Bu gün həbsxanada 6 cəbhəçi “polisə müqavimət” adı altında saxlanılır. Onların gerçək həbs səbəbi çox az adama bəlli deyil. Bu adamlar həqiqətən müqavimətçilərdir. Ancaq daha polisə də yox da. Onlara polis sisteminə müqavimət göstərmə maddəsi versəydilər, bu çox yerinə düşərdi.
Gəlin, bu həbslərə adi yanaşmayaq. Cəmiyyət nə qədər bu cür aşkar şərləməyə, böhtana sükut edəcək, qımıldanmayacaq, o zamana qədər repressiya maşınının çarxı iti olaraq qalacaq.
Biz sual verməliyik: Azərbaycanda polis kimlərdir, onlara “müqavimət göstərdiyinə görə” həbsə atılanlar kim?
Əvvəlcə həbs olunanlar barədə.
Onların arasında gənci də var, orta yaşlısı da. Cüssəlisi də, zəifcanlısı da. Ancaq onların hamısı – Təzəxan Mirələmli, Bərhuz Həsənli, Ilham Hüseyn, Türkel Əlisoy, Ağaverdi Rüşanov, Cabbar Savalanlı yüksək təhsilli insanlardır. Bəli, biz Azərbaycanda ali təhsilli insanı qiymətləndirmək üçün ciddi fakt kimi qəbul edə bilmərik, ancaq bu da bir faktdır: bu gün bu insanların üzünə duran polislərin çoxu hətta bu formal ali təhsili ala bilməyiblər. Biz neçə siyasi məhkəmə prosesində görmüşük ki, “zərərçəkən”, “şahid” polislər üzündən oxuya bilməyib, iki cümləni ard-arda düzüb danışmağı bacarmayıb.
Ancaq onların bütün bu ayıblarını ört-badır edən, onların ictimai həyatda uğursuzluqlarını kompensasiya edən amil var – Ilham Əliyev.
Ilham Əliyevin bir neçə dəfə ictimai qaydada “mən beynəlxalq birliyin çağırışına baxmayaraq heç bir polisi cəzalandırmadım” fikirləri o təbəqə üçün qarantiyadır, kürək söykəniləsi dağdır. Özü də bir şey var: Ilham Əliyev bir çox bəyanatlar verib, onların tutmasa da, insafla deməliyik ki, polisə sahib çıxmaqla bağlı dediklərinə sadiqdir. Bu da öz işini həyatda görür, polis “uf” demədən cəmiyyətin hörmətli şəxslərini qaralayır, həbs edir, cibinə nəşə atır və s.
Bilirəm, bu yerdə rəngi çox tündləşdirdiyimi deyənlər olacaq, nümunələr verəcəksiniz, “axı polisdə də yaxşı adamlar var” deyə. Etiraz eləmirəm. Mən daha çox polisin aşağı eşalonundan danışıram – bir qayda olaraq onlar üzəduranlıq edir. Dərin təhqiqat aparmadan belə bir test edə bilərsiniz. Yaxın çevrənizdən polis serjantı işləyən birini göz önünə gətirin; onun tay-tuşları arasında hansı qabiliyyəti ilə seçildiyini müəyyən edin, sonra polisə necə düzəldiyini.
Bəli, mənə də istisnalar bəllidir. Məsələn, elə bu cəbhəçilərin üzünə duran polislərdən biri “vicdan əzabı çəkdiyini” ora gələnlərə pıçıldamışdı. Belə hallara görə heç kim ilğıma düşməməlidir. Əksərən belə söhbət edənlər aktyorluq edənlərdir. Onları vicdan əzabı çəkərək çörək qazanmağa vadar edən nədir? Işlərini itirsələr ölərlər yəni? Xeyr!
Azərbaycanda milyonlarla insan polis deyil, o qədər də insan üzə durmadan halal zəhmətlə, alın təri ilə həyat sürür. Təki niyyətin belə olsun. Yoxsa, üzə durub, şər atandan sonra “bəraət” tapmağa nə var ki.
Bu gün həbsdə saxladıqları Ilham Hüseyn elə bu adamlar haqda bir zaman yazmışdı: “Bəzilərinin rahat avtomobili, rahatlığı olan villası var. Bəzilərinin də vicdanı rahatdır. Milyardrlarla pulun rahatlığını yaşayanlardan fərqli olaraq vicdanı rahat olan xeyli dostumuz hazırda həbsdədir. Çünki vicdanı rahat olanların yaşadığı həyat vicdansızlarda kompleks yaradır. Onlar da bilirlər ki, vicdana xəyanət edərək rahatlıq tapıblar. Bu müvəqqəti rahatlıq tezliklə kabusa döncək”.
Həbs edilənlərdən Türkel Əlisoya verilən işgəncləri oxudunuzmu? Türkel cisimcə zəif növcavandı. Hakimiyyəti də aldadan elə bu olub. Oxumurlar axı. Adamları tanıma qabiliyyətləri yoxdur. Türkeli döyüblər ki, əqidəsindən dönsün, dostlarını şərləmək üçün polisə çuğulluq etsin. Türkelinsə gücü əqidəsindədir. Bu sabit əqidə, yoluna inam çox qoluzorlunu gücsüz buraxdı. Türkel hələ girov olmasına baxmayaraq, yenə də risk və cəsarət göstərib içəridən məktub yazaraq onları ifşa etdi.
Bütün bunlar gözümüzün önündə baş verən faciəvi və qiymətli tarixi anlardır. Bu insanları niyə tutublar?
Ona görə ki onlar haqqı qoruyurlar, tək öz mənafelərini deyil, böyük bir cəmiyyətin qeydinə qalırlar. Bu cür insanlar cəmiyyətin inciləridir. Onların hansısa davranışında qüsur, tənqidə layiq bir hal ola bilər. Ancaq uca amallar üçün göstərdikləri səy, fəaliyyət bu insanları mübarək edir.
Bu insanların qorunması mübaliğəsi desək, milli mənafenin tələbidir. Ümimi mənafe üçün çalışan insanları qorumaq elə ümumin, cəmiyyətin işidir. Onların bizdən böyük umacaqları da yoxdur, onsuz.
Bəs o insanları necə qorumalı?
Çox asan yol budur: o adamlardan olmalıyıq. Niyə də olmayaq, hə? O, adamların çox olması bu ölkədə zülmün, zillətin dəfni deməkdir.
Şərlə müqavilədə olmayın, şərə müqavimət göstərin.