İlham Əliyev bulvarda “Şeytan çarxı”nın açılışında şəxsən iştirak edəndə mən bir daha yaman yerdə axşamladığımızın fərqinə vardım. Müharibə şəraitində yaşayan bir ölkənin rəhbəri gör nə qədər bekar qalıb ki, “Şeytan çarxı”nın açılışına qatılır.
Yadıma bir əfsanə düşür. Deyirlər iki nəfəri asmağa aparırmışlar. Onlardan biri elə hey nifrin deyirmiş, o biri isə, mühakimə vaxtından dara gedənə qədər, yoldaşına tövsiyə edirmiş ki, “buna da şükür”. Axırda birinci dözmür deyir, rəhmətliyin nəvəsi, bir azdan ipdə sallanacağıq, burda nə şükürlük var? Elə bu vaxt əmr gəlir ki, canilərin əlləri kəsilsin. Gözləri çıxrılsın, sonra asılsın.
Indi, qardaş, biz Ilham Əliyevin qayçısını götürüb yeraltı keçidin, 2 sotluq parkın açılışında görəndə fəğan etməyimizin necə səhv olduğunu anlamalıyıq. Şükür etmək lazımdır, hətta mən təklif edirəm ki, “regionun lider dövlətinin” rəhbərinin “Şeytan çarxı”nın lentini kəsməsini də alqışlayaq, buna da şükür edək.
Naşükürlüyümüz daha pis nəticələrlə bizi üzbəüz qoya bilər.
“Şeytan çarxı”nda 10 dəqiqə fırlanmağın qiyməti böyük adamlar üçün 6, balacalar üçün 3 manatdır. Fikir verin; çarxda bir müəllim 3 saat fırlansa, maaşı tam ona gedir. Bu boyda insafsızlığı heç şeytanın özü də azərbaycanlılara qıymazdı, hökumətimiz qıyıb. Bütün bunlara baxmayaraq yenə də şükr edək. Daha pis şeylər edə bilərlər.
“Azərbaycan saatı”ının zühuru
Məmnunluq hissi ilə “Azərbaycan saatı”nı tərif etmək istəyirəm. Bu proqram, bilənlər bilir ki, diş-dırnaq hesabına başa gəlir. Sırf texniki yandan baxsaq, bəlkə də “Azərbaycan saatı” yüzballıq şkalada 4-5 alar. Ancaq tamaşaçı həqiqətə o qədər təşnədir ki, onun gözü indi efir parlaqlığı, işıq effekti axtarmır. O, illərdir belə şeylərdən çox yorulub. Onun indi ölkədə baş verənləri Vaqifin şirin dilində, həm də apaydın, dolaşıq cümlələrsiz, fikirlərsiz eşitmək ehtiyacı vardı. “Azərbaycan saatı” da bunu təmin edir və biz burda bir daha həqiqətdən böyük gücün olmadığını görürük.
Proqram hər dəfə efirə gedəndən sonra edilən zənglər, yazılan rəy və məktublar tutulan yolun doğruluğuna əminlik yaradır. Biz bu fakta görə Azərbaycan insanından əvvəllər olan bədgümanlığı da unutmalıyıq. Söhbət o bədgümanlıqdan gedir ki, tez-tez azərbaycanlılar şou-biznes, səviyyəsiz seriallardan başqa heç nə izləmir, deyilir. Halbuki bu sual daha düşündürücü olmalıydı: Azərbaycan insanının seçim imkanı vardı ki? Ona kim ictimai-siyasi çəkisi, sanbalı olan proqram təqdim etdi ki, o da imtina etsin.
“Azərbaycan saatı”nın gözəgörünməz əməkdaşı Xalid Qarayev Allah şahididir. Lap siftə işə başlayanda qəzəbdən boğulma həddindəydik. Adamları danışdıra bilmirdik və bu bizim qabiliyyətsizliyimizə görə deyildi. Camaatdan ən vacib, ağır problemlərə aid sorğu edirdik, danışmırdılar. “Onsuz da verən deyilsiniz”- bu ən çox işlənən fikir idi.
Proqramın yaradıcısı Qənimət Zahidə müraciətim də az olmamışdı; sorğuları, birbaşa xalqla təmasları dayandıraq, insanlar bizdən üz döndərir, həm vaxtımız gedir, həm də əsəblərimiz korlanır.
Amma qısa müddətdə dərk etdik ki, xalqın o reaksiyası əslində bizimlə həmrəylikdir. Insanlar “Azərbaycan saatı”nı yox, Azırbaycan televiziyalarını boykot edirlər. Üz döndərmələr yalana, saxtakarlığa qarşı idi.
Qısa müddətdə “Azərbaycan saatı” özünü təsdiqlədi və indi yaradıcı heyət, açıq etiraf olunmalıdır ki, ölkənin dörd bir yanından gələn külli miqdarda şikayət və müraciətləri işıqlandırmaqda acizdır.
Zaman “Azərbaycan saatı”na işləyir. Bu da hamının uğurudur.