Keçmiş səhiyyə naziri Əli Insanovun məhkəməsində baş verənlər yəqin, çoxlarınızı düşündürdü. Onun şüşə kabinəyə salınıb, səsinin “pult”la idarə edilməsini nəzərdə tuturam.
Kim məlumatsızdırsa, qısa arayış verim. Əli Insanovun “işi” Avropa Insan Haqları Məhkəməsinin qərarı əsasında yenidən məhkəməyə çıxarılıb. Avropa Məhkəməsi o qərara gəlib ki, Əli Insanova müdafiəsini qurmağa yerli məhkəmələrdə qərəzlə imkan verilməyib, bu isə yenidən proses keçirilməsinə zərurət yaradıb.
Bizimkilər isə Insanova sözün əsl mənasında analoqsuz müdafiə imkanı yaradıblar. Artıq onun səsi “pultla” idarə olunur. Şüşə kamera elə düzəlib ki, orada səs, ancaq hakim “pultu” basdığı halda çıxır, içəri də səs o qaydada gedir.
Məzhəkə!
Əslində, Avropa Konvensiyasına, Avropa Məhkəməsinin qərarlarına görə, Insanov dəmir, şüşə qəfəsdə oturmamalıdır, vəkilləri ilə yanaşı əyləşib, arqumentlərini, əks arqumentlərini deməlidir. Niyə bu baş vermir? Biz bunun səbəbini Insanovun çıxışlarında axtarmalıyıq.
Əli Insanov kifayət qədər açıq çıxışlar edir, problemləri adı ilə çağırır, bir çoxlarında fərqli olaraq, “Ilham Əliyevlə mənim aramı vuranlar var, prezidenti mənim barəmdə səhv məlumatlandırıblar” kimi sərsəm fikirlər səsləndirmir. O, fəlakətlərimizin baiskarı adına bir ünvan göstərir: Ilham Əliyev!
Və ilk məhkəmə iclasında özünə bəddua da etdi: “Ilham Əliyevə ”hə” dediyim yerdə əlim quruyaydı…”
Əli Insanovla davranış Ilham Əliyev hakimiyyətinin öz vətəndaşı ilə tipik rəftar forması sayıla bilər. Bəli, o, bizi belə görmək istəyir: ağzı bağlı, sözlərimiz belə, onun “pultundan” asılı olsun.
Insanovu susdurmaq cəhdini, ola bilsin, kimlərsə hakimiyyətin əzəməti kimi qəbul etsin. Lakin reallıq tam tərsidir. Düşünün, bunlar o qədər zəifləyiblər ki, əli-qolu bağlı bir insanın məhkəmə çıxışına dözə bilmirlər.
Mən yada sala bilərəm, keçmiş müdafiə naziri Rəhim Qazıyevin, hazırda məhbəs həyatı yaşayan Qurban Məmmədovun Heydər Əliyevin sağlığında keçirilən məhkəmələrini. O məhkəmələrin hamısı başdan sona qədər videolentə alınırdı, özü də ittiham olunanlar tərəfindən, bilirdinizmi?
Hə, belə olub. Qətiyyən demək olmaz ki, istər Rəhim Qazıyev, istərsə də Qurban Məmmədov məhkəmələrində Əliyevlərə Insanovdan loyal mövqe göstəriblər, əksinə, kifayət qədər sərt və ifşaedici olublar. Fəqət, o zaman rejimin dayaqları bərk idi, Əliyevlər ilk gündən hər nə qədər də anti-xalq olsalar da, ofsunla müəyyən bir təbəqəni elektoratına çevirə bilmişdi; həmin təbəqə Əliyevlərin istəyilə yamanlığını düzə çıxarmaq üçün əmək xərcləyirdi.
Indi isə onlar pul baxımından çox gücləniblər, amma ictimai dayaqları yox həddindədir. Və biz bu mənzərəyə baxıb, həm də sözün qüdrətinə inamımızı artırmalıyıq. Axı tez-tez bizi inandırırlar ki, danışmağın faydası yoxdur, guya, sözlər təsirsizdir. Fəqət görürük ki, söz onları qılınc kimi kəsir. Odur ki, həqiqəti danışmaqdan, yazmaqdan yorulmayaq.
***
Dünən belə bir xəbər oxudum, dərdləndim: “Səhər saat 10 radələrində 9-cu mikrorayon Həmzə Babaşov küçəsində 19-20 yaşlarında bir gənc dünyasını dəyişib. Gəncin yol gedərkən yıxılaraq öldüyü bildirilir.
Hadisə şahidləri adını bilmədikləri gəncin Həmzə Babaşov küçəsində 6 saylı binada yaşayan bibisi Bahar adlı qadının evində qonaq olduğunu deyirlər. Onların sözlərinə görə, gənc 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərindən birinə işə düzəlməyə gedirmiş”.
Adam üç gün imiş əsgərlikdən gəlibmiş. Qabaq belə idi ki, əsgərlikdən gələni azı bir həftə qohum-əqrəbası yeyib-içməyə çağırardı, evlərində azı, bir cöngə kəsilərdi. Indi bu yazığın hüzründə cöngə kəsilsə böyük şeydi…
Düşünün, insanın dolanışığı hansı həddəymiş ki, hərbi paltarını hələ əynindən soyunmağa macal tapmamış, iş sorağına düşüb…
Və… hər gün bu boyda dəhşət, faciə yaşanan ölkədə hələ də məhəbbət şeirləri yazanlar var.