İlk dəfə idi dünən “ASAN” xidmətinə qədəm qoydum.
Nə demək olar, bina gözəl, personal gülərüz, insanlarla insan kimi rəftar gördüm. Işimizi ləngitmədən həll etdilər, qanunda göstərilən rüsumun üstündə bir qəpik də artıq pul almadılar.
Binanı tərk edəndə bir cavan oğlan yaxınlaşdı, dedi müəllim, nədənsə narazı qalmadınız? Qalmamışdıq, riyakarlığa da ehtiyac yox idi, belə də deyib çıxdıq.
“ASAN” xidmətinin sonu nə olacaq, bilmirəm. Açığı, optimist də deyiləm, nəsə bir fırıldaq tapıb onu da urvatsız edəcəklər. Hələ ki, hökumətin işinə yarayır, qərbə-filana mütərəqqi olduqlarını sübut etmək üçün nümunə göstərirlər.
Ilham Əliyev hakimiyyətinin qaldığı müddətdə nə qədər “ASAN”ın boya-başa çatmağına inamsız olsam da, arzu edirəm ki, onun inkişafında ləngimə olmasın. Xalqımızın işi daşa dirənməsin, asan olsun. Bunlar müqəddimə idi, sözümün canı ayrıdır.
Nooldu, bəs illərdir Azərbaycan hakimiyyəti xalqımızı aşağılaya-aşağılaya hətta bizim özümüzü də aldatmamışdımı ki, biz düzələn deyilik, bürokratiya, rüşvətxorluq millətimizin canında, qanındadır…
Bir daha əmin oldum ki, xalqımızın qanı xarab deyil. Yəni o bizə deyirdilər e, rüşvət bizim qanımızdadı, biz düzələn deyilk-filan.
“ASAN” hələ ki sübut edir, xalqımızın genetik problemi yoxdur, canında-qanında mərəz olan bir zümrə varsa, o da hakimiyyətdəkilərdir.
Bəziləri hətta hakimiyyətin feli ilə uyub nəzəriyyə də düzəltmişdilər ki, məmur yazıq neyləsin, camaatımız zorla onları rüşvət almağa təhrik edir, hətta başlarına tapança dirəyib pul verirlər.
“ASAN”da nə əcəb belə hal yoxdur hə?
“ASAN” da çalışanlar da bizim xalqın yetirmələridir.
“ASAN” tək deyil ki, Azərbaycanda onlarla nümunəvi şirkət var, orda işçilər dürüst çalışır, xidmət yüksək səviyyədə və mədəni əsaslarla qurulub. Bu niyə belədir? Çox adi səbəbdən, ortada niyyət olmalıdır, o modda olan ifadə ilə desək, siyasi iradə!
Işçiyə rəhbər deyir ki, düz işləyəcəksən, işləmədin, qapıdan bayıra tullanacaqsan, vəssalam.
M.Saakaşvili necə demişdi? Ondan soruşdular: Rüşəvti necə yığışdırdınız? Dedi ki, çox sadə, özüm almadım.
Siyasi iradə deyilən zəhrimar ortada olsa, dövlət özü asan olar, daha əlavə eksprimentlər aparmağa da gərək qalmaz.
Xülasə, xalqdan bədgümanlığı yerə qoymağın zamanıdır. Gücümüz çatır hakimiyyəti dəyişmək üçün çalışaq, çatmırsa, xalqımıza böhtan atmayaq.
***
Azərbaycan Xalq Cəbhəsi Partiyasına bədxah münasibət bəsləyənlərin bir böhtanına cavab vermək zərurəti hiss edirəm.
Əslində bu arayış siyasi gündəmi izləyənlər üçün artıqdır, onlar bu qeydi oxumadan keçə bilər.
“Yeni Müsavat” ənənəsinə sadıq qalaraq dəfələrlə dövriyyəyə belə bir dezinformasiya buraxıb ki, hakimiyyət Milli Şuradakı fəaliyyətini nəzərə alaraq AXCP-yə qərargah verib.
Mənim kimi yəqin bu cəfəngiyata acı gülüş reaksiyası verən az deyil.
Fəqət məyusluq yaradan bu dezinformasiyanı bəzi müsavatçı yoldaşların AXCP-yə qarşı dəhşətli kompromat kimi istifadə etməsidir.
Xalq Cəbhəsinə hakimiyyətin qərarhag verməsi büsbütün yalandır, iftiradır, qərəzdir. Hakimiyyət kimə nə verib, verməkdədir, əlhəmdulillah, hamımız bilirik, bizə isə hakimiyyət Bakıda azı 3 mərkəzi qərargah borcludur, çünki məhz hakimiyyət onları əlimizdən qanunsuz olaraq alıb, qəsb edib.
AXCP 2006-ci ildən qərargahsızdı. Bu müddətdə aldığımız qərargahın ağzını belə hakimiyyət qaynaqlı saxlayır. Hazırda istifadə etdiyimiz ofisi bir cəsarətli yoldaşdan kirayə götürmüşük. Sadəcə kirayə. Mümkündür ki, günü sabah ordan da bizi çıxarsınlar. Necə ki, ötən müddətdə dəfələrlə belə hadisələr olub, kirayə tutduğumuz və son dərəcə gizli saxladığımız evdən bizi çıxarıblar, başqa bir yerdə müqavilə bağlamq ərəfəsində onu ləğv ediblər və s.
Bədxahlara isə bir sözüm var: unutmayın, böhtanın toxumu heç vaxt göyərmir.