Hər ziyanda bir xeyir var, deyiblər. Qarabağ qazisi Zaur Həsənovun faciəsi, onun əzizləri, bütövlükdə cəmiyyətimiz üçün nə qədər ağır və ziyanlı olsa da, bu hadisə də müsbət yükdən xali deyil.
Zaurun etdiyi isə lap gözəl şairimiz Əli Kərimin
“Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?”
misraları kimi oldu…
Razılaşın, biz Qarabağı da, onun qəhrəmanlarını da, şəhidlərimizi də, qazilərimizi də çoxdan unutmuşuq. Hamımız!
Hakimiyyətin bineyi-qədimdən Qarabağ qayğısı olmayıb, qazilər, şəhidlər onlar üçün, hətta arzuolunmaz anlayışlardı. Bugünkü rəhbərlərə nəzər yetirin, böyük əksəriyyəti müharibədən yayınanlar, şücaətdən, cəngavərlik keyfiyyətindən məhrum adamlardı. Bu adamlar iştirakçısı olmadıqları prosesi necə ucalda bilərlər ki?!
Bizim kənddə qədimlərdə belə bir əhlavat olub. Ahıllaşan birinə irad tutublar ki, filankəs, şükür, ömrünü də haxlayırsan, niyə namaz qılmırsan? O da deyib ki, qağa, vallah mənim də ürəyim istəyir, ancaq baxıram, yaxşı şey olsaydı, filankəs (kənddə alverçi, pul qazamaq qabiliyyəti ilə seçilənlərdən biri) qılardı da…
Indi rəsmilər, tutaq ki, qalxıb şəhadətə, qaziliyi öyür, belədə sual yaranmayacaqmı ki, qardaş, belə yaxşı iş idisə, bəs sən niyə o zaman döyüşməyib, öz işində-gücündə idin? Deməli, hakimiyyətə əl verir ki, bütün cəmiyyətlərdə dəyərli olan qaziliyi, şəhadəti gözdən salsın, lazımsız bir anlayışa çevirsin. Bunu bacarıblar da, dostlar.
Indi Qarabağdan, şəhadətdən, qazilərdən ancaq tamadalar və aşağı əyarlı şairlər nəsə düzüb-qoşur.
Hakimiyyət aydındır, bəs cəmiyyət?
O gün Qarabağ qazilərinin ləyaqətli təmsilçilərindən Firudin Məmmədovla həmsöhbət idik. Olmaz olsun belə söhbət. Söhbət boyu tez-tez Firudin bəy üzr istəyib telefon zənglərini cavablandırır, sonra da mənə izahat verirdi. “Filan qazimizdi, dərman ala bilmir”; “bu da filan qazimizdi, 15 ildən sonra ev alıb, bu vaxta qədər qarajda yaşayırdı, indi evə köçə bilmir. Bir stolu belə yoxdu altına qoymağa”; “zəng eləyən uşaqlarımız idi, deyirlər, filan qazi bu gün icra hakimiyyətinin qarşısında özünü yandırmaq istəyib, güclə qurtarıblar”; “filan qazimizi kirayə yaşadığı evdən çıxarırlar”…
Firudin bəyi tanımasaydım, görüşümüzün təsadüfən baş tutduğunu nəzərə almasaydım, baş verənlərin bir teatr olduğunu düşünərdim. Amma belə deyil, ağalar, bəylər! Canını vətən yolunda qoyan oğlanlarımız göz görə-görə yanır, bizsə bixəbərik.
Firudin bəy “Qarabağ Qaziləri Birliyi”nin yetkililərindəndi, dostları ona ümid yeri kimi baxır. Onun bu qədər problem qarşısında aciz olması, özünə də bəllidir, mənə də.
“Mən guya, əlaqəli, özünü ora-bura vuran adamam, qardaş. Ancaq bir də görürəm ki, dərman reseptlərim qalaqlanıb, almağa pul yoxdur” – bu, onun sıxıla-sıxıla etdiyi kiçik etiraflardan idi.
Firudin bəydən öyrənirəm ki, hazırda Qarabağ qazilərinin sayı 11 mindən azca çoxdu. Bu rəqəm bizi utandırmalıdır. Nə üçün?
Əhalimizin sayını düşünün, sonra da adambaşına düşən qazilərimizə diqqət yetirin. Bizim təpərimiz olsa, hakimiyyət nə qədər yaramaz olursa olsun, bu qədər adamı yağ içində böyrək kimi bəsləmək olar. Mən onu da başa düşürəm ki, cəmiyyətimizin təşkilatlanmaq, təşəbbüs göstərmək bacarığını hakimiyyət məqsədyönlü siyasətilə zəlil günə qoyub.
Fəqət, belə söz də var də, əlindən bir iş gəlmir, gəlmir, xoş söz demək də çətindi?
Elə görüşümüzdə qazilərdən biri başına gələni danışdı. Dedi ki, Türkiyədə şalvarının ətəyini düzəltdirirmiş, dərzi ayağının protez olduğunu görüb və soruşub: “Abi, trafikdəmi oldu?” Cavab verib ki, yox, döyüşdə.
Qazi deyir ki, zəhməthaqqını verəndə dərzi qəti etiraz edib ki, bu pulu alsam, haramım olar. Qazi etiraz edib, deyib ki, məgər mənim pulum haramdı? Dərzi də cavab verib ki, yox, amma sən qazisən, vəssalam.
Qazimiz bu yanaşmadan təsirləndiyini gizlətmir. Başa düşürsünüzmü?
Qazilərimiz ehtirama layiqdir, bunu dərk etməmək nadanlıqdır. Özü də təkcə keçmişdə etdikləri şücaətlərə görə yox, həm də sabahımız üçün. Günü-gündən maddiləşən, maddiyyat əsiri olan ölkə sabah qaziyə ehtiyac duyacaqsa, kim şirin canını verəcək və nəyin müqabilində? Bir yerdə ki, onlar, hətta sözlə qiymətləndirilmirsə…
Bu sualı hər gün özümüzə verə bilməyəcəyik. Təmannam: heç olmasa, ayda bir dəfə bu sualla özümüzü qarşı-qarşıya qoyaq.