Hörmətli Tağı müəllim!
Oxucuların xahişləri məcbur etdi ki, məktubumun ikinci hissəsini yazım. “Davam edir 37…”
Sözümə bu məşhur misra ilə başlayıram, incə qəlbli qələm adamı olduğunuzdan, sizin ürəyinizə belə yol tapmaq məncə, daha asan olar. Hər dəfə metroya yaxınlaşanda istər-istəməz bu misranı dodaqlarımın altında təkrarlayıram, çünki Bakı Metropoliteni mənim üçün işgəncə və əzab maşınına çevrilməkdədir. Insafən, bu əzabın mənbəyi bilavasitə siz yox, sayənizdə metroda xırda alverlə məşğul olanlardı. Metro artıq ictimai nəqliyyat vasitəsi olmaqdan çıxaraq, ictimai işgəncə vasitəsinə çevrilməkdədir. Bu işgəncənin əhəmiyyətli bir hissəsi “yeraltı keçidlər” adlanan “sirat” körpüsündə baş verir.
Metronun “20 Yanvar” stansiyasından “Xalqlar Dostluğu”na çatmaq yeraltı keçidin bir başından girib o biri başından sağ-salamat çıxmaqdan qat-qat asan və təhlükəsizdir. Xahiş edirəm, bu sözlərimi mübaliğə kimi qəbul etməyin. Hər dəfə metroya minəcəyimi fikirləşəndə qəbir əzabının qorxusunu yaşayıram. Limonsatanlardan tutmuş, vaqonlardakı dilənçilərə, qələm-krossvord satanlara qədər böyük bir mənəvi terror mərhələsindən keçməli oluram. Metro stansiyalarının, eləcə də keçidlərin ticarətçilərin ixtiyarına verilməsi dözülməz vəziyyət yaradıb. Xüsusilə də insanların daha çox istifadə etdikləri stansiyalarda ticarət köşkləri az qala, platformalara qədər uzanır. Bəlkə də inanmayacaqsız, qatar bələdçiləri də bəzən gözümə limonsatan qiyafəsində görünür.
Tağı müəllim, bir dəfə mətbuatda rast gəlmişdim, siz gənc yaşlarınızda sevdiyiniz qadının sonralar çətin maddi vəziyyətlə üzləşdiyindən xəbər tutduqda təmənnasız olaraq ona yardım göstərmisiz. Heç şübhəsiz, bu, əsl Azərbaycan kişisinə yaraşan addımdır. Ona görə də indi yazacağım məsələnin ciddiyyətini nəzərə alacağınıza ümidlərim böyükdür.
Metro keçidlərindəki alverçilər yalnız ticarətlə məşğul olsaydılar, biz buna yalnız şad olardıq. Özünüz də dediyiniz kimi, 80 mindən artıq insan metro ticarəti sayəsində həyat sürür. Lakin keçidlərdə siqaret çəkmək, qızlara və qadınlara söz atmaq, hətta əxlaqsız hərəkətlərə, ifadələrə yer vermək, bir azərbaycanlı kimi sizi də narahat etməlidir.
Metro keçidlərindən istifadə edən yaşlıların, qadınların, körpə uşaqların yanında siqaret çəkilməsi, nalayiq ifadələrin işlədilməsi bizim milli mentalitetimizə, əxlaqi dəyərlərimizə uyğun deyil. Üstəlik, xarici ölkələrdən gələn qonaqlar, turistlər Bakı metrosunda belə halları görürlərsə, bu, respublikamıza heç də başucalığı gətirmir. Yer üstündəki parkların bahalı mərmərləri yeraltının reallıqlarını gizlətməyə qadir deyil, əcnəbi qonaqlar gec-tez Bakının həqiqi simasıyla qarşılaşmalı olurlar. Hakimiyyətimizin milyonlarla xərc çəkib Bakını müasir şəhər kimi avropalılara təqdim etmək planlarını alt paltarı satan alverçi bir andaca amansızlıqla məhv etməyə qadirdir.
Qanun yeraltı keçidlərdə siqaret çəkilməsinə görə 20 manat cərimə də nəzərdə tutub. Icazə verin, maraqlanaq, niyə qanunun tələblərinə əməl edilmir? Axı metro qondarma Dağlıq Qarabağ respublikası deyil ki, Milli Məclisin qəbul etdiyi qanunları tanımasın. Həmçinin metro ticarətçiləri terrorçu deyillər ki, siz respublikamızın qanunlarını onların üzərində bərqərar edə bilməyəsiz.
Əlbəttə, siz metrodakı ticarətə son qoymağı heç ağlınızdan da keçirmirsiz. Təpədən-dırnağa qədər praqmatik, təsərrüfatçı kimi, bu qərarınızın doğruluğuna da şübhəm yoxdur. Amma disk satanların ara mahnılarını alçaq səslə oxutdurmaları, qadın alt paltarı satan kişilərin özlərini bir qədər abırlı aparmalarını tapşırmağa yeraltı səltənətinizdə qüdrətiniz çatır.
Yenə deyirəm, bəlkə də bu vəzifədə başqası olsaydı, özümə əziyyət verib bu cümlələri yazmazdım. Sizin milli mentalitetimizə bağlılığınız, işçilərinizin də dəfələrlə təkrar etdikləri kimi, böyük-kiçik yeri bilməyiniz barədə gəzən söz-söhbət sizdən imdad diləmək qərarını verməkdə həlledici rol oynadı.
Söz azadlığını yüksək qiymətləndirən bir qələm adamı olaraq, məktubun üçüncü hissəsini də yazacağımı indidən nəzərinizə çatdıraraq, sizi müjdələyirəm.