Tarixi faktlar bugünkü iddiaları necə puç edir?
Şair gözəl buyurmuş:
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!..
Dostlar, razılaşın ki, əlimizdə sənəd olmasa da, bu gün Rauf Arifoğlunun adı polis naziri Ramil Usubovla qoşa çəkilir. Danılmaz fakt isə budur ki, uzun illərdir “Yeni Musavat”da Əliyevlər, Paşayevlər, Ramiz Mehdiyevlə yanaşı, Usubov da tabu mövzudur. Ondan yazmaq olmaz.
Bir şey də var. Rauf müəllim “Demokratiya məhbəsdə” kitabında general Usubova açıq rəğbətini ifadə edib. Hələ 2003-cü ildə. Bunlar öz yerində, bəs biz geriyə boylanda nə görürük?
Görürük ki, Rauf müəllim başqalarını Ramil Usubov vasitəsi ilə müxalifətdə separatizm işi aparmaqda suçlayır. Başqalarını, yəni kimi? Heyrət edəcəksiniz, bu şəxs Elçibəydir. Bəli, bəli, Əbülfəz Elçibəy!
Bu gün cənab Arifoğlu özünü Elçibəyin gizli əsgəri elan edib. Sağlığında isə məhrum bəyə atmadığı çamur qalmayıb. Elə bu çamurlara görə Elçibəy “Yeni Müsavat”a embarqo qoyub, ora müsahibə verməkdən imtina edib.
İndi isə gələk faktın özünə.
İl 1999. Bu o vaxtdır ki, Əbülfəz bəy rejimin təzyiqi ilə baş-başadır, onu Heydər Əliyev məhkəməyə çəkib (“PKK-nı Əliyev yaradıb” dediyinə görə).
Bu zaman Rauf Arifoğlu manşetdən nə yazı atsa yaxşıdır?
Oxuyaq:
“Elçibəyin gizli görüşü
…adının çəkilməsini istəməyən mənbə iddia edir ki, hazırda müxalifət daxilidə müşahidə edilən çəkişmələr və xoşagəlməz münasibətlər heç də təbii və təsadüfü proseslərin nəticəsi deyil. Onun sözlərinə görə müxalifətin önəmli təşkilatlarından biri iqtidarla separat razılaşma əldə edib və indi həmin təşkilatın imkanından da istifadə etməklə, iqtidar müxalifəti parçalayıb, dağıtmaq işi aparır…”.
Yetirmi?
P.S. Əbülfəz bəyin qəzetin üzərindəki fotosundan təəccüblənməyin. O vaxtlar “Yeni Müsavat” bəyin yalnız belə fotolarını verərdi. Elçibəyin bu qəzeti uzun müddət boykot etməsinin bir səbəbi də bu ləkəli, bəyi gözdən salmağa xidmət edən fotolar idi.