Milli Şuraya hücum etmək üçün növbəti bəhanə nə olacaq?
Heç kimə sirr deyil ki, 2013-cü ilin yanvar ayından may ayına qədər Müsavat Partiyası Milli Şuranın yaranmaması, yaranandan bu günə qədər isə onun gözdən salınması üçün külüng çalır. Bir-bir yadınıza salıb, vaxtınızı almaq istəmirəm, amma Milli Şuranı gözdən salmaq üçün bəhanələr tükənmir ki, tükənmir.
İndi də Rüstəm bəy bunları çətinə salıb. Öz aləmlərində yaxşı bəhanələri var idi ki, başqa ölkənin vətəndaşının sədri və ya fəxri sədri olduğu birlikdə qala bilməzlər. Rüstəm bəy sədrlikdən də, fəxri sədrlikdən də istefa verib, bu bəhanəni əllərindən alıb. Amma getmək qərarı da var axı. Söz verilib, iş-işdən keçib. İndi yaxşı bəhanə axtarışına çıxıblar.
Cəmiyyət də bu tərəfdən bunlardan izahat istəyir. Açıq soruşurlar ki, axı bu Rüstəm İbrahimbəyovu müxalifətdən uzaqlaşdırmaq hökumətin istəyi idi. Niyə siz bu hökumətin istəyini həyata keçirirsiniz? Niyə Milli Şuranı dağıtmaq, aşağılamaq istəyirsiniz? Suallara cavab vermək çətindir. Ona görə də öz aləmlərində məharətlə mövzunu dəyişməyə çalışırlar. Guya ki, Milli Şurada Rəsulzadəyə hörmətsizlik olub. Ayıb deyilmi, o boyda tarixi şəxsiyyəti cılız alver məqsədiniz üçün istifadə edirsiz?
Kim Milli Şurada Rəsulzadəni aşağılaya bilər? M.Ə. Rəsulzadənin ən böyük araşdırıcılarından biri Milli Şura sədri Cəmil Həsənli deyilmi?
Əli Kərimli hər fürsətdə Rəsulzadəni bu xalqa izah etmirmi? Açın “youtube”u orada Əli bəyin Rəsulzadə haqda onlarla təsirli çıxışına rast gələcəksiniz. Milli Şurtadakı ziyalılar, KXCP, EL, gənclər və digərləri nə zaman Rəsulzadəyə qarşı çıxıb?
Rüstəm İbrahimbəyova qarşı əsassız hücumların birində yalnız mən bu arqumenti işlətmişəm ki, Rəsulzadə də xaricdə yaşayıb, Rüstəm bəyə qarşı dediklərinizi bəlkə ona da şamil edəsiniz? Ağılı başında olan adamlara aydındır ki, məqsədim heç bir halda böyük Rəsulzadəni aşağılamaq olmayıb, ola da bilməz. Çünki Musavat adı altında indidən 2015-ci ildə mandat alverinə hazırlaşan bəzi partiya funksionerlərindən özümü Rəsulzadəyə daha yaxın bilirəm. Bu arqumenti gətirməklə onu sübut etmək istəmişəm ki, xaricdə yaşayan və ya yaşamağa məcbur edilmiş şəxsiyyətlərimizi “başqa dövlət qarşısında öhdəliyi var” deyib, ləkələmək absurddur.
Bu bəhanə də suallardan yayınmağa kömək etmədi. Açıq danışaq, Milli Şuraya hücum etmək üçün növbəti bəhanəniz nə olacaq? Nə istəyirsiniz bu Milli Şuradan? Hökuməti məmnun etməkdə məqsədiniz nədir?