Köhnə bir lətifə var, zənnimcə, eşitmiş olarsınız. Bir tənbəl və amma çoxbilmiş tələbə olur. Zoologiyadan imtahan sualları arasında ancaq bit mövzusunu öyrənir, özü də çox mükəmməl formada. Bileti çəkir, nə heyvan düşür, tələbə deyir ki, müəllim, filan heyvanın tükü var, tükündə də biti var və başlayır bit haqda sicilləmə danışmağa.
Müəllim bu fırıldağın qarşısını almaq üçün deyir ki, oğul, indi mənə balıq haqda danış. Tələbə heç tövrünü pozmadan deyir: “Müəllim, balığın tükü yoxdu, olsaydı, tükündə biti olardı…” Və yenə köhnə qayda ilə bitdən bəhs edir. Bu lətifədəki o tələbəni mən yaxşı və pis mənada siyasətdən danışanlarımıza aid edirəm.
Bizim siyasətdən danışanlarımızı iki qismə ayırıram. Birincilər: mövzu hər nə olur olsun, söhbəti xarici dairələrə, güc mərkəzlərinə bağlayanlar, xırda bir məsələyə geopolitika cilası verənlər; Ikincilər: sərhədlərimizdən kənarda, “geopolitika” deyilən şeyin içində baş verənləri ölkə daxilinə çəkib gətirənlər və daxili siyasətlə əlaqələndirənlər.
Özümü ikincilərdən sayıram. Ona görə dünən Əli Kərimlinin Ukraynada baş verənlərlə bağlı yazdığı statusu da belə qəbul edərək, “facebook” profilimdə paylaşmışdım. Status ətrafında maraqlı, ziddiyyətli müzakirələri gözdən keçirdikdən sonra bu qeydləri yazmağı faydalı bilirəm. Həmin statusda ciddi mətləblər var idi, təəssüf ki, onları bir yana buraxıb, daha çox 2-3-cü dərəcəli və əksərən bizdən asılı olmayan məqamlar üzərində mübahisələr qızışdı.
Əslində, o statusda məqsəd yalnız Ukraynada baş verənləri dəyərləndirmək deyildi. Ukraynadan daha çox özümüz haqda idi bu status. Əvvəla, ictimai şüur istər-istəməz Azərbaycan müxalifətini Ukraynadakı demokratik qüvvələrlə eyni tipli qüvvə kimi qəbul edir və onların etdiyi səhvin bizdə də təkrarlanacağından şübhələnir.
Əslində, Əli Kərimli Ukrayna liderlərinin dünənki qətiyyətsiz mövqeyini ona görə tənqid edirdi ki, onlarla Azərbaycan müxalifəti arasında müəyyən məsafə olsun. “Biz tam olaraq onlar kimi deyilik” fikrini ictimai fikrə ötürürdü. Ikincisi, sirr deyil ki, bizim öz tariximizdə də qətiyyətsizlik məqamları olub. Əli bəy də diplomatik şəkildə indi bizim fərqli olduğumuzu vurğulayıb. Nəhayət, ölkə ictimai fikrində istər-istəməz qayğı var ki, hakimiyyət dəyişikliyi olsa, sabitlik qorunub saxlanacaqmı? Yoxsa, yenə demokratiya adı altında anarxiyanın meydan sulamasına imkan veriləcək?
Əli Kərimlinin məlum statusunu da bu kontekstdə başa düşdüm. Yəni, o, dolayı yolla da olsa, cəmiyyətə mesaj verdi ki, lazım olan vaxtda zəruri addımları ata, üzərinə məsuliyyət götürə bilər.
***
Vicdan məhbusu Pərviz Həşimlinin məhkəməsində baş verən biabırçılıqdan da söz açmaq istəyirəm. Pərvizin “torbasını tikmək” üçün son məhkəmə iclasında ifadə verən üç şahid nə oxuya, nə də yaza bilirdilər. Adını, yaşını belə, unudan adamlar qıpqırmızı üzə dururdular. Lap əvvəlki prosesdə isə üzəduran içki düşkününün biriydi. Adam o qədər meyə meyllidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə də babat içib gəlmişdi. Onun spirti o qədər bol idi ki, hətta hakim də bunu gizlədə bilmədi.
Pərvizə qarşı “şahid” tutulanlardan biri o gün lap “klass” yaratdı. Adam rəsmən o “Bozbaş-pikçers”dəki Fəlakət idi. Bir sözü dönə-dönə təkrar edirdi.
Hakim: Məhkum olunmusanmı?
Şahid: Bəli, bəli, bəli.
Hakim: Hansı maddə ilə, niyə?
Şahid: Bilmirəm, bilmirəm.
Hakim: Anlamadım, türmədə olmusan?
Şahid: Yox, yox, yox.
Bu sual cavabın üstündən 5 dəqiqə keçmədi, vəkillər şahiddən “məhkum olunmusanmı?” soruşdular. Adam yenə “bəli, bəli, bəli” dedi. Bəs “hansı türmədə, hansı maddə ilə” sualına isə cavab yenə fərqlənmədi: “Yox, yox, yox, türmədə olmamışam”.
Axıra qədər qanmadım ki, bu adam məhkum olub, ya yox. Məsələ o yerə çatmışdı ki, şahidin ifadələrinə görə zalda gülənləri sakitləşdirmək istəyən hakimlər də sonda ciddiyyətlərini itirib özləri gülməyə başlamışdılar.
Bilirsinizmi, o şahidlərin naqis keyfiyyətlərindən, cəmiyyətin dibində sürünməsindən, savadsız və cahilliyindən çox, qalstuklu, kübar görkəmli və savadlı hakimə acıyıram. O, məhz o, bu komediyaya ciddi görkəm verir və bu cür insanlıq yükünü çəkə bilməyən, öz məsuliyyətini unudan “şahid”lərin sözünü mötəbər bilib, Pərvizə Azərbaycan dövləti adından hökm oxuyacaq.