Deyəsən, Əhməd Hakan (“Hürriyet” qəzeti) yazmışdı; Türkiyədə yayımlanan gizli telefon danışıqları o qədər maraqlı, o qədər çoxdur ki, onlardan vaxt tapıb kitab, qəzet də oxuya bilmirik.
Türkiyə gündəmini ciddi formada məşğul edən səs qeydləri doğrudan da çox maraqlıdır. Bacardığım qədər izləyirəm. Onların doğru, yoxsa AKP-çilərin təbirincə desək, montajlanmış olduğunu mübahisə etməyəcəm. Səs qeydləri ilə bağlı üç vacib hala toxunacağam.
Bir: qabaq bizim ellərdə avtomobil haqda deyərdilər ki, dəmirdi, texnikadır, onda vəfa olmaz. Yəni işini etibarlı tut. Bunu indi bütün texnikaya aid etmək olar. Türkiyə sübut etdi ki, məxfi danışıqlar üçün icad edilən telefonları da bal kimi dinləmək mümkündü. Heç bir texnika “sirr saxlamağı” bacarmır. Nə telefon, nə sizin gücləndirilmiş emailləriniz, nə də kompüterləriniz və s.
Hər ziyanda bir xeyir var, gəlin ümid edək, bizim kimi sadə insanların başını “bu telefon ona görə bahadır ki, onu izləmək olmur” deyib tovlayanların bazarı Türkiyə skandalından sarsılacaq və camaatımız bahalı telefonları düşük qiymətlərlə əldə edə biləcək.
Iki: Mobil telefonlar çıxandan elə bir il olmaz ki, hansısa dövlətdə “gizli dinləmə” ilə bağlı skandal yaranmasın. Bizim ölkə də bundan xali deyil. Mobil telefonların ölkəmizə təzə qədəm qoyduğu bir vaxtlarda (1998) müxalifət liderləri ölkədəki operatorları onların danışıq və hərəkət trayektoriyasını mitinqlər zamanı hakimiyyətə ötürməklə bağlı məhkəmə iddiaları qaldırmışdılar. Düzü bilmədim o iddialar nəylə nəticələndi. Demək istəyirəm, hər il əyan olur ki, telefonlar dinlənilir, deməli, danışıqlarda müəyyən sərhədlər gözlənilməlidir, amma xeyri yoxdur, doğrudan da insan fitrətən səbatsız yaradılıbmış; hamı bu skandalları tezcə unudur və növbəti skandallar peyda olur.
Birinci və ikinci bəndləri ümumiləşdirsək, demək, bir halda ki əngin səma altında heç nəyi sirr saxlamaq olmur, heç nəyi gizlətmək olmur, o zaman tək bir çarə var: düzgün düşünməli, düzgün danışmalı, düzgün də hərəkət etməliyik. Bilirəm o qədər asan deyil, amma razılaşın, biabır olmaq bundan lap ağırdır.
Üç: R.T.Ərdoğanla danışan ən azı üç nəfərin səs yazısında diqqətimi nə çəkdi bilirsizmi? Onlar baş nazirə “sən”, “abi” deyə müraciət edir. Bu adamlar kimdir bəs? Ona ailə bağı ilə yaxın olmayan jurnalistlər, iş adamları. Inanıram ki, R.T.Ərdoğana bu tərzdə müraciət edənlər elə o üç nəfərlə məhdudlaşmayıb. Bunu ona görə xüsusi vurğuladım ki, bir anlığa fikirləşəsiniz, Ilham Əliyevə görəsən belə məhrəmcəsinə müraciət edən bir jurnalist, biznesmen varmı?
Başa düşürəm ki, bu müqayisə Ərdoğana simpatiya bəsləyənlərin acığına gələcək, Ərdoğan hara, Ilham hara deyə. Ərdoğan demokratdır deyəcəklər. Olsun. Bəs, diktatura rejimi sayılan Iranın eks-prezideti Əhmədi Nejatı örnək versəm necədi? Biz elə bu köşəmizdə Əhmədi Nejatın öz karikaturalarını gülərək izlədiyindən bəhs etmişik. Eləcə də çoxlu nümunələr var ki, o da çoxları ilə səmimi münasibətdədir.
Ilham Əliyev belə şeylərdən məhrumdur. Bunun səbəbini isə bir zaman onun atasının verdiyi müsahibədə axtarmalıyıq. Heydər Əliyev ömrünün pirani vaxtında dostu olmadığını demişdi.
Bu adamlar, ümumiyyətlə, dost qazanmaq istəyirlərmi? Bax bunu bilmirəm.
Düşmən qazanmağı isə çox yaxşı bacarırlar. Görünür, onlara da bu lazımdı.