Hər dəfə “20 yanvar”, “26 fevral”, “31 mart” gələndə bilirəm ki, siz də mənim kimi bir mövzunun üzərində düşünməli olursunuz. Nədir o?
Kütləvi şüurun formalaşmasında ciddi rol oynayan amillərdən biri də ədəbiyyatdır. Ən təsirli əsərlərin mövzusuna baxın – kədər, qəm, faciə…
O birisi musiqidir; sarı simə toxunan musiqilərin bətnində ələm var, iztirab var.
Tamaşalar, kinolar və s. ən təsirlisi “ağlamalı” olanlardı.
Düzdü?
Indisə bir söz soruşuram: “20 yanvar”, “24 fevral”, “31 mart” – bu günlərdə bəs deyincə kədər, acı, məşəqqət kateqoriyasından hər şey var. Bəs niyə bu ağır gün bizim sənət əsərlərində əksini tapmır? Niyə?
Mən yəhudi xalqının soyqırımını kədərlə qarşılayıram, onlara da zülm olub. Amma olmaz ki, “20 yanvar” və digər matəm günlərində bari öz ölənlərimizə ağlayaq?
Nə vaxta qədər biz ağır günlərdə “Şindlerin siyahısı”na, “Pianoçu”ya baxıb ağlayacağıq?
Harada qırılıb bizim sənətçilər? Niyə yaratmırlar? Axı material var…
Gülməli olacaq, ancaq az qala, faciəli günlərimizdə bizi düşündürdüyünə görə faşizmə minnətdar olmalıyıq. Faşistlərin axmaq düşüncəsinin nəticəsi kimi “xolokost” olmasaydı, bu gün nəyə baxıb təsirlənəcəkdik, görəsən?
Şəhid
Şəhidlik haqqında bir neçə dəfə, oxucu qardaş, səninlə ciddi söhbət etməyə çalışmışam. Indi bu mövzu o qədər ucuzlaşdırılıb ki, adam onun haqqında danışmağa da cəsarət eləmir. O dəqiqə qarşındakı düşünür, görəsən, bunun nəsə bir fırıldağı yoxdur ki, şəhid mövzusundan özünə qlaf düzəldir. Hə, dərdimiz belə ağırdır.
Kim mənimlə mübahisə etməyə maraqlıdırsa, mən hazır: bizim insanların həyatını itirib şəhidliyə qovuşmasından ağrılı, ağlamalı hadisə “şəhidlik” anlayışının ölkəmizdə hörmətdən salınması, devalivasiya etdirilməsidir.
20 faiz torpağı işğal altında olan bir cəmiyyət üçün bunun necə fəlakət olduğunu biz gec-tez başa düşəcəyik. Mən uzunçuluq etməyəcəm, burada sözü ustad Əli Şəriətiyə verirəm, onun şəhid haqqında fikirlərindən bir qafil oyanacaqsa, xoş halımıza.
“Şəhid – hərfi mənada diri, görən, şahid, şəhadət və doğru xəbər verəndir. Başqa sözlə, agah, hiss olunan, görünən, bütün gözlərin ona tərəf dikildiyi, nümunə və ibrət mənbəyidir.
…Şəhid tarixin ürəyidir. Necə ki, ürək bədənin qurumuş damarlarına qan, yaşam və həyat verir. Şəhid ölümə üz tutmuş, övladları imanını əldən vermiş, təslim olmağa təmkinli olmaq adı qoymuş, məsuliyyət hissini itirmiş, insan olduğunu unutmuş, tarixən hərəkət və həyatdan geri qalmış cəmiyyətə ürək tək öz qanını yetirir. Şəhidliyin ən böyük möcüzəsi bir nəslə yeni iman bəxş etməsidir. Şəhid diri və həmişəyaşardır…”
Bir çətin məsələnin həlli
XIV Lüdovik bir dəfə o dövrün məşhur şairini yanına çağırır. Deyir ki, bir şeir yazmışam, gör necədi?
Şeiri oxuyur, axmaq bir şeir olur, təbii. Ancaq şair yazıq, neyləsin, diktatorun qabağındadır. Özü də yazının belə bir xüsusiyyəti var; dünyaya gəldimi, müəllifi əsarətinə alır, tək-tük adamlar mətni özünə qul edir, əksinə baş əymir. Elə böyük adamlar da yazdıqlarına əyilməyənlərdir – yazdığı mətnin mütləq olmadığına inanan, tənqidə açıq olanlar, yeri gələndə özü-özünü dolayanlar və s.
Reallıqsa belədir, yazarlar tənqidi xoşlamır, söz şeirə gələndə ümumiyyətlə, söhbət qəlizləşir. Xülasə, cavaba qayıdırıq.
Şair deyir: “Əlahəzrət, mən sizə qibtə edirəm, siz istəyəndə pis şeirlər də yaza bilirsiniz”.
Bu sözü naşir Şahbaz Xuduoğlunun yerinə olsam, əksər yazarlarımızın kitablarının titul vərəqinə yazıb yayaram.
Bu tarixi hadisəyə ona görə müraciət elədim ki, son vaxtlar yoldaşlarımız kütləvi surətdə şeir-roman yazmağa girişiblər. Əlbəttə, bu humanist bir addımdır, insanların mətnlə özlərini təsdiq etmək cəhdinin özü təqdirəlayiqdir. Sadəcə, təmənnam odur ki, bəzi yoldaşlar onların kefləri istəyəndə, hətta pis şeir yazmaq qabiliyyətinə qibtə etməyi bizə çox görməsinlər.