Amerika qeydləri (II yazı)
Əvvəla, unutmayaq ki, ABŞ çox nəhəng ölkədir və onun barədə ümumi fikir söylədikdə mütləq xəta olur. Düşünün ki, bir ştatda qanun olan şeyin başqa birində qanunsuz sayılması mümkündü. Ona görə də aşağıdakı qeydlərim yerinə görə dəyişə bilər.
ABŞ-da siqarət çox bahadır. Ən ucuz yerlərdə bir qutu siqaretə 6 dollar verməlisən. Belə yerlər çox deyil. Nyu-Yorkda 14 dollardır bir qutu. Əksərən, siqaretin qutusu 10 dollardı.
Siqaret bizdənkindən təkcə qiymətinə görə fərqlənmir. Tüstüsü də ayrı cürdür, ehtimalən, bizimkilərə baxanda cana daha az ziyan vurur.
Siqaretə qatılan nəsə bir maddə var ki, onu sovurmayanda dərhal sönür. Yəni, yerə atdınızmı, qısa vaxta sönür. Bu potensial yanğın riskini azaltmaq üçündü.
Siqareti hər yərdə çəkə bilməzsən. Bağlı məkanlarda bu qadağandı. Hətta öz evində belə. Evlərə xüsusi cihaz quraşdırılıb, tüstünü görən kimi ulayır və buna görə belinə babat cərimə yazılır.
Qapalı yerlərdə siqaret çəkmə qadağasına ABŞ 1993-cü ildən start verib. Öncə dövlət binalarının içində və onların metr yarımlığında siqaret çəkməyə izacə olmayıb.
Daha sonra bu qadağanın arelalı genişlənib. İndi ABŞ-da elə açıq yerlər var ki, orda da siqaret çəkmək qadağandı. Turistləri çaşdıran belə bir hal var. Məsələn, görürsünüz ki, hansısa tinə “smoke free” yazılıb, səndə o dəqiqə bir siqaret alışdırırsan. Axı free (azad) sözünü görmüsən. Bu böyük xətadır, əslində bu elanın məqsədi bu ərazinin tüstüdən (smoke) azad olduğunu göstərir.
ABŞ-də elektron siqaret yayğındı. Amma bir qədər əvvəl ABŞ Səhiyyə nazirliyinin qeydini oxudum ki, yaxınlarda əsl siqaretə tətbiq olunan məhdudiyyət buna da şamil olunacaq. Yəni, reklamı yasaq, qapalı yerdə çəkilməsi də eləcə.
Siqarət azyaşlılara, məktəblilərə çox ciddi şəkildə satılmır. Hətta, sifətdən bir az məktəbliyə bənzəsəniz, dükançı sizdən pasport istəyəcək.
Deyim ki, siqaret qadağası öz işini görüb. Bizdəki kimi hər tinbaşı, küçə boyunca siqarət çəkənləri burda görmək çətindi.
***
İçki siqaretə baxanda ucuzdu, məsələn 20 ədədli “Henken” pivəsinin qutusu 24 dollara. Amma bir şey var, burda küçədə, bayırda əlində içki butulkası gəzmək, içmək hünər istər. Qadağandı. Bu da var: tutaq ki, öz maşınınızla harasa gedirsiniz. Haqqınız yoxdur ki, maşının salonunda spirtli içki olsun. İçkini baqaja atmaq məcburiyyətindəsiniz. Qanun belə tələb edir.
***
Narkotik, xüsusən marixuana ABŞ-da elə İran qədər yayğındı. ABŞ hər il təxminən, Azərbaycan büdcəsi qədər vəsaiti narkomaniya ilə mübarizəyə xərcləyir. Amma nəzərəçarpacaq effekt yoxdu.