Bir film var, adını verməməyim ancaq bir şeyə görədir, çox murdarlıqla dolu filmdir, baxmaq adamdan dəmir əsəb istəyir, bir çox ölkədə o hətta qadağan edilmiş filmlər siyahısındadır.
Xülasə istəmirəm ki, kiminsə o filmə baxıb qanının qaralmasına, əsəblərinin pozulmasına vəsilə olum. “X” filmindən söz açmaqda məqsədim ayrıdır.
Filmin qısa məzmunu belədir: bir dəstə adam səltənət qurur. Onlar qalada yaşayır. Aralarında ifrat nəzakətli ifadələrlə danışırlar, gözəl, şıx geyinirlər. Hər gün canlı klassik musiqi və dövrün parlaq şeirlərini dinləyirlər. Bütün bunların fonunda isə o dəstə əsir götürdüyü gənc qız və oğlanlara ağlagəlməz işgəncələr verir, onların gözlərini çıxardır, it kimi hürdürür, dillərin kəsirlər və s. Bunlar hələ yaza bildiyim işgəncələrdir, yaza bilmədiklərim daha dəhşətdir.
Qısa təsvirini verdiyim səhnə mənə ölkəmizdəki mənzərəni çox xatırladır. Sizə necə?
Mənim yolum arada “Opera”ya, teatrlara düşür. Orda və başqa incəsənət tədbirlərində mən bizim rəhbərləri tez-tez görürəm. Onların ülvi dəyərlərdən söz açdığı müsahibələri oxuduğum da az deyil. Bu heç də sensasiya deyil ki, biz məmurlarımızın çıxışlarıda “Quran”dan və başqa müqəddəs mənbələrdən iqtibaslar gətirdiyini görürük.
Hətta bir hakim var – Ənvər Seyidov, indi Ağır Cinayətlər Məhkəməsində işləyir; ən allahsız hökmlərə imza atıb. Onun sevgi-məhəbbətdən, fələyin kəcrəftarlığından bəhs edən bir neçə romanı da var.
“X” filmini izləyəndə ölkə reallığını yaxşı başa düşmək olur.
Bəli, bizim dilimizi hələ filmdəki kimi ülgüclə kəsmirlər, amma “modren” rəhbərlər danışan dilləri ən ağlagəlməz yollarla bağlaya bilir. Gözlər xüsusi alətlə çıxarılmır, fəqət başqa nə çox metod.
Diqqət edin. 8 mart günü Kəmaləddin Heydərov “facebook”unda qadınları təbrik edib, onlara xoş həyat arzulayıb. Onlarla insan bu təbrikə çox yüksək qarşılıq verib, çox sağ ol yazıb.
Ən dəhşətlisi budur ki, Kəmaləddinin 8 mart təbrikinə kişi cinsindən olanlar da “çox sağ ol” yazıb.
8 martda Kəmaləddin Heydərov incə hisslərə büryan olub o təbriki yazanda AXCP-nin partladılan binasının qara tüstüsü səmadan hələ təzə-təzə çəkilirdi. Bu partlayışda baiskar kimi adı çəkilən əsas şəxs Kəmaləddin Heydərovdur.
Normalda o çıxıb izahat verməliydi. Heç olmaya deməliydi, vallah mənim belə niyyətim ola bilməz, nəinki əməlim. Ancaq o buna ehtiyac bilmir.
Belə baxıram, o heç səhv də eləmir. Onun zənənlər üçün yazdığı təbrik kişi cisindən olanları da riqqətə gətiribsə, niyə də o hansısa izahı verməlidir?
Bir kişi cinsindən olanın Kəmaləddinə yazdığı şərh, ümumiyyətlə, öldürücü idi. O yazmışdı: Siz müasir dövrümüzün sərkərdəsisiniz!
Fikir ver, adam dinc şəraitdə, dinc bir təşkilatın ofisini partlatmaqda ittiham olunur, bu isə durub ona sərkərdə deyir.
“X” filmindəki mənzərə bu real gördüklərimizin yanında heç nədir.
Kəmaləddin Heydərov bu ölkənin ən böyük oliqarxlarından, ən böyük korrupsionerlərindən ola-ola, cəmiyyətdən çox rahatlıqla “ən böyük sərkərdə” epitetini qopara bilirsə, biz öz halımız barədə oturub dönə-dönə və dərindən düşünməliyik.
Biz ya zülmün, zülmkarın nə olduğunu bilmirik, ya da illərdir üzərimizdə aparılan eksperimentlər zülmə, zülmkara immunitetimizi məhv edib, qəlbimizin dərinliyində belə şeylərə hətta aludə olmuşuq. Siz necə düşünürüsüz?