerinə qoymağa adam tapmırsan. Məsələn, seçki saxta keçirildiyi günlərdə kiminsə ölümünü, faciəsini görmürsən. Özünü kimin yerinə qoyub həmin günün ağrısını duyacaqsan? Amma əksər dərdlərin mənbəyi elə həmin saxtakarlıq deyilmi?! Ona görə də, yeni çağda dərdi anlamaq üçün dəyərləri anlamaq lazım gəlir.
Yeni çağ vətəndaşlıq tələb edir. Yeni çağ öz yerində olmaq tələb edir. Bu, öz yerində olaraq anlamaqdır durumu, yəni başqasının göz yaşları olmadan da. Yəni bizim dövrdə bilgi, haqlar və ictimai dəyərlər fonunda düşündükdə gerçək dərdi anlamaq olur.
Yaxşılıq edib bu ölkəni qurtarmaq mümkün deyil. Hamını sevib də, hamıya gülümsünüb də bədbəxt bir toplumu ovundura bilmirsən. Xeyirxahlıq, xeyriyyəçilik, həmdərdlik çox vacibdir, amma demokratik, şəffaf, məsuliyyətli bir idarəçilik qurmadan onlar çox az şey həll edir.
Bilməlisən ki, elə bir idarəçilik var ki, onu qurmadan sabaha zəmanət yoxdur. Bilməlisən ki, bu korrupsiya və özbaşınalıq əsgər ölümlərinə yol açacaq, təhsili, səhiyyəni məhv edəcək. Öz yerində dayanıb anlamalısan ki, bir ailənin hakimiyyəti hər cür bəlanın başlanğıcı və səbəbidir. Bunu anlamaq üçün özünü özgənin yerinə qoymağı gözləmək gərək deyil. Əsgər öləndə, təhsil və səhiyyə batanda özünü orda görüb anlamaq hətta faydasız olur. Vətəndaş olub, dəyərlərə qatlanıb vaxtında səsini qaldıranda bilmək olur hara getdiyimizi.
Qarabağ döyüşçüsü Zaur Həsənovun özünü şəhərin mərkəzində və övladlarının gözü qarşısında yandırması heç vaxt unudulmayacaq. Haqsızlığa etiraz edən bu adam özünü Səttar Mehbalıyevin şelləndiyi idarənin qarşısında yandırmışdı. Bura isə son dövrlər etiraz aksiyalarının keçirildiyi Fəvvarələr meydanı ətrafındadır. Özünü Zaurun, onun övladlarının yerinə qoyub qəlbi yananlar bundan əvvəllər həmin mitinqlərə gəlib meydanı doldursaydı, həmin meydana pəncərədən baxan mehbalıyevlər bu döyüşçünü intihar həddinə çatdırmazdılar, qorxardılar…
Özünü başqasının yerinə qoymaq yaxşıdır, amma özünü öz yerinə qoyub həmin mitinqə də gəlmək olardı. Axı sən harada idin o gün? Bilirsiniz bu sualı nə qədər səsləndirmək gərəkdir bizim ölkədə? Bilirsiniz bu sualın aid olduğu nə qədər günlər olub yaxın tariximizdə? Başqa halda sizin özünüzü faciə yaşayan o insanın yerinə qoymağınız, hətta onun övladlarının xeyirxahına çevrilməyiniz nə qədər yaxşı olsa da, xeyli gecikmiş bir işdir…
Hətta bəzən xeyirxahlıq, başqasının dərdini anlamaq, başqasının dərdinə ağlamaq olduqca gecikmiş işdir. Siyasətə yaxından baxmaq gərəkdir, elə xeyirxahlıq naminə!