Və ya Müsavat Partiyası barədə bir səhvin etirafı
Bəzi partiya sirlərimizi sizinlə bölüşəcəm, yaxın oturun.
Əksəriyyət bilir ki, 2003-cü ildən Müsavat partiyası bir neçə dəfə ağır böhranla üzləşib. Hər dəfə də onların çətin zamanlarında AXCP onlara əl uzadıb, böhrandan çıxmalarına kömək edib.
İndi əksəriyyət ona agahdir ki, 1998-ci ildə məhz İsa bəy Əbülfəz Elçibəyin namizədliyinə güzəşt etmədiyi üçün müxalifət kifayət qədər güclü vaxtlarında seçkini baykot etmək məcburiyyətində qalmışdı.
2003-cü ildə artıq Əbülfəz Elçibəy rəhmətə getmişdi, AXCP-ni isə hökumətlə Müsavat birlikdə parçalayıb zəiflətmişdi. Belə bir şəraitdə İsa Qəmbər seçkilərdə yaxşı səs almışdı. Güc də var idi. 10 ildən çox vaxt keçib, amma müsavatçılar hələ də 12 oktyabr 2003-cü il mitinqlərini fəxrlə xatırlayırlar.
***
Bəli, xalq hələ ruhdan düşməmişdi, yorulmamışdı, müxalifətin arxasında idi. Meydanda idi, amma xalqın səs verdiyi İsa bəy tapılmırdı. Kim istəyir etiraf etsin, kim istəmir etməsin, bu faktdır ki, ölkə müxalifətinə ən böyük zərbə onda dəydi. İsa Qəmbərə səs vermiş çox sayda insan ən həlledici vaxtda səs verdikləri liderin yoxa çıxıb, 3 həftə tapılmamasını ona bağışlamırdı. Müsavat partiyasından kütləvi istefalar 1 ildən artıq davam etdi. Doğrudur, hökumətin repressiyaları da öz işini görürdü. Amma səmimi şəkildə çox sayda müsavatçı partiyasını tərk edirdi.
Partiyanın bir daha ayağa qalxacağı çətin təsəvvür edilirdi. AXCP isə 2004-cü ilə xeyli güclənərək gəlmişdi. Partiya parçalanmalardan yarasını xeyli sağaltmış, 2003-cü ildə Əli Kərimlinin müxalifətin birləşməsi üçün çalışmaları öz effektini vermişdi. AXCP-nin daha güclü, Müsavatın isə reanimasiya palatasında olduğu bir vaxtda Əli bəy “Azadlıq” blokunun yaranması üçün danışıqlara başladı. Müsavatı da bu prosesə cəlb etdi, “Azadlıq” blokunda təmsil olunmaq Müsavatı xeyli dirçəltdi.
Bəzi cəbhəçilər Əli bəyə etiraz edirdilər ki, Müsavat güclü vaxtında heç AXCP-ni tanımırdı. AXCP-ni sıradan çıxarmaq üçün əlindən gələni edirdi. Biz niyə Müsavatın reabilitasiyasına kömək olmalıyıq? Əli Kərimlinin cavabını sonra yazacam.
***
2005-ci ildə də müxalifətin “Azadlıq” blokunda birləşməsi onu gücləndirdi. Parlament seçkilərində “Azadlıq” bloku faktiki qalib gəldi. Dinc etiraz aksiyaları başladı. İlk gündən 26 noyabra qədər “Müsavat” oturaq aksiyalara imkan vermədi. Nəhayət, 26 noyabrda meydanın da istəyilə Əli bəy başqa müxalifət liderləri ilə birlikdə oturaq aksiyanı elan etdi. O meydana xalqın arasına gedərkən Lalə xanım da ona qoşuldu. Onların hər ikisini xalqla bərabər qəddarlıqla döydülər. İsa bəyin isə meydanı sürətlə tərk etməsi dəyənək altına verilən 30 mindən artıq insanı bərk yaraladı.
Həm də bu birinci dəfə deyildi. İki ildə ikinci dəfə İsa bəy xalqı meydanda buraxıb, özünü qorumağı seçmişdi. Amma bu da hamısı deyildi. “Azadlıq” bloku parlamenti baykot etmək qərarına gəlmişdi. Düzdü, təşəbbüs Əli bəyin idi, amma baykot bəyanatına Pənah Hüseyn imza toplayırdı. Konstitusiya Məhkəməsi Əli Kərimlinin və Qulamhüseyn Əlibəylininn mandatını ləğv etdi. Lalə xanım isə xüsusi bəyanatla mandatından imtina etdi. Müsavatçı deputatlar isə heç nə olmamış kimi parlamentə yollandılar.
Cəbhəçilər və bütövlükdə protest elektorat çox acıqlı idi Müsavata. 2005-2010-cu illər arası dövrdə Müsavat heç real, prinspial müxalifət də sayılmırdı. Ona görə də İsa bəyin 2010-cu ildəki Musavatla AXCP vahid partiyada birləşsin müraciətinə Əli bəy yenidən müsbət reaksiya verib, üzərində bu qədər ağır ittihamlar olan Müsavatın əvvəlcə AXCP-Müsavat seçki bloku, sonra da İctimai Palata vasitəsilə növbəti dəfə reabilitasiyasına imkan yaradanda xeyli cəbhəçi buna etiraz edirdilər. Onlar iddia edirdilər ki, Müsavat özünə gələndən sonra yenə dönüklük edəcək, bizi 5-6 mandata satacaq.
***
Əli bəy isə hər dəfə bizə səbrlə izah edirdi ki, rejim hələ güclüdür. Biz müxalifətin böyük birliyinə nail olmalıyıq. Biz Müsavatı əvvəl etdiklərinə görə bağışlamasaq böyük birlik yarada bilmərik. Bizim davamız İlham Əliyev hökumətilədir. Biz hər zaman dilemma qarşısında olmuşuq. Ya Müsavatın dönüklüyünü bağışlamayıb, onun bu səbatsız siyasətıni axıra kimi xalqa izah edirik. Bu halda böyük koalisiyalar yaradıb, hökuməti daha çox sıxışdıra blmirik. Ya da indi etdiyimiz kimi Müsavatın əvvəl etdiklərinə baxmayaraq onlarla birlikdə yeni, böyük birliklər yaratmağa çalışırıq. Demək istəyirəm ki, dostlar, Müsavat rəhbərliyinin indiyə qədərki xəyanətlərini biz elə vaxtında da bilmişik. Onlarla bağlı bir illüziyamız olmayıb. Amma rejim dəyişikliyini çox istədiyimizdən, partiya rəhbərliyindəki dönükləri yaxşı tanıdığımız halda belə birlik yaratmağa cəhdlər etmişik. Onlara qarşı xoşgörülü olmuşuq. Təəssüf ki, indi məlum olur, səhv etmişik. Partiyanın sözçüsü açıq şəkildə dedi ki, onlar Əli Kərimlidənsə İlham Əliyevin hakimiyyətdə qalmasını istəyirlər. Necə deyərlər, artıq günah bizdən keçdi…