Dünən ilk dəfə NIDA-çı dostların məhkəməsində oldum.
Təəssüratım: yaxşıdılar, mətindilər…
Mənzərə özü pisdir.
Azərbaycanda çox adam öz yerində deyil. Ağır Cinayətlər Məhkəməsində bu “səhv yerlər” lap qabarıq idi.
O dəmir barmaqlıqlar arxasına haqsızcasına salınan bu cür gənclərin yetişməsi üçün normal dövlətlər əmək sərf edir, arzular qurur. Bizdə isə…
Ancaq təəccüblüdümü? Normal dövlət deyirik, əlbəttə ki, Azərbaycandan danışmırıq.
Bilirsinizmi diqqətimi nə çəkdi?
Məhkəmədə hakim vicdan məhbuslarına “oğlum” deyə müraciət etdi. Bəli, oğlum!
Siftə elə bildim ki, səhv eşidirəm, yanımdakı jurnalistlərdən dəqiqləşdirdəm, yanılmamışdım. Sonra bu ifadə proses boyu bir neçə dəfə də təkrarlandı.
Hətta bir yerdə hakim Rəşadətə elə bir öyüd verdi ki, abır-həya təri məni basdı. Rəşadət müstəntiqləri saxtakarlıqda ittiham edəndə, hakim nəcib səslə təxminən belə dedi: “Oğlum, gəlin çalışaq, etika, ədəb qaydaların qoruyaq. Heysiyyətə toxunmayaq”.
Daha sonra hakim belə bir bəyanat da verdi: “Burada məhkəmə gedir, qanun nəyi tələb edirsə, onu edəcəyik, nəyi etmirsə, onu etməyəcəyik”.
Ilahi, bu cür boz, ürək sıxan tamaşanı seyr etməyə bizi neyçün məhkum etmisən?
Çox keçməyəcək, bu nəcib, etikalı adamların “oğlum” dediklərinə necə zülm etdiklərini görəcəksiniz.
Sifarişlə, qərəzlə, böhtanla insanı həbsə atmaq, onu azadlıqdan məhrum etmək ataya xas cəhətdimi?
Məgər o hakim bilmirmi ki, mühakimə etdiyi Rəşadət üzünü görmədiyi körpə oğlundan sarı təşnədir? Axı ona oğlunu qucağına almaq fürsətini də verməyiblər…
Ümumiyyətlə, qanundan kənar, sifarişlə, ədalətsiz hökm çıxarmaq heç bir etikaya uyğun olmamaqla yanaşı, həm də cinayətdir.
Deyirlər, Firon etdiyi pis əməllərə görə gecələr özünü ayağından asıb, tövbə edirmiş.
Dünən məhkəmədə bu, yadıma düşdü.
Günahsız insanların zindanlarda çürüməsində, mülkiyyətinin əlindən alınmasında, intihara vadar edilməsində əli olan xeyli adamlar var ki, el məclislərində süfrə arxasında oturanda da möhtəşəm çıxışlar edirlər, nəsihətləri əskik olmur, sağlığı ən vacib məqamda onlar deyir və s.
Elmdə bunun adı “şəxsiyyətin ikiləşməsi”dir, işlək nitqdə isə riyakarlıq.
Bu da çox cansıxıcı atmosferdi. Sizə deyim, dünyanın heç yeri belələrindən xali deyil, fəqət özünə hörmət edən dövlətlərdə, cəmiyyətlərdə sözü ilə əməli zidd olan adamları yuxarı başa keçirmirlər.
Indi bizim qarşımızda ciddi vəzifə durur, məşhur “nə etməli?” sualı aktualdı. Yeri səhv düşər adamlarla, lap elə yerlərlə nə etməli? Onların kefinə uyğun həyat tərzi seçməli, yoxsa sahman yaratmalı?
Razılaşın ki, birinci yolu tutanlarımız çoxdu. Ancaq bu, özünü aldatmaqdı. Əcəldən gizlənmək mümkün olmadığı kimi, avtoritarizmdən də gizlənmək olmur. O, hərəni bir yerdə, ən müxtəlif formada yaxalayır. Avtoritar, xüsusən də ideyasız, müəyyən ciddi dəyərə söykənməyən rejimlərdə haqsız cəzaya tuş gəlməyən yoxdur. Ha qılaflan, xeyri yoxdur, payını alacaqsan.
Bəs ikinci yol? Təqdir etdiyim və Azərbaycanı, onun insanını uğura, rifaha aparan yol budur – mübarizə və müqavimət yolu! Bu, asan yol deyil, razıyam. Ancaq bu həyatda asan qazancların hansı yaxşıdır ki? Asan qazanc yolu əksərən dələduzların işidir. Bu yol Soljenitsnın yazdığı kimi, bədən üçün çətin, ruh üçün ən uyğun yoldur.
Bu günün insanı üçün vəzifə müəyyən etmək ixtiyarım olsaydı, bunu yazardım: şərlə barışma, onu dəyişməyə çalış. “Xeyri var?” soruşacaqsınızsa, “bəli” cavabını verirəm. Azərbaycan hakimiyyəti qədər qorxaq və siyasi gücü yerin dibilə sürünən, ictimai dəstəyi az olan hakimiyyətin tökülüb getməsi üçün hamının bir dəfə eyni vaxtda ayağını yerə döyməsi bəsdir.
Yaşayacağıq, bunu da görəcəyik!