Bir siyasi şounu sizlə birgə ifşa eləmək istəyirəm. Neçə vaxtdır hökumət mətbuatı təbliğat aparır ki, səyyar həkim briqadası kənd, şəhər, qəsəbə deməyib insanları pulsuz-parasız müayinə edir. Bütün bunlar Ilham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığı ilə bağlıdır. Bu kampaniya çərçivəsində gerçəkdən də əziyyət çəkən həkim yoldaşların əməyini azaltmaq niyyətində deyiləm. Bir nəfər xəstə bu işlər çərçivəsində şəfa tapırsa, nə yaxşı.
Bəs azarın nədir Natiq müəllim, soruşursunuzsa, yazıram. Əziz oxucu, əvvəlcə dəqiqləşdirək: Biz hansı ölkədə, hansı dövrdə yaşayırıq. Cavab: 21-ci əsr, Avropa Şurasının üzvü olan, neft gəlirləri ilə külli aləmə təşəxxüs satan bir ölkəyik. Indi bir rəsmi xəbəri oxuyaq. AzərTAc yazır ki, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 12 həkim briqadası Bərdədə 40 gün (17 fevral-29 mart) əhalinin tibbi müayinəsini aparıb. Bu müddətdə 49 min 83 nəfər müayinədən keçirilib.
Riyaziyyatla aranız necədi, xırda hesablama edəcəyik. AzərTAc-ın yazmasından belə çıxır ki, 40 gündə (7 gün bayramı çıxasaq, 33 gün qalır) həkim briqadası günə azı 1220 adamı müayinədən keçirib. Insaf edin, bu boyda da gop olarmı? Əzizim, insan müayinə etmək bu qədər asan işdi? 1220 adamın ad, soyadın heç bir gündə siyahıya alıb bitirmək olmaz, onda qala ki, onun dişini, başını, mədəsini yoxlayasan… Deməli, bu kampaniya da “quş qoymaq”, Ilham Əliyevə reklam materialı düzəltmək üçün quraşdırılıb.
Daha bir məqam. Əziz oxucu, deyəsən, sən də unutmusan, axı 2008-ci ildə Ilham Əliyev bütün tibbi müayinələrin pulsuz olması ilə bağlı sərəncam vermişdi. Indi sual yaranır, madam ki Bərdədə və başqa yerlərdə bütün müayinələr pulsuz idisə, bəs bu basabas nədir? Insanlarımız nədən bu pulsuz atüstü müayinəyə möhtac qalıb? Dərin təhlilə ehtiyac qalmır ki, demək, Ilham Əliyevin “pulsuz səhiyyə” ilə bağlı o məlum sərəncamı da şirin nağıldan başqa bir şey olmayıb.
Sual yaranır; bu adamın 2008-ci ildə verdiyi sərəncamını həkimlər o zaman eşitməyibsə, indi hardan əmin olaq ki, eşidib layiqincə əməl edəcəklər? Bir xüsusi məqamı da aydınlaşdırmağa ehitiyac yaranır: deyə bilərsiniz ki, səyyar müayinələrə qıcıq olmaq əbəsdir, bəlkə elə yerlər var ki, orda tibb məntəqəsi, həkim heyəti yoxdur? Siz belə bir qəfil sualla qarşıma çıxsanız, mən də sizdən soruşmaq məcburiyyətindəyəm ki, necə olur kosmosa raket uçuran ölkənin insan yaşayan məntəqələrində həkim mətəqəsi, xəstəxanalar yoxdur? Axı bu problemi Sovet hökuməti lap qədimdən həll etmişdi.
Həqiqət isə budur ki, səyyar müayinələr təkcə kəndlərdə aparılmır, Bakıda da gedir. Yəni paytaxt camaatı da bu xidmətə cəlb olunub. Haranı da desəniz, Bakının dövlət xəstəxanası sarıdan korluq çəkdiyini deyə bilməzsiniz. Konkret Bərdəyə gəldikdə… 2009-cu ilin martında bu rayonda Müalicə Diqanostika Mərkəzinin qırmızı lentini Ilham Əliyev özü kəsmişdi. O, burdakı çıxışında əminliyini ifadə etmişdi ki, bu mərkəz həm Bərdə sakinlərinə, həm də qonşu rayonlarda yaşayan insanlara ən yüksək səviyyədə xidmət göstərəcəkdir. Bəs nə oldu? Bərdənin mərkəzi xəstəxanaları da var, bəh-bəhlə təqdim edilən Müalicə Diqanostika Mərkəzi də. Ancaq məlum olur ki, onlar bir işə yaramır. Yarasaydı, o səyyar briqadalara nə gərək vardı. Düzdür, dünyanın inkişaf etmiş ölkələrində də səyyar briqadalar olur, amma onlar müayinə-filan kimi sadə şeylər üçün qarlı dağlar aşıb keçmir, ciddi əməliyyata ehtiyac olanda yola düşürlər.
Əminliklə bunu da bəyan edə bilərik ki, Ilham Əliyevin səyyar tibbi müayinələrlə bağlı verdiyi sərəncam həm də külli miqdarda dövlət vəsaiti hesabına tikilən Müalicə Diqanostika Mərkəzlərinin də faydalı iş əmsalını heçə endirir. Gəldik sona. Elə AzərTAc-ın yaydığı xəbər bülletenində Firuzə Cavadova adlı qadın deyir: “Kənd sakinlərinin çoxu müayinə üçün rayon mərkəzinə gedə bilmir. Həkimlərin kəndimizə gələrək bizi burada müayinə etməsi hamımızın ürəyincədir”.
Təsəvvür edirsiniz: Avropa Şurasını üzvü, neft ölkəsi və analoqsuz ikişaf edən ölkənin sakini kənddən rayon mərkəzinə getməyə imkan edə bilmir. Bu biçarə rayon mərkəzinə gedə bilsə, bahalı dava-dərmana necə pul tapacaq? Bu günün ağır sualıdır!