Ata-oğul Əliyevlərin dövründə düz 13 il baş nazirin birinci müavini kimi mühüm postda çalışan Abbas Abbasov. Onun “Istiqlal” ordeni də var… Vəzifədən gedəndən Moskvada yaşayan keçmiş məmurun üç gündür ki, mətbuatda silsilə müsahibələri yayılır. Uzun müsahibələrin az qala, hər abzasında Abbas Abbasov Ilham Əliyevə biət edir. Gah Heydər Əliyevə, gah Ilham Əliyevə sadiq olduğunu, dünya dağılsa da sədaqətini qoruyacağını bəyan edir, arabir “Ilham Əliyev mənim qardaşım, dostumdur” deyir. Olsun. Maraqlı olan isə bu adamın gileyləridir.
Adam şikayətlənir ki, ömrünün 15 ilini Azərbaycana verib, indi isə ondan düşmən obrazı yaradırlar. “Azərbaycanda 3-4 adam mənim düşmən obrazımı yaratmağa çalışır. Mənsə öz xalqıma, dövlətimə və Ilham Əliyevə heç vaxt düşmən olmayacağam”, – deyə fəryad qoparır Abbas müəllim. Sonra təklif edir ki, ona qarşı hücuma keçənlər bundansa öz potensial və imkanlarından Azərbaycan xalqının rifahı üçün istifadə etsinlər. Və müsahibənin qızıl yeri; Abbasov açıq deyir ki, istefadan sonra xaricə getməyinin əsas səbəbi ölkədə – Azərbaycanda özünü, ailəsini dolandırmaq imkanının olmamasıdır. Keçmiş məmur əminliklə öz bacarığını da öyür, deyir ki, qabiliyyətli adamdır, Türkiyədə, Moskvada biznes qurub, pul qazanır. Indi isə bizdə sual yaranır: Abbas müəllim, Anadolu türkləri demiş, bu nə pəhriz, bu nə tutma?!
Bir yandan Ilham Əliyevi, onun atasını öyürsən, dağlar başına qoyursan, o biri yandan da ölkədə biznes mühitinin olmadığından şikayətlənirsən? Ayıb olmasın, siz bu rejimin nəyinə aşiq olmusunuz bəs? Deyirsiniz ki, ömrünüzün 15 ilini Azərbaycana sərf etmisiz, hələ yenə potensialınızı təklif edirsiz. Ay qardaş, yaratdığınız Azərbaycan budur da. O Azərbaycandır ki, yaxanızda mötəbər bir medal olmasına baxmayaraq, Odlar Yurdunda dolanışığın olmadığını təsdiqləyirsiz.
Indi sizin kimi, xeyli titulu və hakim elitada dost-tanışı olan insan Azərbaycanda dolana bilmirsə, vay bizlərin halına… Təsəvvür edirsinizmi, sizin imtiyazlarınıza sahib olmayan insanlara öydüyünüz adamlar hansı sitəmləri yaşadıb? Məmur olanda, tutaq ki, rahat kreslo bunu hiss etməyə imkan verməyib, bəs indi niyə Azərbaycan insanının hal-vəziyyətinin nə gündə olduğunu görmürsüz? Abbas müəllim qürurla deyir ki, postundan könüllü, öz arzusu ilə gedib. Çünki anlayıb ki, 15 il su da bir yerdə qalsa, iylənər. Tamam, biz də bu həqiqəti çoxdan anlayanlardanıq.
Bəs 69-cu ildən bəri öz yerində dayanan Əliyev səltənəti heçmi qoxusunu dəyişməyib? Yoxsa, Abbas müəllimin qoxubilmə orqanları Əliyevlərə münasibətdə başqa cür işləyir? Bütün bunlardan sonra onu demək qalır ki, Abbas müəllim, sizi kim düşmən kimi təqdim edir, bilmirəm, amma içində yer aldığınız siyasət xalqa qarşı düşmənçilik olub.
Bu xalqın zəlil günə qoyulmasında sizin də 15 illik “zəhmətiniz” var, əlbəttə. Ona görə də Allah eşqinə, Abbas müəllim, insanlarımızın duyğularını istismar etməyin. Sizin Ilham Əliyevə məhəbbətiniz çox ürəkbulandırıcıdır. Bu, saxta məhəbbətdir. Yox, bütün olub-keçənlərə baxmayaraq, siz yenə də Ilham Əliyevi öyməkdə davam edirsinizsə, izn verin, sizin siyasi dərrakənizi sual altına qoyaq. Bu ölkədə quş da Ilham Əliyevin xəbəri olmadan qanad çalmır. Siz isə deyirsiniz ki, guya, kimlərsə ona sizin barənizdə yalan məlumatlar verib aranızı vurur. Bilirsiniz, belə bəsit formalardan istifadə edən əyalət insanlarının açıqlamasını görəndə biz onları çox rahat başa düşürük. Siz isə başa düşülməzsiniz…
Tərəfinizi bəlli edin, Abbas müəllim. Ilham Əliyev sizin qardaşınız və yaxşı adamdırsa, onun şah əsəri olan Azərbaycana dodaq büzmək haqqınız yoxdu. Necə deyərlər, bəy dediyin nədir, bəyənmədiyin nə?! Unutmayın, yarım hamiləlik olmadığı kimi, yarım həqiqət də olmur. Ya özünüzdə cəsarət tapın, Azərbaycandakı problemləri adı ilə düzgün çağırın, ya da susun. Əlahəzrət kimi qəbul etdiyiniz şəxsdən gələn bəlaları da nuşcanlıqla qəbul edin.