Sabah mitinqdir.
Inanmıram ki, qəzet oxuyan adam Milli Şuranın sabahkı mitinqinin vacibliyini başa düşmək, bu haqda izahat istəmək ehtiyacı duysun.
“Molla Nəsrəddin” yazırdı ki, sözünü səni eşitməyən adamlara de. Bu məqalə də, qəribə görünsə də, daha çox qəzet oxumayanlara həsr edilir.
Sabahkı mitinq zərurətdən yaranıb. Onun keçirilməsi üçün kifayət qədər ciddi sosial-siyasi səbəblər var.
Ölkədə hakimiyyət qəsb olunub, bu, xalqa qarşı ən ağır cinayətdir.
Ölkədə heç bir ciddi iqtisadi əsaslandırma, səbəb olmadan yanacağın qiyməti qaldırılıb.
Hər iki hal vətəndaşların həyat şəraitinin ağırlaşmasına səbəbdir. Belə hallar hiddət doğurmaya bilməz. Istər saxtakarlıq, istərsə də bahalaşma insanlarımızda qəzəb doğurub. Indi qalır onun mədəni və səmərəli formada nümayişi. Bunu edə biliriksə, heç kim əziyyət çəkib mitinqləri və başqa kütləvi aksiyalrı gözdən salmasın. Belə cəhd “pişik və əlçatmaz ətlə” bağlı məsələ uyğundur.
Gələk, mitinqə…
Adamlara “mitinqə gəl” çağırışını edəndə ən çox hansı cavabı eşidirsiz?
Yəqin ki, belə: “Əşi, nə xeyri var?”
Mən başa düşürəm ki, belələrinin çoxu “patoloji inamsızlıq” xəstəliyindən əziyyət çəkirlər. Məsələn, sizə bir qohumumdan danışım. O, kənddə yaşayır. Nə vaxt görüşürük, siyasətdən mənə məruzə edir. Məruzə də əsasən bir fikirdən ibarətdir; bizdə heç nəyin xeyri yoxdur, hakimiyyət dəyişən deyil. Qohumumdan soruşuram ki, qardaş, bunu hardan bilirsən, axırıncı dəfə hansı yerli və ya xarici qəzeti oxumusan? Heç birini. Axırıncı dəfə hansı siyasi ədəbiyyatı oxumusan? Heç birini. Axırıncı dəfə hansı siyasətçi ilə həmsöhbət olmusan? Heç kimlə. Bəs hansısa siyasi diskussiyanın iştirakçısı, izləyicisi olmusanmı? Yox. Cəhənnəm, bəs internetdə-filanda olursanmı? Yenə yox…
Və bu qədər “yox”ların qarşılığında mən ərəb dünyasından üzü bəri, qonşularımız Gürcüstan, Ermənistan, Irana qədər hər yerdə baş verən hakimiyyət dəyişikliklərindən söz açıram. Çalışıram izah edəm ki, Azərbaycan da dünyanın bir hissəsidir, bu ölkə əlahiddə deyil, təbiətin, cəmiyyətin universal qanunları burada da işləkdir, geci-tezi var, sadəcə. Xeyri nədir, qohum deyir: yox e, bizdə mümkün deyil.
Belə adamları bir kənara qoymaq lazımdır.
Başqaları ilə danışmağa, özü də dəfələrlə danışmağa ehtiyac var. Insanları çox qınamaq olmaz, onlar ciddi xof altındadır, üstəlik, siyasi savadsızlıq hökm sürür.
Ondan başlayaq ki, mitinqin xeyri nədir? Siz istənilən, hətta ən inkarçı mitinq iştirakçısından soruşa bilərsiniz, bu bir həqiqətdir, kütləvi aksiyadan sonra insanlar qəribə bir psixoloji rahatlıq yaşayır. Aksiya enerjilərin coşduğu yerdir, burada insan çox ciddi şəkildə stress atır, akkumulyasiya edir. Bu, aksiyanın necə deyərlər, bədii tərəfi.
Ikincisi, avtoritar rejimləri heç nə kütləvi aksiyalar qədər islah edib tərbiyələndirmir. Aksiyalar qədər hakimiyyətlərin tamahını, qudurğanlığını cilovlayan başqa bir vasitə yoxdur.
Ən kövrək mitinq belə, hakimiyyətin özünə çəki-düzən verməsinə səbəbdir.
Biz konkret halda, sabahkı mitinqlə bağlı danışırıqsa, konkret gözləntilər nə ola bilər?
Düşünün ki, sabahkı mitinqdə yüz min adam iştirak edir. Yüz min insan! Niyə də olmasın? Məgər Azərbaycandakı balalaşmadan, ədalətsizlikdən, qudurğanlıqdan yüz min adam narazı deyil? Bu qədər adam “bəsdir”i evində yox, gəlib meydanda desin. Onda görək indiki təkəbbürlü hakimiyyətdən əsər-əlamət qalacaq, ya yox? Bu qədər insanın bir yerə cəm olması həm də avtomatik, cəmiyyətdə özünə inamı bərpa edəcək. Birlik gücə güc qatır. Öz əzəmətini görən insanlar daha haqsızlığı da rahat həzm etməyəcək, hüquqları uğrunda qətiyyətli olacaq.
Əmin olun, meydanın əzəmətinə hakimiyyətin ilk cavabı Ilham Əliyevin çıxıb “benzinin bahalaşmağından mənim xəbərim olmayıb” deməsi olacaq, yaxud əməkhaqlarının artırılması.
Ən pis halda, yaxşı bir mitinq yanvarda hakimiyyətin növbəti bahalaşma qərarlarının qarşısını kəsəcək.
Vəziyyət bax, belədir, gerisi sizlikdir.