“Bu dünyanın qarası var, ağı var,
Sevənlərin sevgi kimi dağı var”
(Tağı Sadiq)
Hörmətli Tağı müəllim!
Söz verdiyim kimi, üçüncü və sonuncu (hələlik sonuncu) məktubumu yazmaq qərarına gəldim. Ümidvaram, işlərinizin çoxluğundan, kim bilir, bəlkə də təbiətin şıltaqlığı məktublarıma operativ reaksiya verməyi əngəlləyir. Yəqin, imkan tapan kimi, sözə və sənətə ehtiramla yanaşan bir qələm adamı olaraq, mənim müraciətimi cavabsız qoymayacaqsız.
Keçən iki məktubumda metroda və metronun, belə demək olarsa, sərhədlərində hökm sürən özbaşınalıq, hörmətsizlik, hətta əxlaqsızlıq halları barədə yazmışdım. Ölkəmizi xaricdə tanıtdırmaq istiqamətində cidd-cəhdlə səylər göstərən iqtidarımızın gördüyü işlərə alt paltarı satan bir alverçinin qara yaxa biləcəyi təhlükəsini diqqətinizə çatdırmışdım. Lakin metroda baş verən neqativ hallar əvvəlki kimi qalmaqdadır. Metro keçidlərində hələ də sərnişinlərə qarşı alverçilərin və taksi sürücülərinin təcavüzü davam etməkdədir.
Bir məsələni də qeyd etməyi zəruri hesab edirəm. Yeraltı keçidlərdə kameralar quraşdırılsa da, faktiki bu keçidlər polis nəzarətindən kənarda qalıb. Allah eləməsin, metroda terror törətmək istəyən qüvvələr olarsa, onda platformalara girməyə, vaqonlara daxil olmağa ehtiyac qalmayacaq. Yeraltı keçidlərə düşmək kifayətdir. Alverçilərin və dükanların onsuz da daraltdığı keçidlərdə qısa bir təxribat onlarla insanın ölümünə gətirib çıxara bilər. Incə qəlbli sənətkar, gözəl insan və mehriban ailə başçısı olmaqla yanaşı, siz həm də nəhəng bir təsərrüfatın rəhbərisiz. Sağlam ağlınız, qədim Şərq müdrikliyinin çeşməsindən su içmiş düşüncəniz, əlbəttə, giriş-çıxış üçün olduqca dar bir ərazinin saxlanıldığı qapalı məkandakı kiçik bir basabasın hansı fəlakətlərə yol açacağını əvvəlcədən dərk etməkdədir.
Ola bilsin, sizin bu sükut və təmkininizin biz adi insanlar tərəfindən qavranıla bilməyən dərin və mistik bir anlamı var. Amma nə olursa olsun, daşı tökün ətəyinizdən, bu təhlükəni nəzərə alın. Sizin sükutunuz bəzən təhlükəli olur.
Yadınızdadırsa, bir dəfə siz Italiyada istirahətdə olarkən “Içərişəhər” stansiyasında qədim Şərq müdrikliyi ilə hesablaşmaq istəməyən eskalatorlardan biri camaatı ət maşını kimi doğramışdı.
Təkrarçılıq olsa da, yekun şəklində bir daha diqqətinizə çatdırmaq istəyirəm. Əziz Tağı müəllim, rəhbərlik etdiyiniz metropoliten terror və işgəncə vasitəsinə çevrilməkdədir. Nə qədər gec deyil, qanunsuzluqlarla bağlı ölçü götürməyinizi rica edirik. Çünki cəzasız qalan bir qanunsuzluq sabah daha ciddi cinayətlərin baş verməsinə gətirib çıxaracaq. Metro müasir şəhərə məxsus nəqliyyat vasitəsi simasını itirərək, bu gün kolxoz bazarına çevrilibsə, sabah kənd hamamına oxşayacaq. Kim bilir, bəlkə də gün gələcək, xalqımız vaqonlardan gəlin maşını, platformalardan şadlıq sarayı kimi istifadə etmək niyyətinə düşəcək. Belə qənaətə gəlməyimiz heç də yersiz, əsassız deyil. Metronun gözümüzün qabağında addım-addım ticarət mərkəzinə çevrilməsinə hamımız şahidik.
Sözümü bitirməmişdən əvvəl, sizə yaradıcılıq uğurları, oxucuların qəlbini fəth edəcək yeni şeirlər arzulayıram. Və qəti şəkildə xəbərdarlıq edirəm: Nəbadə “20 Yanvar”, “Inşaatçılar, ”Nərimanov”, “Neftçilər” stansiyalarından şəhərə çıxmaq fikrinə düşəsiniz. Ayağınız adıçəkilən stansiyaların keçidlərinə dəysə, qəlbinizdəki bütün lirik-romantik hisslər bilmərrə məhv olacaq.
Cavabınızı səbrsizliklə gözləməkdəyəm…